Böyük biznes şəbəkələrinin troll şəbəkəsi neçə çalışır…- “Veysəloğlu”, “Qayalı” nümunəsi…

29-07-2023, 00:03           
Böyük biznes şəbəkələrinin troll şəbəkəsi neçə çalışır…-
Müasir zəmanədə tənqidçi jurnalistlərin işi həqiqətən çətindir. Hətta balaca bir yerdən, orta səviyyəli məmurdan belə tənqid yazan kimi, müxtəlif təzyiq vasitələri ilə həmin yazını sildirmək istəyirlər. Balaca ilişkən olan hər bir şəxsi axtarıb tapıb, səndən xahiş etdirirlər. Oğulsansa, belə balaca ölkədə, bütün bunların qarşısında duruş gətir.
Müasir jurnalistikada məsələnin başqa görünməyən və jurnalistlər üçün ağır olan bir tərəfi də var. Bu da müasir sosial şəbəkə alətləri vasitəsilə vətəndaşların jurnalistlə birbaşa təmasa girmək, təsir göstərmək, hətta söymək imkanlarından qaynaqlanır. Təbiidir ki, jurnalist öz tənqid məhsulunu sosial şəbəkədə paylaşır.
Hər şey bundan sonra başlayır. Söhbət media mənsubunun üzləşdiyi total troll hücumundan gedir. Əvvəl belə troll hücumları ilə dövlət qurumlarına yönələn tənqidi postlarının altında rastlaşırdıqsa, hazırda bu metoddan böyük biznes strukturları istifadə edir.
Bugünlərdə jurnalist dostlarımızdan biri “Veysəloğlu” şirkəti ilə bağlı normal bir videosüjet hazırlamışdı. İçində yüngül tənqid notları da vardı. Həmin paylaşımın altında yazılan minlərlə şərh məni təəccübləndirdi.
Dəxli olan-olmayan epitetlərlə həmin şirkətin prezidenti - Aydın Talıbovun şəninə təriflərin yağdırıldığını gördüm. Adamı bir sual düşündür: yəni əhali doğrudanmı monopolist mövqeyi ilə seçilən hansısa şirkətdən kütləvi olaraq belə razıdır?
Ancaq tərifləri və müəllifi qınayan şərhləri dərindən analiz etdikdə, bir rabitəsizlik, məntiqsizlik ortaya çıxır. Deməli, belə qənaətə gəlirik ki, bu proses hansısa vahid mərkəzdən idarə olunur.
Belə bənzər bir hadisə mənim də başıma gəldi.
Son vaxtlar ölkənin müxtəlif ərazilərində öz şəbəkəsini genişləndirən “Qayalı” marketin Sumqayıtdakı filiallarından birindən hazırladığımız reportaja da anoloji tərzdə reaaksiya verilir.
Bir neçə saat ərzində 200 mindən çox baxış yığan həmin videonun altında 700-ə yaxın şərh yazılıb. Şərhlərin əksəriyyətində “Qayalı” və onun rəhbəri təriflənir. Ancaq bizə edilən birbaşa telefon zəngi edən şəxslər konkret olaraq, həmin marketdən şikayətlər edirlər.
Hətta Şamaxıdan zəng edib, bizə şikayətini bildirən Qarabağ müharibəsi veteranı “Qayalı”nın həmin rayondakı filialında vəhşicəsinə döyüldüyünü sübut edən fotoları, xəsarət aldığına dair sənədləri göndərib. Zəng edən onlarla başqa şəxslər mağazalar şəbəkəsindən verilən çeklərdə ƏDV-ni ala bilmədiklərini bildirirlər. Sadəcə, müzakirələrdə yaradılan süni tərif bolluğu bir çox adamları dərdini məhz orada ifadə etməkdən çəkindirir. Təbiidir ki, bizə yaradılan süni şərh preysinqinə baxmayaraq, ünvanlanan bütün şikayətləri ictimailəşdirəcəyik.
Böyük biznes subyektlərinin troll mexanizmi aşağıdakı qaydada işləyir. Adətən, belə biznes subyektlərinin sahiblərinin fərqli sahələri əhatə edən çoxlu sayda işləri olur. Bu subyektlərdə xeyli sayda vətəndaş çalışır. Onların əksəriyyətinin adını özlərinin vatsap qruplarına əlavə edirlər.
Belə yazılar və ya videolar olanda, atırlar həmin qruplara və tabeçiliklərində olan işçiləri zorla trolluğa sövq etdirirlər. Tam məsuliyyətilə deyə bilərik ki, istər “Veysəloğlu”nun, istərsə də “Qayalı”nın jurnalistlərə təzyiq göstərməyə çalışan troll şəbəkəsi eyni prinsiplərlə çalışır. Hər iki qurumda çalışan bir neçə kassir, nəzarətçi bizimlə söhbətlərində trolluq etməkdən bezdiklərini deyirlər.
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.