Atatürk bu böhranı necə həll edərdi: "İqtisadi azadlıq olmadan siyasi azadlıq olmaz"

31-07-2023, 00:12           
Atatürk bu böhranı necə həll edərdi: "İqtisadi azadlıq olmadan siyasi azadlıq olmaz"
Mustafa Kamal Atatürk
Atatürkün iqtisadi iflasa uğramış dövləti yenidən qurmaq cəhdləri heç bir ideoloji təlimə söykənmir. O, yalnız Osmanlı imperiyasının dağılmasının səbəblərini çox gözəl təhlil edirdi. O, süquta səbəb olan iqtisadi amillərə diqqət yetirib. Atatürkün iqtisadi siyasətini anlamaq üçün Türkiyə Cümhuriyyətinin iqtisadi vəziyyətinə baxmaq lazımdır.
Cümhuriyyətin ələ keçirdiyi iqtisadiyyat heç dəyişməmişdi, Osmanlı İmperiyası kənd təsərrüfatı cəmiyyəti idi. Cümhuriyyətin ilk illərində kənd təsərrüfatına əsaslanan iqtisadiyyat davam edirdi. Ona görə də Atatürk əkinçiliklə bağlı siyasətlər həyata keçirməli idi və belə də oldu. Kənd təsərrüfatında istehsal primitiv üsullarla həyata keçirilirdi. Kəndlilər tarlalarında yetişdirdiklərini özləri yeyirdilər. Məhsulların bazarlara çatdırılması üçün heç bir mənbə olmadığından şəhərlər ərzaq ehtiyaclarını ancaq ətraf rayonlardan ödəyə bilirdilər. Dəmir yolu çox pis idi, hətta ən yaxşı magistral yollarda belə, ancaq öküz arabaları ilə işləyirdi. Daxili və xarici ticarətin demək olar ki, hamısı azlıqların əlində idi. Xarici dövlətlərin əldə etdiyi bu güc Anadoluda sənayenin yaranmasına mane olurdu. Türklərin sənaye məhsullarına olan tələbatı da idxal hesabına ödənilirdi. Bunlar fındıq, kişmiş, əncir və tütün kimi məhdud sayda kənd təsərrüfatı məhsulları idi.

Atatürk İzmir İqtisadiyyat Konqresində iqtisadi siyasətlə bağlı fikirlərini bildirmişdi. Qurultayın açılışında Atatürkün iqtisadiyyatla bağlı nitqi öz dövrünü çox qabaqlamışdı və hələ Cümhuriyyət elan edilməmiş belə bir qurultayın çağırılması böyük uzaqgörənliyin simvolu idi. Atatürk iqtisadiyyatı iki anlayış üzərində millilik və tam müstəqillik üzərində qurulmuşdu. Qeyd edək ki, bu prinsiplər zamanla dəyişib formalaşıb.

Atatürk iqtisadiyyatın əhəmiyyətini bu sözlərlə ifadə edir: "Bir millətin həyatı ilə bilavasitə bağlı olan o xalqın iqtisadi vəziyyətidir. Tarixin və təcrübənin süzgəcindən keçmiş bu həqiqət milli həyatımızda və milli tariximizdə özünü tam şəkildə göstərmişdir. Həqiqətən də türk tarixi araşdırıldıqda onun tənəzzül və süqutunun səbəblərinin iqtisadi problemlərdən başqa bir şey olmadığı dərhal başa düşülür".

İqtisadiyyata lazımi qiymət verilməməsinin yeganə səbəbi kimi isə, Osmanlı İmperiyasında milli idarəçiliyin olmaması olduğu qeyd edilirdi. Atatürk iqtisadi sahədə qərarları millətin verməli olduğunu düşünürdü. Ona görə də İqtisadiyyat Qurultayında qəbul ediləcək qərarların xalq tərəfindən qəbul edilməsini məqsədəuyğun hesab edib. Bu prinsiplə bütün vilayətlərdən xalqın nümayəndələri də qurultayda iştirak edirdilər.

İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməyəcəyini bildirən Atatürk bu cümlələri demişdi: “Tam müstəqillik üçün belə bir prinsip vardır: Milli Suverenlik. O, həm də iqtisadi üstünlüklə gücləndirilməlidir. Siyasi və hərbi zəfərlər nə qədər böyük olsa da, iqtisadi qələbələrlə taclandırılmasa, qazanılacaq uğurlar yaşaya bilməz və qısa zamanda yox olar”.

