Sergey İrəvanla bacarmadı: indi növbə Sergeyindir?

24-10-2023, 10:16           
Sergey İrəvanla bacarmadı: indi növbə Sergeyindir?
Ermənistanın Fransadan hava hücumundan müdafiə ilə bağlı sistemlər almasına yalnız silah sazişi kimi baxmaq mümkün deyil. Bu, rəsmi olaraq Ermənistanın KTMT-yə, başqa sözlə, Rusiyaya meydan oxumasıdır.

Yalnız son 2 aydakı proseslərə baxaq:

- Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsinə imkan vermədi, əvəzində 11-20 sentyabrda ABŞ hərbçiləri ilə təlim keçirdi;

- Ermənistan Qırğızıstanda 9-13 oktyabrda keçirilən KTMT-nin “Toxunulmaz qardaşlıq” təlimlərinə də qatılmadı; əvəzində təlimlərin başladığı vaxt – məhz 9 oktyabrda Fransa mülki təhlükəsizlik qüvvələrinin 56 hərbçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it İrəvana gəldi. Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri Ermənistan və Avropa İttifaqının xilasediciləri ilə birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər. Kipr və Monteneqronun axtarış-xilasetmə qrupları da Ermənstana gəldi;

- Nikol Paşinyan Avropa Siyasi Birliyinin sammiti üçün 5 oktyabrda Qranadaya getdi, Makronla, Şoltsla görüşdü; əvəzində 12 oktyabrda MDB sammiti üçün Bişkekə getmədi və Putinlə görüşmədi;

- Ermənistan KTMT-də heç bir nümayəndə təyin etməyib və artıq 3 ildən çoxdur ki, “yeri boşdur”;

- Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu da ratifikasiya etdi – bu, Putinin ölkəyə gələcəyi halda həbsi üçün zəmin deməkdir;

- Erməni mediası 20 noyabrda keçiriləcək KTMT dövlət başçılarının görüşünə də Paşinyanın qatılmayacağını açıqlayıb və s.

Ermənistan hava məkanı KTMT-nin çətiri altındadır: bu ölkədə Rusiyanın 5 minlik hərbi hissəsi, o cümlədən hava qüvvələri yerləşib. Ermənistanın sərhədlərinin əhəmiyyətli hissəsini hələ də rus sərhədçilər qoruyur. Ancaq Ermənistanla Azərbaycan sərhədinə AB “mülki missiyası” yerləşdirilib.

Ermənistanın KTMT üzvü olduğu halda NATO-nun aparıcı üzvlərindən olan Fransadan hava müdafiə sistemlərini alması qətiyyən adi hal deyil –müqayisə üçün Türkiyənin Rusiyadan S-400-lər almasını misal göstərmək olar. Bunun nəticəsində Türkiyə ABŞ-ın sanksiyaları ilə üzləşdi, F-35 istehsalından uzaqlaşdırıldı. Halbuki Türkiyə “Patriot” almaq üçün illərlə müraciət etmişdi, verilmədiyi üçün məcburi addım atdığını bildirmişdi. Eyni zamanda, Türkiyə sıradan üzv deyil, ən həssas və “açar” regionda olmaqla NATO-nun ikinci ən güclü ordusuna malik qüdrətli ölkədir.

Ermənistanın hava məkanını qorumaq üçünsə Rusiyanın HHM sistemləri bu ölkəyə yerləşib, Rusiya hətta ən strateji silahını – “İsgəndər”i, o cümlədən Su-30 qırıcısını da Ermənistana verib. Həm də bunların böyük əksəri pulsuz bağışlanıb. Bu halda Ermənistanın KTMT üzvü olduğu halda NATO-dan hava müdafiə sistemləri tədarük etməsi artıq son nöqtədir.

Rusiya Prezidenti Vladimir Putinin sevdiyi bir söz vardı: “Sergeylə (Lavrov) danışmayanlar Sergeylə (Şoyqu) görüşməyə məcburdur”.

Görəsən, indi Sergey Lavrovla danışmaq istəməyən İrəvan Sergey Şoyqu ilə “danışmağa” məcbur olacaqmı?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru