Jurnalistikada artan qeyri-peşəkarlıq:

22-08-2023, 17:44           
Jurnalistikada artan qeyri-peşəkarlıq:
Bu gün jurnalistikada vulqar sözlər, etik olmayan iifadələrdən istifadə geniş vüsət alıb. Bəzi yazı müəllifləri öz hiss və emiosiyalarını oxucuya təlqin edir, hətta müəllifi olduqları mətnlərdə vulqar ifadələrdən gen-bol istifadə edirlər. Yalnız print deyil, audio-vizual mediada da vəziyyət acınacaqlıdır. Oxunuş və baxış sayını artırmaq uğrunda gərgin mübarizə gedir. Söyüş, təhqir, şantaj medianın əsas elementlərindən birinə çevrilib.

Bəs, peşəkarlar bu barədə nə düşünür? Belə metodla oxucu, tamaşaçı, dinləyici cəlb etmək doğrudurmu?
TEREF.AZ bildirir ki, Qaynarinfo bu suallarla tanınmış jurnalistlərə müraciət edib.

Elçin Şıxlı: "Kütlə onların arxasınca gedir, adı da olur ki, guya bu, jurnalistikadır. Amma jurnalistika bu deyil, belə jurnalistika olmur"

"Ayna-Zerkalo” qəzetlərinin təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinskinin fikrincə, mövcud jurnalistika elə bir durumdadır ki, adıçəkilən problemlər uşaq oyununa bənzəyir:

"Təəssüf ki, bu gün jurnalistika "obıvatel”in ardınca sürünür. Bizim praktikamızda da olub, ədəbi dildə yazanda deyirlər ki, elə ağıllı cümlələrlə yazırsınız, oxuyanda adamın başı ağrıyır. Ona görə də bəzi oxucular gündəlik istifadə etdikləri "jarqon”la dolu mətnlərə üstünlük verir. Ciddi və mədəni dildə yazılan mətnləri az adam yazır, belə məhsulun oxucusu da az olur. Amma məqaləni oxutmaq üçün vulqar bir termin işlədən kimi kütləvi həzzalma başlayır - "ədə, gör, nə dedi, adamın ürəyindən tikan çıxartdı”. Reallıq budur. Deməli, jurnalistika oxucunun arxasınca gedir, onun səviyyəsini qaldırmağa çalışmır”.

Elçin Şıxlinski bildirib ki, "jurnalistika oxucu üçündür, yoxsa oxucu jurnalistika üçündür" sualına hələ də birmənalı cavab yoxdur:

"Zaman-zaman bu nisbət dəyişə bilər. Hər halda bu da bir dövrdür, yəni, jurnalistikanın ağır böhran dövrüdür. Görünür, bu dövrü yaşamalıyıq".

"Bəs jurnalistikada cəmiyyətin fikirləri də nəzərə alınmalıdırmı” sualına cavab olaraq Elçin Şıxlinski bildirib ki, media cəmiyyət üçün işləyir:

"Təbii ki, cəmiyyətin istəkləri nəzər alınmalıdır. Sosial sifariş deyilən bir anlayış var, o da nəzərə alınmalıdır. Amma burada söhbət təkcə sosial sifarişdən gedirsə, bu barədə fikirləşmək olar. Cəmiyyət öz problemlərindən yazılmağını, deyilməyini, göstərilməyini istəyir. Amma eyni zamanda da göstərdiyimiz, yazdığımız məsələləri etik qaydalar çərçivəsində həyata keçirəndə böyük toplumun xoşuna gəlmir. Deyirlər ki, "ağıllı-ağıllı yazırsınız, oxumaq istəmirik”. Ona görə də bəziləri vadar olur və kütlənin anladığı dildə danışır”.

"Bir fikir var, nəyisə mütəmadi edərsənsə, o səndə alışqanlıq yaradar, jurnalistikada olanlar da elə oxucunun dediyi kimi, daha "ağıllı” yazsalar, bu oxucuda alışqanlıq yaratmazmı” cavab verən ekspert bildirib ki, jurnalistika daima inkişafda olmalıdır.

