"Qubad İbadoğlunun səhhətindəki problemlər ölümlə nəticələnə bilər",Qalib Bayramov

6-08-2023, 11:43           
"Qubad İbadoğlunun səhhətindəki problemlər ölümlə nəticələnə bilər",Qalib Bayramov
Şənbə günü bir qrup azərbaycanlı ziyalı həbsdə olan iqtisadçı Qubad İbadoğlunun "səhhətində yaranan problemlərlə" bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciəti onu imzalayanlardan biri-kinodramaturq Eldəniz Quliyev Facebook-da yayıb.

İlham Əliyevə müraciət edən şəxslər ondan “Qubad İbadoğlunun azadlığa çıxması məsələsini şəxsi nəzarətinə götürməyi" xahiş edir.

İyulun 24-də Bakının Nərimanov rayon məhkəməsində iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə təqsirləndirilir.

Qubad İbadoğlu bu ittihamı rədd edir və həbsini siyasi-ictimai fəaliyyəti ilə əlaqələndirir.

“Biz, bir qrup ölkə ziyalısı tanınmış Azərbaycan aliminin azadlığa buraxılması üçün məhz sizə müraciət etmək qərarına gəldik. Sizdən xahiş edirik ki, ölkəmizin adına, nüfuzuna kölgə salan bu məsələni öz şəxsi nəzarətinizə götürəsiniz. İnanırıq ki, Qubad İbadoğlunun sağlamlıq durumunda yaranmış çox ciddi problemləri nəzərə alaraq, zərrə qədər də günahı olmayan bir elm xadiminin azadlığa qovuşmasına şərait yaradacaqsınız”, ziyalıların Prezidentə müraciətində deyilir.

Şənbə günü iqtisadçının yaxınları BBC-yə "onun səhhətindəki problemlərin həyati risk daşıdığını" bildirib.

Qardaşı Qalib Bayramovun məlumatına görə, iqtisadçının “şəkəri qeyri-sabitdir, qan təzyiqi isə aşağı düşmür”.

“Bizi ən çox narahat edən təzyiqinin yüksək olmasıdır. Çünki onun ürəyində problem var, təzyiq yüksək olarsa, ürəkdə həyati risk yaradır. Bu proses isə artıq başlayıb. Hər gün 10 km gəzən adam birdən-birə 4 nəfərlik kamerada saxlanılır. Ona oksigen lazımdır. Ürəyini müayinə ediblər və deyiblər ki, ürəyində- şah damarının kökündə genişlənmə var və bu, sürətlə davam edir”, Qalib Bayramov BBC-yə bildirib.

BBC Qubad İbadoğlunun vəziyyəti ilə bağlı Ədliyyə Nazirliyindən (ƏN) və qurumun müvafiq idarələrindən cavab ala bilməyib.

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı BBC-yə bildirib ki, onda olan məlumata görə, “hazırda Qubad İbadoğlunun vəziyyəti normaldır”.

“Düzdür, mən ƏN yanında İctimai Şuranın üzvüyəm. Amma Qubad müəllim hazırda istintaq altındadır, buna görə də onunla görüşə bilmək hazırda bizim üçün əlçatmazdır. Ümumiyyətlə, saxlanma yeri ƏN-nə tabe olsa da, onun haqqındakı məlumatlar bizə tam gəlmir, istintaqı aparan orqanlara gedir”, İctimai Şuranın üzvü BBC-yə deyib.

Qardaşının sözlərinə görə isə, ailəsi “Qubad İbadoğlunun səhhətindəki problemlərin yaxın günlərdə ölümlə nəticələnəcəyindən qorxur”.

"Onun ürəyi xüsusi müayinə olunmalıdır. Bu müayinə üçün lazım olan xüsusi aparat isə Penitensiar Xidmətdə yoxdur. Mən də həmin xəstəlikdən əziyyət çəkdiyim üçün bilirəm ki, bunun ən doğru müayinəsi ürəyin kompüter tomoqrafiyasıdır. Bu da Azərbaycanda çox yerdə yox, bir neçə yerdə var. Hazırda ən dəqiq müayinəni o aparatla etmək mümkündür”, Qalib Bayramov bildirir.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı deyir ki, "yalnız xüsusi bir hal olarsa, o zaman bir qrup hüquq müdafiəçisi istintaq aparan orqanlara müraciət edərək iqtisadçı ilə görüşə bilər”.

“Allah göstərməsin, nə isə böyük bir narahatlıq olarsa, biz bu halda, müraciət edə bilərik. Hələlik ki, bizdə olan məlumata görə, Qubad bəy hazırda xüsusi nəzarətdədir. Onu da deyim ki, biz hüquq müdafiəçiləri olaraq, Qubad bəyin istintaqının ev şəraitində aparılmasının tərəfdarıyıq. Bununla bağlı bir sıra hüquq müdafiəçisi onun həbsindən sonra Prezidentə müraciət də ünvanlamışıq”, Səadət Bənənyarlı bildirir.

