"İrəvana artıq heç kəs kömək edə bilməz" - GƏLİŞMƏ

23-08-2023, 00:08           
"İrəvana artıq heç kəs kömək edə bilməz" - GƏLİŞMƏ
Xankəndində separatçılar arasında hakimiyyət uğrunda mübarizə şiddətlənir.

Bunu Xankəndində yaşayan erməni bloger Artur Osipyan özünün sosial şəbəkə hesabında yazıb.

Qeyd edib ki, rus sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud qurum daxilində ciddi siyasi mübarizə davam edir:

“Bu insanlar hesab edir ki, artıq xaos yaranıb, indiki vəziyyətdən çıxış yolu tapmaq mümkün deyil və bu, hakimiyyəti ələ keçirmək üçün son məqamdır. Qarabağı qarət etdilər, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün qoşun hazırlayırlar”.

Bloger əlavə edib ki, Qarabağda vəziyyətin gərginləşməsi daxili qarşıdurmaya gətirib çıxara bilər:

“Qarabağ Ruben Vardanyanın vecinə deyil, ona Qarabağ erməniləri lazımdır ki, onların köməyi ilə İrəvanda hakimiyyətə gələ bilsin. O, 30 ilin bütün günahlarını Araik Arutyunyanın üzərinə atıb, təmiz şəkildə hakimiyyətə gəlmək istəyir”.

Ermənistanda bir çox ekspertlər də Qarabağda mövcud vəziyyətlə bağlı Artur Osipyan ilə eyni fikirləri bölüşür.

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistan və Qarabağda heç kəs ağır məğlubiyyəti öz boynuna götürmək istəmir:

“İkinci Qarabağ müharibəsindən əvvəl, yəni 30 il ərzində ermənilər öz qələbələri ilə qürurlanırdılar. Onlar heç vaxt işğal etdikləri torpaqlardan geri çəkilməyəcəklərini bəyan edirdilər, hətta lovğalanırdılar.

Amma 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı ordusu Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, ağır məğlubiyyətə uğradıldı və işğal altında saxladıqları torpaqlar azad edildi. Növbəti müharibə baş verərsə, Ermənistan daha da böyük məğlubiyyətə dücar olacaq.

Nə Ermənistanda, nə də Qarabağda heç kəs ağır məğlubiyyəti boynuna almaq istəmir. Rusiya da öz siyasi oyunçusunu, Ruben Vardanyanı Qarabağa gətirib.

Halbuki Qarabağda Vardanyan yerli ermənilər tərəfindən bəyənilmir. Orada yaşayan ermənilər çox yaxşı başa düşür ki, Vardanyan erməni xalqının yox, məhz Rusiyanın maraqlarına xidmət edir, Moskvanın sifarişlərini yerinə yetirir.

Ruben Vardanyan Rusiyada tanınmış oliqarxlardan biridir, banklarda 600 milyondan çox pulu var, Moskva və London kimi iri şəhərlərdə saysız-hesabsız mülkləri var. Ona görə də Qarabağda yaşayan kasıb erməninin problemi Vardanyanın vecinə deyil. Bu şəxs Kremlin tapşırıqları əsasında Qarabağa gəlib. Bunu Azərbaycan və Ermənistan daxil hamı çox yaxşı bilir.

Qarabağda separatçılar arasında baş verən çəkişməyə gəlincə, bu, batan gəmidə günahkar axtarmağa bənzəyir”.

Politoloqun sözlərinə görə, Ruben Vardanyanın Ermənistan ictimaiyyətində siyasi çəkisi yoxdur:

“Ermənistanda Ruben Vardanyanı xeyriyyəçi kimi tanıyırlar. Onun pulu hesabına Ermənistanın İcevan şəhərində təhsil ocağı tikilib, eləcə də ölkədə sosialyönümlü tədbirlər həyata keçirilibdir. Bunlara baxmayaraq Ruben Vardanyanın Ermənistanda hakimiyyətə gəlmək imkanları yoxdur. Hətta Vardanyan Qarabağ məsələsindən istifadə edib buna can atsa da, o, öz istəyinə nail ola bilməyəcək”.

Ermənistanda hazırki siyasi proseslərə münasibət bildirən Zərdüşt Əlizadə vurğulayıb ki, mövcud şəraitdə İrəvana heç kəs kömək edə bilməz:

“Ermənistan yalnız bir yolla özünü ağır vəziyyətdən xilas edə bilər. İrəvan məğlubiyyətini etiraf etməli, Azərbaycanla sülh müqaviləsi imzalamalı və Türkiyə ilə münasibətlər qurmalıdır.

Erməni xalqı qonşuları ilə bərabər dinc yanaşı yaşamalıdır. Heç kəs onlara toxunmayacaq. Təəssüf ki, Ermənistanda mənfur müxalif qüvvələr və ordu generalları erməni ictimaiyyətinin bu istiqamətdə addım atmasına əngəl yaradır”.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.