"Çox təəssüf ki, biz peşəkarlığın arxasınca getmirik. Çünki bu gün jurnalistika dediyimiz sahəyə savad və mütailəsi az olan insanlar axın edir. İndi ortaya tiktokerlər, blogerlər, influserlər çıxıb. Onların heç biri peşəkar jurnalist deyil. Amma kütlə həmin adamların arxasınca gedir. Adı da olur ki, guya bu, jurnalistikadır. Jurnalistika bu deyil, belə jurnalistika olmur”, deyə Elçin Şıxlı vurğulayıb.

Arif Əliyev: "Jurnalistikanın ümumi standartları, təhsil məsələləri qalxmalıdır. Kimsə göstəriş verdi, daha bunu etməyin deməklə problemin həlli mümkün deyil"

Tanınmış media eksperti Arif Əliyev isə deyir ki, jurnalistikada yeni standartlar meydana çıxır:

"Oxucunu cəlb etmək üçün jurnalistin qısa zaman müddəti olur, bu da bir neçə saniyə ilə ölçülür. Müxtəlif standartlara görə vaxt fərqli olur. Bu müddət ərzində oxucunu, dinləyicini cəlb etməlisən. Səviyyəli, peşəkar jurnalistika bunu başlıqların rəngarəng olması, hərəkət edən elementlərdən, videolardan istifadə etmək, texnoloji imkanlar hesabına ödəyir. Qeyri-peşəkar və aşağı səviyyəli jurnalistika isə bunu geniş kütlənin diqqətini cəlb edən ifadələrdən, qeyri-ədəbi formalardan, kiminsə haqqında təsdiqlənməmiş sensasion məlumatları verməklə ödəyir".

Arif Əliyev təəssüflə qeyd edir ki, müasir Azərbaycan jurnalistikasının da böyük əksəriyyəti qeyri-peşəkar üsullarla, o cümlədən leksik əndirabadi fəndlərlə oxucunun diqqətini cəlb etmək yolunu seçir:

"Bunun kökü ordan gəlir. Yəni, bu məsləni bazar münasibətləri, rəqabətlə izah edirlər. Amma nə olur-olsun, peşə etkasından uzaqlaşmaq bazara yaxınlaşmaq deməkdir”.

"Bəs, bu halı necə aradan qaldıra bilərik” sualına cavab olaraq Arif Əliyev bildirib ki, ayrı-ayrılıqda hansısa bir KİV-də, media sahəsində bunu aradan qaldırmaq mümkün deyil:

"Bunun üçün jurnalistikanın ümumi standartları, təhsil məsələləri qalxmalıdır. Kimsə göstəriş verdi, daha bunu etməyin deməklə problemin həlli mümkün deyil. İndiki vəziyyətdə təhsil standartlarını dəyişməyə, peşə etikası ilə məşğul olan jurnalist təşkilatlarının mahiyyətini dəyişməyə bizim imkanımız çatmayacaq. Vəziyyəti dəyişmək istəyən KİV varsa, öz redaksiyasında, öz rəhbərliyi ilə bu məsələlərə qadağa qoya, düzəliş verə bilər”.

Arif Əliyev əlavə edib ki, bunun üçün də müxtəlif üsullar var:

"Məsələn, jurnalistikada "101 qayda” deyilən peşə kodeksi mövcuddur. Orada bu halların hamısı bir-bir göstərilir. Bu qaydaları pozmaq hansısa redaksiya daxilində cəzaya və ya peşə qınağına səbəb ola bilər. Ona görə də bunu hələlik hər bir redaksiya öz daxilində həll edə bilər. Çünki ümumi strukturlarımız buna hazır deyil. Onlar tamamailə başqa məsələlərlə məşğuldur, peşə standartlarını unudublar”.

"Qeyri-peşəkarlıq yalançı bazar münasibətləri deyilən məhfumun ardınca getməklə bağlıdır. Yəni, bunlar bir-birinə bağlıdır. Burada söhbət təkcə qeyri-peşəkarlıq deyil”, deyə Arif Əliyev əlavə edib.

