“Sərhədlərin müəyyənləşməsində 1975-ci il xəritəsinin istifadəsinə razılaşsaq...

28-07-2023, 17:57           
“Sərhədlərin müəyyənləşməsində 1975-ci il xəritəsinin istifadəsinə razılaşsaq...
“Sərhədlərin delimitasiya və demarkasiyası prosesində hansı ilin xəritəsindən istifadə olunması məsələsi çox ciddi və eyni zamanda çox absurd məsələdir. Bax, burda paradoks var. Çünki fəlsəfənin forma və məzmun sillagizmi var. Biz həmişə, hər şeydə forma axtarırıq; sülh sazişi bağlansın, Xankəndində bayrağımız dalğalansın, 7 kəndimiz də azad olunsun və s. Bu, emosionallıqdan doğulan forma axtarışlarıdır. Biz bu yolla getməməliyik. Məzmun axtarmalıyıq. Bizim üçün sülh sazişinin harada, kim tərəfindən, kimin vasitəçiliyi ilə imzalanacağı önəmsiz olmalıdır. Bizim məqsədimiz sülhdür, sabitlikdir. Yəni, məsələn, öğlumuzu ət almağa göndərəndə bizim üçün övladımızın həmin əti kimdən, haradan alması önəmsizdir, əsas olan ətin keyfiyyətidir. Bu baxımdan biz praqmatik olmalıyıq...”

TEREF.AZ bildirir ki, bu fikirləri Moderator.az-a açıqlamasında araşdırmaçı jurnalist Elçin Alıoğlu “Sizcə, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesində hər iki ölkənin 1918-1920-ci illərdən bəri mövcud olmuş hansı xəritələrindən istifadə daha optimal hesab olunmalıdır?”- sualını cavablandırarkən dilə gətirib.

“Ermənilərin tələbi budur ki, sərhədlərin delimitasiya və demarkasiyasında 1975-ci ildə Rusiya ordusu Baş Qərargahı tərəfindən tərtib olunmuş və həmin qurumun baş arxivində saxlanılan xəritədən istifadə olunsun. Burada 3 sual yaranır: nəyə görə biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsində məhz bu xəritədən istifadə etməliyik? Həmin xəritə apriori olaraq dünya birliyi tərəfindən tanınıb, BMT-də qeydiyyata alınıbmı? Yoxsa Azərbaycan bununla razılaşıb?..

Məsələ ondadır ki, 1975-ci ilə qədər Azərbaycan-Ermənistan sərhədinin perimetri boyunca hər il ərazinin bir hissəsi Moskvanın istədiyi kimi demarkasiya edilib. Yəni biz 1975-ci il xəritəsinin istifadəsinə razılıq versək, uduzacağıq. Çünki anklavlar da 1920-ci ilin noyabrından bu yana müəyyənləşib və Ermənistana verilib...

Sizə dırnaqarası bir “sirr” də açım: Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı ayıran həmin Zəngəzur dəhlizinin uzunluğu bu gün 42,6 km-dir. Amma 1920-ci ilin noyabırınadək həmin ərazi vur-tut 2 km olub. Ermənilər həm o tərəfdən, həm bu tərəfdən ərazilərimizi peşkəş alaraq bu dəhlizi süni şəkildə uzadıb-yaradıblar. Odur ki, bu dəhliz də absurddur”, - deyə şərhçi əlavə edib.

“Bir sözlə, 1975-ci il xəritəsi Rusiyanın göstərişidir. Çünki Moskva danışıqlarda əsas moderator olmaq istəyir. Lavrovun Moskvada iyulun 25-də keçirilmiş görüşdə də əsas məqsədi buna yönəlmişdi. O həm də həyasızcasına sülh müqaviləsinin Moskvada imzalanacağına işarə edərək sammitin orada keçirilməsini təklif edir. Etsin, bizim üçün problem deyil... Rusiyanın Azərbaycandakı təsir rıçaqları bu dəqiqə sıfıra bərabərdir. Bu gün Kreml heç Ermənistana da təsir edə bilmir. Çünki Paşinyan Moskvada görüşün keçirildiyi vaxt İrəvandakı brifinqində belə bir ifadə işlətdi: “Bundan sonra Rusiya çarına məktub yazmaq praktikasına son qoymalıyıq. Biz bütün dərdlərimizin dərmanını Rusiyada axtarmamalıyıq. Bax, bu, çox önəmli bir açıqlamadır... İkinci açıqlama ondan ibarətdir ki, Qarabağdakı ermənilərin təhlükəsizliyini Ermənistan təmin edə bilməyəcək. Üçüncü açıqlama isə odur ki, Qarabağdakı haykların müstəqilliyini heç vaxt heç bir ölkə tanımayıb və tanımayacaq... Yəni Rusiyanın bundan sonrakı çabaları boş söhbətlərdir... 1975-ci il xəritəsini tələb edirlərsə, kontr-arqument kimi biz də,- 1902, 1918, 1919, 1920, 1921-ci illərə dair cəmi 64 xəritə var, - onların hamısını Ermənistan və Rusiyanın qarşısına qoymalıyıq...

Aleksandr Dümanın Qafqaza zamanı Fransa imperiyasının çəkdiyi, Britaniya imperiyasının çəkdiyi xəritələr var. 1918-ci ildə Bakıda “Sentrokaspi” diktaturasının hakim olduğu zaman ingilis general Denstervilin göstərişi ilə çəkilmiş xəritələr, Azərbaycan Xalq Cümhuriyyətinin xəritələri, Millətlər Liqasının xəritələri var. Və s. və i.a. Belə olan halda biz nədən 1975-ci il xəritəsini götürməliyik? Əgər vicdanı varsa, cənab Lavrov olan-qalan ağlını cəmləyərək, buyursun, bu suala da cavab versin”, - deyə araşdırmaçı vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.