Təhsildəki böyük problem: ““Fəhlə bazarında” onlarla insan imtahana getsə, müəllimdən yaxşı bal toplayar”

24-10-2023, 17:38           
Təhsildəki böyük problem:
Azərbaycanda fəaliyyət göstərən 1844 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 2023-ci ilin əvvəlinə uşaqların sayı 118 min 71 nəfər olub. 2006-cı ildə isə 1764 məktəbəqədər təhsil müəssisəsinə 111 min 17 uşaq cəlb olunub. Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” adlı rəsmi statistik məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində 17 min 286 pedaqoji işçi çalışır. Onların 35,9 faizi ali təhsillidir (95,5 faizi pedaqoji, o cümlədən 79,0 faizi məktəbəqədər). 2006-cı ildə isə bu rəqəm müvafiq olaraq 23,1, 91,6 və 67,6 faiz təşkil edib. Qeyd edək ki, 2006-ci ildə məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoji işçiləri sayı 14 min 557 nəfər olub.

Son illər məktəbəqədər təhsil müəssisələrində çalışanların təhsili ilə bağlı problemlər gündəmdədir. Eləcə də ümumtəhsil məktəblərində çalışan müəllimlərin də təhsili, o cümlədən bəzi müəllimlərin orta ixtisas təhsilli olması da birmənalı qarşılanmır.

Ümumiyyətlə, məktəbəqədər və ümumtəhsil məktəblərində ali təhsilli olmaq sertifikasiya imtahanlarında nə dərəcədə önəmlidir?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, bizim məktəbəqədər təhsil müəssisələrində xüsusilə də 2011-2021-ci illərdə yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verildiyi müddətdə nəinki ali təhsili, hətta məktəbəqədər təhsili, ümumiyyətlə təhsili olmayanlar çalışıb:


“Həmin 17 min nəfərin təxminən 5800 nəfərinin ümumiyyətlə, təhsili yoxdur. Artıq məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin balansına qaytarılıb. Ancaq reallıq ondan ibarətdir ki, bu gün pedoqoji fəaliyyətlə məşğul olmaq üçün qanunvericilik pedoqoji təhsili, yəni ali təhsili şərt qoymur. İstər ali, istərsə də orta ixtisas təhsili olsun, əsas odur ki, pedoqoji təhsili olsun”.

Ekpert bildirib ki, məktəbəqədər təhsil müəssisələrində əsas problem, ümumiyyətlə, pedoqoji təhsili olmayanların varlığıdır:

“Beynəlxalq təcrübəyə baxsaq, təhsili inkişaf etmiş ölkələrin əksəriyyətində artıq nəinki ümumtəhsil və məktəbəqədər təhsildə çalışanların ali təhsilinin olması şərtdir, hətta magistratura təhsili tələb olunur. Burada təhsil pedoqoji yox, elmi- pedoqoji fəaliyyətdir. Bu gün Böyük Britaniya, Yaponiya, Sinqapur, Fillandiya, Cənubi Koreya kimi ölkələrdə ümumtəhsil məktəblərdə çalışmaq üçün artıq bakalavr deyil, magistratura təhsili əsas götürülür.

Bizdə çox təəssüf ki, hələ də orta ixtisas təhsili müəssisəsini bitirənlərlə işləyirik. Hələ də biz onları müəllim olaraq işə qəbul edirik. Hələ də ölkədə 55 orta ixtisas təhsili müəssisəsində 61 min tələbə oxuyur. Orta ixtisas təhsili müəssisələrinin tam böyük əksəriyyəti korrupsiya, rüşvətxorluq, bütün neqativ halların mənbəyidir. Mən illərdir təklif edirəm ki, orta ixtisas təhsili ali təhsilə birləşdirilməlidir. Ancaq məktəbəqədər təhsil müəssisələrində bizim ən böyük problemimiz odur ki, sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı çox ciddi problemlər yaranıb. Bizdə bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir.

Ortada əmək müqaviləsi var və orada şərt qoyulmayıb. Bu baxımdan təklifim o idi ki, 2020-ci ildə sonunda ölkə başçısının sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri ETN-in nəzdinə veriləndə biz onları ləğv edib, bazasında yenisini qura və təhsili olmayanları uzaqlaşdıra bilərdik. 20 min məktəbəqədər təhsil müəssisəsini bitirən vətəndaş işsizdir. Nazirlik 2022-ci ildə məktəbəqədər təhsil müəssisəsinə işə qəbul həyata keçirdi, bu zaman 360 nəfərdən yalnız cəmi 130 nəfəri işlə təmin edə bildi.

Digər 230 nəfər üçün yer yoxdur. Çünki məktəbəqədər təhsil müəssisələrində aidiyyəti olmayan bu gün orada tərbiyəçi işləyir. Bu, çox ciddi problemdir və məktəbəqəər təhsillə bağlı fundamental iş görmək lazımdır”.

Həmsöhbətimiz bildirib ki, ölkədə 2 minə qədər məktəbəqədər təhsil müəssisəsi var, onların sadəcə struktur dəyişikliyi və yaxud kosmetik islahatlar heç bir effekt verməyəcək:

“Bunun üçün ciddi araşdırma aparmaq lazımdır və bu sahəni bilən şəxslər işə cəlb olunmalıdır”.

Ekspertin sözlərinə görə, kolleci bitirənlərin sertifikasiyadan keçməsi, ancaq Pedoqoji Universitetin məzununun keçə bilməməsinə dair fikir formalaşıb:

“Mən kənarda elə adam tanıyıram ki, heç bir ali təhsili yoxdur, ancaq bakalavr, magistraturanı bitirəndən daha yaxşı bilir. O zaman nə edək, təhsili kənara qoyaq, təhsili olmayanı seçək? Bu yalnış yanaşmanın əsasını 2010-cu ildə eks təhsil naziri Misir Mərdanov qoymuşdu. O zaman kolleci bitirən yüksək bal toplamışdı. Biz dünya təhsil sisteminə inteqrasiya olunuruq və burada bakalavriatı bitirənləri ümumtəhsil məktəbinə işə götürmürlər, magistr tələb edirlər.

Bu gün ölkədə “fəhlə bazarında” onlarla insanlar var ki, heç bir yerdə oxumayıb və imtahana getsələr, müəllimdən daha yaxşı bal toplayarlar. O zaman nə etməliyik, təhsili kənara qoymalıyıq? Düşünürəm ki, məktəbəqədər təhsil müəssisələrində problemi həll etmək üçün ciddi yanaşmaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.