Bakıda "susuz" qalan şahmatçının həyat yoldaşı ittihamlara cavab verib

4-08-2023, 12:27           
Bakıda "susuz" qalan şahmatçının həyat yoldaşı ittihamlara cavab verib
ABŞ-ın şərəfini qoruyan yaponiyalı şahmatçı Hikaru Nakamuranın Bakıda oteldə susuz qalması barədə dünya mətbuatı da yazmışdı. FİDE Dünya Kuboku üçün paytaxtımıza gələn qrossmeyster hətta ayaqyolunda da su olmadığını yazmış, istehza ilə bunu “əla başlanğıc” adlandırmışdı. Əlbəttə, Nakamuraya sonradan su verilmişdi. Amma qalmaqal başqa mərhələyə keçmişdi. Sosial mediada qrossmeysterin həyat yoldaşının erməni olduğu yazılmışdı, ittihamlar bir-birini əvəz etməyə başlamışdı. Guya Atusa Purkaşiyanın məsələnin belə böyüdülməsində xüsusi rolu var.
Bizimyol.info xəbər verir ki, İranı təmsil edən şahmatçı sosial media hesabında məsələyə aydınlıq gətirməli olub. O, erməni olmadığını yazıb. “İndicə eşitdim ki, bəzi insanlar şayiələr yayıb, məsələni dramatikləşdirməyə başlayıblar. Mən erməni deyiləm, iranlıyam. Xeyli başqa İran soyadları kimi mənimki də “iyan” ilə bitir. Hansı ki, İranda çox yayılıb. Xahiş edirəm, bir-birimizə hörmət edək, saxta xəbərlər yaymayaq”.

Nakamura və Purkaşiyan Bakıya gəlməzdən bir neçə gün əvvəl evləniblər. Yaponiyalı bunu reklam etməmək qərarına gəlmişdi. Yalnız qadın qrossmeysterin paylaşımları toydan xəbər vermişdi. Purkaşiyan sosial mediada yerləşdirdiyi fotoda başıaçıq görünür. İran hökumətinin bu məsələyə həssas yanaşdığı məlumdur. Qəribədir ki, Purkaşiyanın hələ də öz ölkəsinin şərəfini qoruduğu bildirilir.

Nakamura FİDE-nin kişi şahmatçılar üçün tərtib etdiyi reytinq cədvəlində ikinci yerdə qərarlaşıb. O, yalnız norveçli Maqnus Karlsendən geri qalır. Yaponiyalı beş dəfə ABŞ çempionu olmağı bacarıb.

Atusa Purkaşiyan 1988-ci ildə Tehranda doğulub. Şahmata gəlişinin ilk illərindən böyük uğurlar əldə etməyə başlayıb. 2009-cu ildə qrossmeyster adını qazanıb. İranı 9 şahmat olimpiadasında təmsil edib. Həm Rusiya, həm də Ermənistan mediası qadın qrossmeysterin soyadını “Purkaşyan” şəklində yazır. Ola bilər ki, İranı təmsil edən şahmatçı açıqlamasında səmimidir. Sadəcə, Rusiya mediasında da özünə yer etmiş ermənistanlı jurnalistlər soyad yaxınlığını hər fürsətdə öz xeyrinə istifadə etməyə çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.