Hüquq müdafiəçisi əlavə edir ki, hələlik onların "İlham Əliyevə ünvanladığı müraciətə cavab gəlməyib”.

Şənbə günü iqtisadçının vəkili Zibeydə Sadıqova BBC-yə bildirib ki, “Qubad İbadoğlu həmişə xarici ölkələrdə yaşadığına görə, səhhətindəki problemləri həmin ölkələrin həkimləri müalicə edib və vəziyyətini stabil saxlaya biliblər”.

“İndi isə birdən-birə onu həbs ediblər və bu günə kimi qapalı şəraitdə saxlanılır. Bu səbəbdən onun səhhəti get-gedə pisləşir. Qubad bəylə dünən görüşmüşəm, həkim qrupunun haradan gəldiyini o da bilmir, amma avqustun 3-də onu ürəyini müayinə ediblər. Güman ki, həkimlər Penitensiar Xidmətin klinikasının əməkdaşları olub. Qubad bəy bildirdi ki, həkimlər özləri təsdiqləyib ki, həbs olunduğu 10 gün ərzində onun ürəyindəki genişlənmənin 4.1 mm-ə çatması narahatedici səviyyədədir”, Zibeydə Sadıqova bildirib.

Vəkilin sözlərinə görə, o, “Qubad İbadoğlunu öz hesabına müayinə etdirməklə bağlı Penitensiar Xidmətə müraciət edib:

“Mən onlardan həmçinin, Qubad bəyin müayinələrinin rəsmi cavabını da istəmişəm. Hələ ki, müraciətimə cavab gəlməyib. Biz istəyirik ki, öz hesabına da olsa, Qubad bəyi özəl klinikalardan birində müayinə etdirək”.

Zibeydə Sadıqovanın sözlərinə görə, “indi ən böyük istəkləri iqtisadçının ev dustaqlığına buraxılmasıdır”.

“Bununla bağlı bazar ertəsi apellyasiya məhkəməmiz olacaq. Qubad bəy həbsdə qalarsa, onun səhhəti daha da pisləşəcək”, vəkil bildirib.

Avqustun 1-də Bakının Nərimanov rayon məhkəməsində iqtisadçı, Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətinə baxılıb.

ADR-in İdarə Heyətinin üzvü Ellada Məmmədlinin BBC-yə verdiyi məlumata görə, məhkəmə iqtisadçının "ev dustaqlığına buraxılması üçün zərurət olmadığını əsas gətirərək", vəsatəti təmin etməyib.

İyulun 28-də isə Bakı Apellyasiya Məhkəməsi iqtisadçının həbsinin ləğvi ilə bağlı vəsatətini təmin etməyib.

Vəkili Zibeydə Sadıqovanın Facebookda yazdığına görə, iqtisadçı "yarımçıq qalmış məqalələrini və tədqiqatlarını davam edə bilməməkdən" narahatdır.

"Qubad bəy deyir ki, heç vaxt bu qədər vaxt itirməyib. Həyatı boyunca zehni işlə məşğul olub. İndi isə kamerada işləməyə şəraiti yoxdur", vəkil Sadıqova bildirib.

Vəkilin yazdığına görə, iqtisadçının sonuncu məqaləsi "məşhur Resources Policy jurnalında dərc edilən "The economics of petro-authoritarianism: Post-soviet transitions and democratization"dır.

İyulun 28-də həbsindən sonra iqtisadçı ilə təcridxanada görüşən Zibeydə Sadıqova Qubad İbadoğlunun "evinə zəng edə bilməməkdən şikayətləndiyini" yazmışdı.

“Qubad bəy yaşlı anası ilə bağlı çox narahatdır”, - Zibeydə Sadıqova qeyd edib.

İyulun 27-də isə iqtisadçının həbsindən əvvəl müəllim kimi işlədiyi sonuncu təhsil müəssisəsi -London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) Qubad İbadoğlu ilə bağlı Twitter hesabında yaydığı bəyanatda iqtisadçının "Azərbaycanda saxlanılmasından və həbsindən dərin narahatlığını" ifadə edib.

“Dr. Qubad İbadoğlu beynəlxalq aləmdə yaxşı idarəetməyə bağlılığı, şəffaflıq və akademik ciddiliyi ilə tanınır. Kafedramızdakı qonaq müəllim kimi, o, LSE-nin akademik çevrəsində böyük nüfuza malikdir”, - bəyanatda deyilir.

LSE “Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə" çağırıb.
İzolda Ağayeva

BBC News Azərbaycanca












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.