"Biz qeyri-peşəkar olduğumuz üçün bazarın arxasınca gedirik, ya bazarın arxasınca getdiyimiz üçün qeyri-peşəkar oluruq” sualına cavab olaraq jurnalist bildirib ki, birinci variant daha realdır:

"Bir misal deyim, iki nəfər yolu qaçır, yol uzansa da, qısalsa da, onlardan biri vicdanlı idman qaydaları ilə qaçır. O birisi isə kolun arxasında gizlənərək yolu kəsəsinə gedir. İndi söhbət təxminən bundan gedir. Bu üsullara əl atanlar elə bu kol-kosla yol gedib özünü qabağa salmaq istəyənlərdir. Cəmiyyət də elədir ki, çox vaxt bu üsul təqdir edilir. Çünki sondakı hakimlər özləri də bu cameədən o qədər də uzaq olan adamlar deyil. Ona görə də bu üsullar keçir, keçdikcə də buna həvəslənirlər, peşəkarlığı qaldırıb, texnologiyanı mənimsəyib, işi sürətləndirmək əvəzinə, bu cür yollarla oxucunu cəlb etmək yox sanki onları "tuturlar".

Mehman Əliyev: "Rəqabət yoxdursa, media da yoxdur"

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, normal jurnalistika ədalətli rəqabət çərçivəsində, normal şərait, normal iqtisadi durumda fəaliyyət göstərən jurnalistikadır:

"Həmişə oxucu qazanmaq üçün rəqabət gedib. Problem odur ki, bu gün jurnalistikanda rəqabət yoxdur".

Xalid Kazımlı: "Elə belə də davam edəcək - absurda çatana qədər”

"Yeni Müsavat" Media Qrupunun rəhbər müavini Xalid Kazımlının fikrincə, jurnalistikada hiss, emossiya, münasibət bildirən və vulqar ifadələrdən istifadə son dövrlər ona görə artıb ki, IP, tiraj uğrunda amansız yarışma gedir:

"Bu, 42 kilometrlik marafon yarışından çox, 100 metrlik məsafəyə qaçışa bənzəyir - kim tez çatdı, kim tez tərpəndi, qalib odur. Bu baxımdan, sayı-hesabı itmiş saytları işlədənlər rəqiblərindən qabağa düşmək üçün hər yola əl atırlar. Artıq "axırıncı yol” ifadəsi də arxivə verilib. Hər şey məqbuldur. Təki xəbərə baxış sayı çox olsun. Ağıılı, savadlı ifadələrlə müqayisədə vulqar ifadələr daha tirajlıdır. Kütlələr onları sevir. Əndirəbadi, mətnə uyğun olmayan başlıqlar da buna görə artıb, yazılması lazım olmayan təfərrüatlara da buna görə əl atılır”.

Xalid Kazımlı deyir ki, yalnız Azərbaycan oxucusu deyil, dünyanın çox yerində insest hadisələri - "əmisiqızını zorladı”, "xalasıqızını arxa otağa apardı” və s. kimi məişət xəyanəti, zorlama, namus ləkəsinə görə qətl və başqa bu kimi olaylardan bəhs edən xəbərlər çox oxunur:

"Bizimkilər də tirajı bu cür olayları işıqlandırmaqla yığmaq istəyirlər. Amma bu, zirvəyə dırmaşmaq yarışı deyil, bu, dibə, girdaba eniş yarışmasıdır. Əslində, bunun yolverilməz olduğu hamı tərəfindən qəbul edilməlidir. Ədəb çərçivəsi, mədəni səviyyə həmişə gözlənilmədir. Oxuculara ictimai-siyasi əhəmiyyət kəsb edən məlumatlar verilməlidir. Amma olmayacaq. Bu, elə belə də davam edəcək - absurda çatana qədər”.

DİA.AZ-dan: Əslində problemin kökü həqiqətən də yuxarıda qeyd olunanlardadır. Bəs səbəb nədir? Yəni nədən mətbuatımız qeyri-peşəkarların əlinə düşüb? Bunun isə bir səbəbi, bir izahı var: SÖHBƏT başında Əhməd İsmayılovun dayandığı MEDİA-dan və onların təlqin etdiyi mətbu siyasətdən gedir... Belə davam edərsə, Azərbaycanda nəinkin peşəkar mətbuat, heç KİV-in ibtidai formasına belə rast gəlinməyəcək...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.