Qubad İbadoğlu həbs olunmasaydı... - Çində beyin mərkəzlərinin toplantısında Azərbaycanı təmsil edəcəkdi

1-08-2023, 16:00           
Qubad İbadoğlu həbs olunmasaydı... -
Avqustun 1-də Nərimanov rayon Məhkəməsində Britaniyanın İqtisadi və Siyasi Elmlər Məktəbinin azərbaycanlı professoru Qubad İbadoğlunun ev dustaqlığına buraxılması üçün vəkilinin verdiyi vəsatətə baxılıb. İstintaq getdiyinə görə məhkəmə prosesi qapalı keçirilib.
Qapalı keçirilən məhkəmə prosesində Qubad İbadoğlu özü də iştirak edib. Həm Qubad İbadoğlu, həm də vəkili Zibeydə Sadıqova onun həbsdə saxlanması üçün heç bir əsas olmadığını vurğulayıblar. Həmçinin onun səhhətindəki problemləri məhkəmənin nəzərinə çatdırıblar. Vəkil bunu təsdiqləyən tibbi sənədləri hakimə təqdim edib. Zibeydə Sadıqova bildirib ki, müvəkkili şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. O, azadlıqda olanda gündəlik bir neçə dərman qəbul etməklə yanaşı, həm də dietik yeməklər, idmanla məşğul olmaq, hər gün 10 kilometr yerimək hesabına xəstəliyi nəzarətdə saxlaya bilirdi. Lakin kamera şəraitində bunu etmək mümkün deyildi. Bu üzdən həbsdə saxlanması onun səhhətinə mənfi təsir göstərir.

Qubad İbadoğlu həm də elmlə məşğul olduğunu, elmi məqalələrinin, tədqiqatlarının yarım qaldığını bildirib. Qubad İbadoğlu əlavə edib ki, özünü qətiyyən təqsirli bilmir, onun saxta pulla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən hüquqi müstəvidə mübarizəsini sona qədər davam etdirib, bəraət almaqda israrlıdır: “Mənim istintaqdan, məhkəmədən yayınmaq, qaçıb gizlənmək niyyətim yoxdur. Əksinə, mən həqiqətin üzə çıxmasında, bəraət almaqda maraqlıyam”. Lakin məhkəmə onun ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməyib.

Vəkil Zibeydə Sadıqova Bizimyol.info xəbər portalına bildirib ki, Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək: “Qubad İbadoğlunun qapalı şəraitdə saxlanması onun həm elmi fəaliyyətinə, həm də səhhətinə kəskin şəkildə mənfi təsir göstərir. Onun istintaqdan yayınmaq niyyəti yoxdur. Nə vaxt istintaqa çağırılarsa, gedəcək. O, uzun illərdir xaricdə yaşadığına, Amerika, Britaniya universitetlərində dərs dediyinə görə həkimləri də xaricdə idi. Biz onun xaricdəki həkimlərindən səhhətindəki problemlərlə bağlı sənədləri almışıq. Məhkəməyə də təqdim etdik. Təəssüf ki, nəzərə alınmadı. Apellyasiya məhkəməsinə də təqdim edəcəyik”.

Vəkil əlavə edib ki, Qubad İbadoğlunun həbsdən buraxılması onun sağlıq durumuna müsbət təsir göstərməklə yanaşı, həm də elmin inkişafı üçün faydalı ola bilər: “Qubad İbadoğlu elm adamıdır, tədqiqatlarla məşğuldur. O, çox narahatdır ki, orada vaxt itirir. Deyir ki, avqustun 15-16-da Çində keçiriləcək beyin mərkəzlərinin toplantısında Azərbaycanı təmsil etməliydi. Sənədləşmə işlərilə əlaqədar onun pasportu da səfirlikdə qalıb”.

Qubad İbadoğlu ailə üzvlərilə telefonla əlaqə saxlasa da, hələ görüşə bilmir. Vəkil əlavə edib ki, bununla əlaqədar müvafiq orqanlara rəsmi qaydada müraciət olunub. Qubad İbadoğlu iyulun 23-də həyat yoldaşıyla birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. saxlanılıb. Ertəsi gün onun barəsində Nərimanov rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən 40 min dollar pul tapılıb. Həmin pulların saxta olduğu bildirilir. Lakin Qubad İbadoğlu ittihamı qəbul etmir, həmin pulların ona heç bir aidiyyəti olmadığını, ittihamın saxta olduğunu, sifarişlə həbs edildiyini bildirir. ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Həmin dörd nəfərin adları (Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyev) ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan sözügedən dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni ittiham ittiham irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.