Qurtuluş Savaşını qələbə ilə başa vuran Atatürk bu uğurunu Lozannada sübut edəcəyini düşünürdü. Lakin o, imperialist ölkələrin iqtisadiyyatda istismarını davam etdirmək üçün təzyiqləri ilə üzləşdi. Bu inkişaflar Atatürkün iqtisadi siyasətlərini təyin etmək baxımından çox əhəmiyyətlidir.

Atatürk izah etməyə çalışır ki, imperialistlərin Osmanlı imperiyasına qoyduğu imtiyazlar ölkəni müstəmləkəyə çevirib. Atatürk deyirdi ki, “Vətəndaşlarına qoyduğu vergini əcnəbilərə tətbiq edə bilməyən dövləti, öz gömrük rüsumlarını və bütün növ vergi prosedurlarını tənzimləmək hüququndan məhrum olan dövləti; öz yurisdiksiyasını öz qanunlarına uyğun olaraq əcnəbilərə tətbiq etmək imkanından məhrum olan dövləti müstəqil adlandırmaq olmaz. Dövlətin, millətin həyatına müdaxilə bundan da çoxdur. Dövlət, millətin iqtisadi ehtiyaclarından olan dəmir yolu tikintisi, məsələn, fabriklərin tikintisi kimi məsələlərdə azad deyildi. Beləliklə, nəyisə başlamağa cəhd edəndə, nə olursa olsun, xaricilər işə qarışırdı.

Özünü ayaqda saxlaya bilməyən dövlət müstəqil ola bilərmi?
Cümhuriyyətin ilk illərində özəl sahibkarlığa verilən üstünlük 1932-ci ildən sonra dövlətçilik siyasəti ilə əvəz olundu. Buna səbəb kifayət qədər kapitala malik olmayan özəl müəssisənin bu işin öhdəsindən təkbaşına gələ bilməyəcəyi düşüncəsidir. 1923-1932-ci illər özəl sahibkarlığın prioritet təşkil etdiyi siyasətin həyata keçirilməsi dövrü idi. Bu dövrdə dövlət iqtisadiyyata müdaxilə etdi. Bu müdaxilələr inhisarları imtiyazlı şirkətlərə paylayırdı.

İş Bankı 1924-cü ildə yaradıldı. Bununla belə, hökumət yerli kapitalist sinfini inkişaf etdirməyə hazır olduğunu göstərdi.

1927-ci ildə qüvvəyə minən Təşviq-i Sənaye Qanunu özəl yerli sənaye üçün geniş qorunma və istisna imkanları təmin etdi. Xüsusilə, bu qanunun özəl sənayenin inkişafında çox mühüm rolu var. 1915-ci ildən qalan inhisar və fabriklər 1925-ci ildə qurulan Sanayi və Maadin Bankı tərəfindən ələ keçirildi. Ölkədə Mərkəzi Bankın olmaması və bütün əməliyyatları Osmanlı Bankının həyata keçirməsi dövlətin pul siyasətini həyata keçirməsinə və ona nəzarət yaratmasına imkan vermirdi. Osmanlı bankı İzmir İqtisadiyyat Konqresində dövlət üçün mühüm gəlir mənbəyi olan “aşar” vergisinin (Osmanlı dövründə kəndlilərin istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün 10% vergi) ləğvi dövləti də mühüm gəlirdən məhrum etdi. İdxalçılar isə külli miqdarda idxal etdilər və 1923-cü ildən bəri daimi kəsirdə olan xarici ticarət balansındakı kəsir getdikcə daha da artdı. Ödənilməyə başlayan Osmanlı borcları da bu vəziyyəti daha da pisləşdirdi. Belə ki, 1929-cu ildə Türk lirəsinin xarici dəyərində sürətlə ucuzlaşma baş verdi. Elə həmin il ABŞ-da başlayan və bütün dünyaya yayılan Böyük Depressiya nəticəsində dünya iqtisadiyyatı çökdü.

Atatürkün tətbiq etdiyi “dövlətçilik”lə bağlı açıqlamaları belədir: “Tətbiq etdiyimiz etatizm prinsipi kommunizm və kollektivizm kimi bütün istehsal və bölgü imkanlarını fərddən alan, millətin bütün məsələlərini idarə etməyi hədəfləyən, iqtisadiyyat sahəsində şəxsi sahibkarlığa və fərdi fəaliyyətə imkan verməyən bir sistem deyil”.

