Laçında təxribat: Posta yaxınlaşan erməni qadın...

22-08-2023, 17:28           
Laçında təxribat: Posta yaxınlaşan erməni qadın...
“Azərbaycanın Laçın yolundan mülki şəxslərin hərəkəti və tibbi məqsədlər, Ağdam-Xankəndi yolundan isə yük daşımalar üçün istifadə olunması ilə bağlı təklifi bölgədəki mövcud problemlərin həllinə ən optimal yanaşmadır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi təmin olunub:

“Buraxılış məntəqəsindən sərbəst gedişin təmin olunmasına baxmayaraq, erməni əsilli qadınlardan biri üzərində qondarma rejimin “bayrağı” əks olunmuş çanta ilə sərhəd-buraxılış məntəqəsinə daxil olaraq təxribata can atıb. Ermənistan belə cılız təxribatlarla regiondakı düzəni pozmaq və sülh danışıqlarında maneələr yaratmağa çalışır. Azərbaycan öz suveren hüquqları çərçivəsində maneəsiz keçidi təmin edir və yüklərin daşınması üçün yol təklif edir. Ermənistan isə təxribatı davam etdirir. Amma belə təxribatlar mövcud düzəni dəyişmək iqtidarında deyil”.

Deputat onu da bildirib ki, müasir standartlara uyğun olaraq inşa edilən 44.5 km uzunluğu olan Bərdə-Ağdam yolunun qurulması tamamlanmaq üzrədir: “Bu yol 26 km-lik Ağdam-Xankəndi yoluna inteqrasiya olunacaq. Nəticədə bu yol Qarabağ iqtisadi rayonu ilə Azərbaycanın digər bölgələri arasında daha asan və qısa quru nəqliyyat əlaqəsinin formalaşmasına imkan verəcək. Bu, Qarabağ iqtisadi rayonunun inkişafı baxımdan da vacibdir. Kifayət qədər iqtisadi potensialı olan Qarabağ 30 illik Ermənistan işğalı nəticəsində inkişafdan kənarda qalıb.

Son olaylar bir daha təsdiq etdi ki, bölgədəki istənilən anlaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Qafqaz yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə də qaydaları Azərbaycan müəyyənləşdirir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.