Əgər sülh yolu ilə məsələ həll olmayacaqsa, proqrama da gərək qalmayacaq

7-08-2023, 09:34           
Əgər sülh yolu ilə məsələ həll olmayacaqsa, proqrama da gərək qalmayacaq
Ermənistan və Azərbaycan liderləri "Euronews"un eyni suallarına cavab verdi. Hər iki lider də danışıqlar yolunun tükənmədiyini bildirdi. Məsələ ondadır ki, hər ikisi də sülhlə bağlı şübhəli çıxış etdi.
Bu regionda sülh tarix boyu ən şübhəli şey olub. Dünyada bir neçə region var ki, onlar həmişə poliqon olub. Hazırda baş verən müharibələrə və konflikt ərazilərinə baxmaq kifayət edir söhbət hansılardan gedir. Gələk yaşadığımız regiona. Cənubi Qafqaz uzun illər Səfəvi-Osmanlı, daha sonra müxtəlif adlar altında rus-fars müharibələrinin meydanı olub. İndiki məqamda da bu proses davam edir. Sadəcə olaraq indi imperialist dövlətlər özləri yox, kiçik dövlətləri vuruşdurur. Özləri isə vasitəçilik libasına bürünürlər. Hesab edirəm ki, iki ölkə liderinin də şübhəli sülh açıqlamaları bundan irəli gəlir. Həmin imperialistlər elə təxribatlara yol aça bilərlər ki, bu gün sülhdən danışanlar, sabah silaha sarılıb döyüşə bilərlər.
Azərbaycan da, Ermənistan da, Rusiya da, ABŞ-də, Avropa İttifaqı rəsmiləri də sülhün mümkünlüyündən danışır. Ancaq, sahədə gərginlik hökm sürür. Ermənistandan Laçın sərhəd-keçid məntəqəsinə göndərilən 19 TIR-ın sayı 21-ə yüksəldi. Yəni, Azərbaycan TIR-ları buraxmamaqda nə qədər qərarlı görünürsə, əraziyə yardım aparmaq istəyənlər də o qədər qərarlı görünürlər. Sərhədin xaricindən müdaxilə risklidir. Azərbaycan tərəfi istənilən müdaxiləyə silahla cavab verə bilər. Ona görə də, əvvəlki yazılarda proqnozlaşdırdığımız kimi daxildən sərhəd-keçid məntəqəsinə təzyiq etmək planını dövrüyəyə salmaq istəyirlər.
Artıq elan da veriblər. Avqustun 5-də Laçın sərhəd-keçid məntəqəsinin önündə dinc aksiya keçirəcəklər. Hazırda Azərbaycana həm daxildən, həm də xaricdən təzyiq etmək niyyətindədirlər. Bu məsələ bizə ekofəalların aksiyasını xatırladır. Ekofəallar Qarabağdakı talana etiraz etmək üçün həmin obyektlərə yürüş etmək istəyirdi, ancaq Rusiya sülhməramlıları buna imkan vermədi. Maraqlıdır, Rusiya sülhməramlıları Xankəndindən avtobuslara doldurularaq Laçın sərhəd-keçid məntəqəsinə gətirilməsi planlaşdırılanlarla bağlı hansı tədbir görəcək? Göz yumacaq, yoxsa yenə ətdən çəpər çəkib qarşısını alacaq?
Azərbaycanın atacağı addım da maraqlıdır. Azərbaycan eynən Söyüdlü və digər etiraz aksiyalarına davrandığı kimi davranacaq, yoxsa sadəcə izləyici mövqeyində qalacaq? Əgər rəsmi Bakı izləyici mövqeyində olsa ölkə daxilində etirazlara səbəb olacaq. İctimayət arasında ən azı "bizə qarşı çevrilən gözyaşardıcı qaz, dubinka ermənilərə qarşı niyə çevrilmir" deyiləcək. Ermənilərə bu aksiyanın ideyasını verənlər hər şeyi hesablayıblar.
Azərbaycan dövləti də, ictimaiyəti də, mediası da Ermənistanın, separatçıların gündəminə cavab verir, müzakirə edir. Azərbaycanın sülhdən də, sahədə edəcəklərindən də birinci növbədə görəcəyi və görməli olduğu iş gündəmi özünün müəyyən etməsidir. Gündəmin Azərbaycan tərəfindən müəyyən edilməsi o deməkdir ki, cavab verəcək tərəf, düşünəcək tərəf erməni tərəfi olacaq. Gündəmin müəyyənləşdirilməsi Azərbaycanın axsayan tərəfidir.
Paşinyan son müsahibəsində Azərbaycanı Qarabağı işıqsız qoymaqda günahlandırır. Rəsmi Bakı Ağdam Xankəndi yolunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə ən yaxın məsafədə transformator quraşdırıb, magistral yol da eyni istiqamətdə tam təmirli formada başa çatdırıb. Rəsmi Bakı Qarabağda yaşayan erməniləri elektirk enerjisi ilə təmin edə biləcəyini göstərir. Ancaq bunu gündəm edə bilmir. Paşinyan son müsahibədə məcburi köçkünlərin geri qaytarılmasını dilə gətirdi. Məsələ ondadır ki, Azərbaycan Xankəndindən, Ağdərədən, Xocalıdan, Xocavənddən qaçqın düşənlərin dinc yürüşünü təşkil edib gündəm etmir. Əlində daha çox kozırı olan tərəf Azərbaycandır, ancaq gündəm yaradan tərəf ermənilər.
Bəzən deyirlər ki, separatçılar üçün həlqə daralır. Razıyam. Əgər regionda maraqları olan dövlətlər olmasaydı, bu məsələ çoxdan bitmişdi. Məsələ ondadır ki, həmin ölkələr sayəsində problem bitmir, bitməsi də istənilmir.
Azərbaycan Qarabağa daxil olmaq üçün bütün işlərini demək olar ki, yekunlaşdırmaq üzrədir. Elektirik enerjisi, yanacaq, qaz, su, komunikasiyanı hər an işə düşəcək səviyyəyə çatdırıb.
Rəsmi Bakının bundan sonra edəcəyi əsas məsələ Qarabağla bağlı proqramını açıqlamasıdır. Bütün sahələr üzrə proqramlar açıqlanmalı və Qarabağda yaşayan ermənilər bilməlidir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr nələrlə qarşılaşcaqlar.
Bu yazılanlar sülh ehtimalına qarşıdır. Əgər sülh yolu ilə məsələ həll olmayacaqsa, proqrama da gərək qalmayacaq. Qalanlar məcbur olub yaşayacaq, qalmaq istəməyənlər üçün isə hərb ən gözəl əlvida partisi olacaq.
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.