Rusiya, Çin, İran ABŞ-ın yeni şəbəkəsinə doluşub - “Wall Street Journal”

28-07-2023, 00:34           
Rusiya, Çin, İran ABŞ-ın yeni şəbəkəsinə doluşub -
ABŞ-ın “Meta” texnologiya şirkəti heç bir ay deyil “Threads” (“Sreds”) adlı yeni sosial şəbəkə qurub. “Wall Street Journal” qəzeti yazır ki, şəbəkə işə düşən kimi Rusiya, Çin, İran hökumətlərinin nəzarətində olan media resursları “Threads”ə doluşaraq oradan saxta xəbər yaymaq üçün istifadə etməyə başlayıb.

Novator.az-ın məlumatına görə, qəzet bildirir ki, “Meta”nın idarə etdiyi digər şəbəkələrdən (“Facebook”, “İnstagram”) fərqli olaraq “Threads”də dövlət nəzarətindəki informasiya resurslarının hesabları xüsusi işarə ilə seçdirilmir və bu, avtoritarlara yeni platformada köhnə əməllərlə məşğul olmaq, yəni dezinformasiya yaymaq üçün münbit şərait yaradır.

Rusiyanın RT telekanalı və “Sputnik” agentliyinin, Çinin CGTN telekanalı və “Sinxua” agentliyinin, İranın “Fars News” agentliyinin “Threads”dəki hesablar vasitəsilə yaydığı dezinformasiyalardan konkret misallar gətirən “Wall Street Journal” həmin hesabların bir neçə günə ümumilikdə 300 minə yaxın abunəçi topladığını da qeyd edir. Həmin resursların hesablarının “Threads”də dövlətdən maliyyələşən mənbələrin hesabları kimi işarələnməməsinin ciddi narahatlıq doğurduğunu vurğulayan qəzet Rusiya, Çin və İranın yeni şəbəkədə hətta saxtalığı çoxdan sübuta yetirilmiş informasiya və videoları yaymaqdan çəkinmədiyini bildirir.

“Wall Street Journal” yazır ki, “Facebook” və “İnstagram” platformalarında dövlətə məxsus media qurumlarının hesablarının xüsusi işarə ilə seçdirilməsinə 2020-ci ildən başlanıb. Belə seçdirmə xəbərdarlıq xarakteri daşıyır və istifadəçiyə həmin hesablarda yayılan materialların dövlət, hökumət maraqlarına xidmət edə biləcəyini xatırladır. “Wall Street Journal” işarələmə üsulunun dezinformasiyaları təsirdən salan əsas vasitələrdən biri kimi özünü doğrultduğunu qeyd edir.

Bəs “Facebook”, “İnstagram” şəbəkələrində işarələmə sistemindən yararlanan “Meta” şirkəti niyə “Threads” platformasında bunu etmir? “Wall Street Journal”ın ekspertlərdən aldığı cavaba görə, Mark Suxerberqin başçılıq etdiyi “Meta” şirkəti “Threads” platformasını bu yaxınlarda digər amerikalı milyarder İlon Maskın rəhbərliyi altına keçmiş “Tvitter” şəbəkəsinə alternativ kimi yaradıb. Suxerberq Maskın “Tvitter”i yeniləyib genişləndirmək planından xəbərdar olduğu üçün “Threads”i tələm-tələsik, hələ bütün xidmətlər, o cümlədən moderasiya funksiyaları hazırlanmamış istifadəyə buraxıb.

Qəzetin sorğusuna “Meta”dan verilən cavabı ekspert rəyinin təsdiqi saymaq mümkündür. “Meta”nın mətbuat katibi deyib ki, tezliklə “Threads”də dövlətin nəzarət etdiyi media resurslarının hesablarının xüsusi işarə ilə seçdirilməsinə başlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.