Ulu öndərin çox rasional və realist yanaşması var idi. Təsvirlər də bunu göstərir. 1929-cu il böhranı Türkiyənin çatışmazlıqlarını üzə çıxardı. Belə ki, kapital az və qeyri-kafi idi. Ona görə də dövlət iqtisadiyyatı yönləndirmək əvəzinə özünə investisiya qoymalı idi.

Atatürk də bu dönəmdə lazım olanı etdi. 1930-cu ildə Türk lirəsinin dəyərdən düşməsinin qarşısını almaq üçün Türk pul vahidinin dəyərinin qorunması haqqında qanun, eyni ildə ticarəti tənzimləmək məqsədi ilə Ticarətdə Aldatma və İxracata Nəzarət və Qorunma Qanunu qəbul edildi. 1930-cu ildə Mərkəzi Bank quruldu, 1933-cü ildə isə Sümerbank-ın təsis qanunu qəbul edildi və dövlət tərəfindən qurulacaq sənaye üçün layihələr və maliyyə təmin edildi.

20 aprel 1931-ci ildə Mustafa Kamal Atatürk Cümhuriyyət siyasətinin əsasını təşkil edən 6 prinsipi bəyan etdi. Bunlar cümhuriyyətçilik, millətçilik, xalqçılıq, dünyəvilik, dövlətçilik və inqilabçılıq idi. Bu prinsiplərin bəyan edilməsindən az sonra o, etatizmə əsaslanan iqtisadi siyasəti gündəmə gətirdi. Bu siyasətin məqsədi planlı sənayeləşmə idi. Beşillik Sənaye Planı ilə Türkiyə inkişaf etməkdə olan ölkələr arasında planlı inkişafla məşğul olan ilk ölkə oldu.

1932-ci ilin mayında Sovet İttifaqı ilə 8 milyon dollarlıq faizsiz, 20 illik kredit müqaviləsi imzalandı. Bu, Türkiyə üçün ilk borcdur və bundan sonra 25 il ərzində heç bir borçlanma qeydə alınmayıb. Bu kredit həm də şəkər və toxuculuq fabrikləri üçün sovet materialı üçün istifadə edilməli idi.

Layihəni və planın maliyyələşdirilməsini Sümerbank öz üzərinə götürdü. Əslində, bu plan yerli məhsulların emalını nəzərdə tutmuş, 6 yarımsənaye qrupunun (kimya, kağız-selüloz, mədənçıxarma, toxuculuq, keramika, dəmir-polad) istehsalı da hədəflənmişdi.

Birinci Sənaye Planının icrası davam edərkən, Atatürkün göstərişi ilə 1936-cı ildə ikinci sənaye planının hazırlanmasına başlanıldı.

Bununla belə, II İkinci Dünya Müharibəsi ilə plan bir az dəyişdi, “İqtisadi Müdafiə Planı”na keçdi.

Atatürkün başlatdığı dövlətçilik siyasəti tədricən öz təsirini itirmiş və 1945-ci ildən sonra bu siyasətdən imtina edilmişdi.

Atatürkün ağıllı gedişləri ilə yoxdan yaratdığı təcrübələrin uğurunun Osmanlı imperiyasının miras qoyduğu borc bataqlığında ilişib qalmış dövləti qlobal böhrandan xilas etdiyi göz qabağındadır.

1929-cu ildə baş verən iqtisadi böhran nəticəsində bütün dünya depressiyaya düşərkən Türkiyə 1930-cu illərdə milli sənayeləşmə hərəkətinə başlamış və qısa müddətdə illik orta hesabla 3,5 faiz, 1933-1939-cu illər arasında isə 8,1 faiz artım əldə edib. O, Osmanlı İmperiyasından bəri davam edən imtiyazlı xarici şirkətləri ləğv edərək, ticarət balansının kəsirini bağladı və dəmir yollarını milliləşdirdi.

Türkiyə iqtisadiyyatında böyük yeri olan “Sümerbank”, “Etibank”, “Dənizçilik Bankı” kimi banklar quruldu və Türkiyə sənayesinin əsasları mümkün qədər inkişaf etdirildi. Bütün dünya iqtisadi böhranla mübarizə apararkən, Atatürk Türkiyənin sənayeləşən bir cəmiyyətə çevrilməsinə kömək edən böyük lider və siyasi dahi idi.

Tərcümə: İlahin, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.