DTX da şikayətçidir

28-10-2023, 08:54           
DTX da şikayətçidir
Kritik informasiya infrastrukturuna daxil olan qurumların siyahıları indiyədək təsdiqlənməyib.
Yəni, hələlik heç kim bilmir o hansı qurumlardır ki, onların informasiya sistemlərində yaranmış problemlər həm də dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının qorunmasında problemlər yaradacaq.
Bir neçə aydır ki, DTX və XRİTDX bu siyahını hökumətə təqdim edə bilmirlər ki, siyahılar açıqlansın.
Bu haqda ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "Critical Infrastructure Defence Challenge 2023" tədbirində çıxışı zamanı bildirib.
Mövcud normalara görə qurumun kritik infrastruktura daxil olmasını müəyyən etmək üçün ona sorğu göndərilir.
Hansı ki, 30 gün ərzində qurum bu sorğuya cavab verməlidir.
Lakin indi məlum olur ki, xeyli qurumlar bunu cavablandırmayıb.
Çox maraqlı məqamdır.
Düşünmək olar ki, bu qurumlar özəl sektora aiddir. Dövlət qurumlarının bunu gecikdirməsi ağlabatan görsənmir.
Məlum olduğu kimi kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı qanunvericiliyə görə bir çox özəl qurumlar da bu qanunun təsiri altına düşüb.
Xatırlayıram ki, o zaman bu məsələ müzakirə predmetinə çevrilmişdi.
Yəni özəl qurumlar da mövcud normalara görə özlərinin informasiya sistemlərinin və şəbəkələrinin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı idarəetmə məsələlərini , sektorun səlahiyyətli qurumları olan DTX və XRİTDX ilə razılaşdırmalıdırlar.
Görünür ki, bəzi özəl qurumlar özlərinin informasiya və şəbəkə infrastrukturunun təhlükəsizliyinin DTX və XRİTDX-nin kontrolu altına keçməsində maraqlı deyillər.
Yaxud da, yeni normalar yeni xərclər tələb edir və biznes sektoru bu xərclərin ödənilməsini hökumətdən gözləyir.
Bu ləngimələrdə özəl sektorun kommersiya sirlərinin kiber provayderlər üçün açıq olmasından dolayı narahatçılıqları da ağlabatan görsənir.
Düşünürəm ki, kritik qurumların dayanıqlığının təmin edilməsi indiki zamanda mühüm əhəmiyyət kəsb edir. Dünyada və regionda baş verən son hadisələr bir daha bunu göstərir.
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik indiki məqamda milli təhlükəsizliyin əsas tərkib hissəsidir.
Əgər ölkədə kritik infrastrukturun yeni təhlükəsizlik normaları ilə bağlı problemlər varsa onda biznes sektoru prosesi ləngitməkdənsə təkliflər verməsi, müzakirə açması daha doğru olardı.
Əgər belə bir narahatçılıq yoxdursa biznes qurumlarının kritik sektora aidiyyatı olması ilə bağlı DTX sorğularını ləngitməsi yolverilməzdir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.