Bu böyük BƏLADIR: Azərbaycandan “beyin axını”... - “Maaşım heç dərmanlara çatmır”

30-08-2023, 10:34           
Bu böyük BƏLADIR: Azərbaycandan “beyin axını”... -
Ölkəmizdə əsas problemlərdən biri də “beyin axını”dır.

Uzun illərdir başlayan bu proses indi də davam edr və ölkə elmi, səhiyyəsi, təhsili, mədəniyyəti üçün böyük itki sayılır. Məsələn, Almaniya mediasının araşdırmasına görə, son bir ildə bu ölkədə 1028 nəfər azərbaycanlı həkim çalışıb. İki il öncə həmin göstərici 877 nəfər olub. Bu da onu göstərir ki, son bir ildə işləmək üçün Almaniyaya gedən həkimlərin sayı artıb.

Amma artıq Azərbaycandan ölkə xaricinə “beyin axını”nın qarşısının alınması nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nda öz əksini tapıb. Bundan başqa, Strategiyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi də öz əksini tapıb. Strategiya ölkəmizdən ayrılan və xaricə üz tutan savadlı kadrların burada qalmasına, ölkəyə tövhə verməsinə şərait yaradacaq.

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib ki, bu məsələdə geciksək belə, yenə də yerində qərardır:

"Şübhəsiz ki, çox gecikmişik, çox kadrlarımız gedib və getməkdədir. Elə kadrlar üçün münbit şərait yoxdur, əlverişli şərait yoxdur. Söhbət gerçək kadrlardan gedir. Söhbət əyri yollarla pul qazanan, gün-güzəran quran kadrlardan getmir. Əyri yollarla pul qazananlar ölkədə qalırlar. Ölkənin gələcəyi üçün perspektiv vəd etməyənlər ölkədə qalır, perspektivli kadrlar çıxıb gedirlər. Çünki onlara qayğı göstərilmir. Özüm elm sahəsindəyəm. Mənim aldığım maaş bu aydan o aya məni görmür. Heç dərmanlara çatmır. Amma eyni müəssisədə çalışan və mənimlə eyni dərəcədə olan bəzi şəxslər rüşvət alır, saxta kitablar nəşr edir, saxta dissertasiya şəbəkəsi düzəldirlər. Onlar üçün hava “xoşdur”, inandıqları heç bir müqəddəs şey yoxdur, elmə də tövfə vermirlər. Sadəcə dövləti gerilədirlər. Bu geriləmə də özünü getdikcə daha çox göstərəcək. Mənim səhhətim imkan versə, mən də ölkədən çıxıb gedərəm. Çünki mən “arzuolunmaz şəxs”ə çevirilirəm. Çünki yaşamaq üçün sən də onlar kimi rüşvət almalı, aldatmalısan. Əyri yolda olanlar üçün də münbit şərait yaradılır. Dövlətə, millətə, xalqa nifrət etsəm, mən də onlar kimi olaram. Amma mən o nifrəti edə bilmirəm”.

Professor bildirib ki, düşünən başlar ölkədən çıxıb gedirlər:

“Hətta bir çoxları xarici kəşfiyyat orqanlarının toruna düşür, Azərbaycan üçün potensial təhlükəyə çevirilirlər. Bu məsələ dövlət təhlükəsizliyi məsələsidir. Bu məsələ artıq Qarabağ məsələsi qədər vacibdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.