Özbəkistanın İT sektoru haqqında - İldırım sürətli İT inkişafı

23-08-2023, 08:14           
Özbəkistanın İT sektoru haqqında -
Teref.az yazır ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gunduz qardaş Türk dövləti Özbəkistanın İT sektorunun müvəffəqiyyətlərindən yazıb. Osman bəy bu müvəffəqiyyətlərdən yazaraq qeyd edir:
"Son illər Özbəkistan İT, elektron hökumət və innovasiyalar sahəsində beynəlxalq reytinqlərdə xeyli irəliləyib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ilə bağlı bir il bundan öncə yazdığım yazını yenidən paylaşıram"

Özbəkistanın İT sektoru haqqında.
İldırım sürətli İT inkişaf
Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri davam edir. Səfər çərçivəsində ölkələr arasında bir çox sahələr üzrə, o cümlədən innovasiyalar və hərbi-texniki əməkdaşlıqla bağlı rəsmi sənədlər imzalanıb.
Prezident Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.
Maraqlı olacağını düşünərək Özbəkistanın İT sahəsi lə bağlı bəzi məqamları diqqətə çatdırmaq istədim.
Rusiyanın Ukraynaya təcavüzündən sonra baş verən sanksiyalar nəticəsində Belarusdan və Rusiyadan köçən İT mütəxəssislərin Özbəkistana gətirilməsi üçün bu ölkə çox ciddi işlər apardı, aqressiv tədbirlər həyata keçirdi.
Özbəkistan rəsmiləri bildirir ki, müharibədən sonra adı çəkilən ölkələrdən Daşkəndə 5000 İT mütəxəssis gəlib.
Yalnız Belarusdan 2000 İT mütəxəssisin gəldiyi açıqlanıb.
Xatırladıram ki, Rusiya rəsmiləri müharibə başlayandan sonra bu ölkəni 70 000 İT müətxəssisin tərk etdiyini rəsmi olaraq açıqlayıblar.
Daşkənd bu mütəxəssisləri gətirmək üçün çarter resyləri təşkil etmişdi, təkcə Belarusa 12 çarter reysi təşkil etmişdi ki, İT mütəxəssiləri relokasiya edə bilsin.
Reyslərin birisnin qarşısını Batya almağa çalışsa da, skandal baş versə də, sonda bu baş tutmamışdı ?
Xatırlayıram ki, İT autsorsinq xidmətləri təqdim edə biləcəklərini göstərmək üçün Özbəkistanın İKT-nin inkişafı naziri Şirzad Şermatov təcili ABŞ-a səfər edib Kaliforniyada Apple, Google, Meta, PayPal и Coursera şirkətlər, fond rəhbərləri və rəsmilərlə görüş keçirmişdi.
Özbəkistan ciddi rəqəmsal transformasiya işlərinə 2017-ci ildən start verib.
Ötən müddət ərzində, yalnız son 3-4 ildə çox ciddi inkişaf edə bilib, İT sektorda, texnoparklarda Belarusdan və Ukraynadan da münbit olan bir şərait formalaşdırılıb.
Daşkənddə yerləşən İT Parkda hazırda 650 İT şirkət qərarlaşıb ki onlar 2028-ci ilədək bütün vergilərdən və ödənişlərdən tam azaddırlar.
İT üçün gərəkli olan ingilis dili problemini həll etmək üçün bu ölkə 30 000 ingilis dili müəlliminin ABŞ –da təkmilləşməsini təşkil edib. İT məktəblərin və kursların sayını kəskin artırıb.
Bu ölkədə yüksək ixtisaslı 20 000 İT mütəxəssis var. 58 Universitetdə İT ixtisaslar var, 20 universitet isə tam İT istiqamətlidir.
Görünən odur ki, Özbəkistan Belarusun, Rusiyanın və Ukraynanın İT autsorsinq biznesinin xeyli hissəsini ələ keçirib və bu istiqamətdə ciddi səylər göstərir.
Hazırda İT eksport 100 milyon $ -dır, yaxın müddət üçün 1 milyarda çatdırmağı hədəf götürüblər. Təsəvvür edin ki, son 3 ildə İT eksportu, yəni sadəcə proqram təmniatları yazmaq və İT xidmət göstərməklə bu rəqəmi 50 dəfə artıra biliblər . 80% İT eksport ABŞ-a yönəlib.
Maraqlı məqam ondan ibarətdir ki, Amerikan şirkəti olan, Nasdaq-da qeydiyyatı olan tanınmış qlobal EPAM şirkətinin də Özbəkistanda ofisi var və burada təkcə bu ölkənin öz proqramçılarının sayı 1000 nəfərə çatır.
Relokasiya edənlərlə birlikdə hazırda burada 3000 əməkdaş çalışır.
Təsəvvür edin ki, bu ölkədə üç min nəfər bir ABŞ şirkətində oturub kod yazaraq xaricə məhsul (proqram təminatı) satır.
Osman Gunduz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.