“KREML YAVLİNSKİYƏ KÜRSÜ VƏ PUL VERMƏYƏ HAZIRDIR...” – Putinlə görüş Yavlinskiyə baha başa gəlir

31-10-2023, 07:47           
“KREML YAVLİNSKİYƏ KÜRSÜ VƏ PUL VERMƏYƏ HAZIRDIR...” –
Rusiya müxalifətinin ən populyar simalarından biri, “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinskinin ötən həftə Kremldə Prezident Vladimir Putinlə qapalı görüşü ölkədə geniş resonans doğurub. Yavlinski yerli mediada Ukraynaya qarşı müharibənin qatı əleyhdarı kimi çıxış edir, hökuməti Rusiya dövlətini, xalqını dünyada “izqoya”a çevirməkdə günahlandırırdı.

Müxalifət lideri Kreml rəhbəri ilə nəyi müzakirə edib, bu barədə nə Kremldən, nə də “Yabloko”dan ətraflı açıqlama yoxdur. Ekspertlərin bir çoxu ehtimal edir ki, Putin 2024-cü ilin martında keçirilməsi gözlənilən prezident seçkilərində ona rol təklif edə bilər. Başqa ehtimal isə Rusiya-Ukrayna müharibəsindən çıxış yolları ilə bağlı “zəruri diskusiya” ehtiyacı üzərində qurulub.

Müxalifət liderinin Kremlə qəfil və səssiz gedişi yerli medianın, politoloqların, blogerlərin sərt tənqid hədəfidir. Məsələn, "Kommersant" qəzetinin müxbiri Aleksey Kolesnikov yazıb ki, Kremldə Qriqori Yavlinski ilə qarşılaşıb. "O, heç kimlə danışmadan, sanki gecikmiş kimi tez içəri keçdi", - jurnalist yazır.

Blogerlərdən İrina Mişina bildirir ki, Yavlinskinin Kremldə yada düşməsi ondan xəbər verir ki, ölkədə siyasi mənzərə tamamilə dəyişib.

Aleksandr Qorbunov isə deyir: “Yavlinskini şkafdan çıxartdılar, tozunu silkələdilər, möhürlədilər. İndi Qrişa bizə seçkiyə gəlməyin nə qədər vacib olduğunu söyləyəcək ki, 2 faiz səs alsın”.

Sergey Medvedev də o fikirdədir ki, Putin Yavlinskidən təkrar istifadə edə bilər. Nikolay Livşits 2017-ci il seçkilərində Kseniya Sobçakın etdiyini xatırladır: “Sobçak da Putinlə görüşdükdən sonra seçkilərdən danışmadıqlarını demişdi. Amma nə oldu? Görünür, Kiriyenko (Prezident Aparatı rəhbərinin müavini- red.) yeni seçki qrafiki tutur”.

Georgi Bovt isə başqa fikirdədir. O güman edir ki, hazırkı liberalların rəhbəri Nadejdin çox təhlükəli və tamamilə idarəolunmaz hesab olunur. Xüsusilə müharibə əleyhinə olması onun şansını azaldır. Buna görə də, çox güman ki, ona adi rol veriləcək: imza toplayacaq, sonra onlar “yanlış” hesab ediləcək və geri çəkiləcək. "Mərkəzi Seçki Komissiyası bu metodologiyanı çoxdan işləyib hazırlayıb. Deməli, Yavlinskiyə daha böyük rol verilə bilər.”

Andrey Malgin isə deyir ki, indiki şəraitdə hansı “müxalifət namizədinin” prezident seçkilərində iştirak etməsindən asılı olmayaraq, o cinayət törədir və gələcəyin gözəl Rusiyasında E.Pamfilovanın yanında müttəhimlər kürsüsündə oturacaq: “Çünki bu, cinayətkar rejimin legitimləşdirilməsində fəal iştirak deməkdir. Ən azı, sanksiyalar siyahılarına daxil olmaq üçün hər cür əsas var. Təəccüblüdür ki, bülletendəki adların hamısının diktatorun özü tərəfindən diqqətlə seçildiyini, “siçanın sürüşüb keçməyinə deşik olmadığını”, seçkilərin isə əvvəlki cinayət performansının bərbad təkrarından başqa bir şey olmadığını başa düşməyənlər var. Amma “namizəd”lərin hər biri bunu yaxşı bilir və şüurlu şəkildə cinayət törədirlər”.

Aleksandr Nevzorov isə bildirir ki, Putin əvvəllər də Yavlinskinin “ayaqqabılarına parıltı verib”, “Yabloko” isə böyük siyasi proseslərdə iştirakını hiss edərək, sevinib: “Bu günlərdə "parıltı" üçün vaxt yoxdur. İndi onlar Kremlin əsas tualetinin oturacağını silir. Çünki diktator “quru və rahat oturmalıdır”. Yavlinski "seçkilərdə" iştirak etməyə və onun legitimliyini təmin etməyə razıdır. Bunun müqabilində o, senator titulunu istəyir.

Kreml buna etiraz etmir və Yavlinskiyə Federasiya Şurasında kürsü və pul verməyə hazırdır. “Alma mürəbbəsi” indi xoşbəxtdir, çünki “böyük siyasətə” qayıdır”.

Boris Vişnevski deyir: “Bir ildən çoxdur ki, Putinlə danışmaq imkanı olsa nə deyəcəyini soruşduqda, Yavlinski belə cavab verib: “Atəşi dayandırın”. İndi bu fürsət yaranıb. Yavlinskinin təklifini dinləmək şansı mində bir olsa belə, görüş məna kəsb edərdi”.

Navalnı komandasından Lyubov Sobol isə “Yabloko” blokundan verilən açıqlamaya istehza edir: “Yabloko” partiyası bizi inandırmaq istəyir ki, gecə saat 12-də Yavlinski Putinlə “qlobal iqtisadi sistemin parçalanması kontekstində Rusiya iqtisadiyyatının problemlərini” müzakirə edib və prezident seçkiləri mövzusuna ümumiyyətlə toxunmayıb. Ha ha! Əminəm ki, məhz seçkilər müzakirə olunub”.

Yavlinski komandasından Natalya Bereza ittihamlara sərt cavab verib: “Yaxşısı budur, Avropa və Amerika bürokratik ofislərinin qapılarını döyən və həmvətənləri üçün sanksiya tələb edənlərə gündəlik rasion, bayramlarda isə yüz qram versinlər. Amma xalqın əksəriyyətinin seçdiyi prezidentin yanına gedib öz mövqeyinizi bildirmək, hətta ola bilsin ki, seçkilərdə iştirakınız üçün şərt irəli sürmək və insanların həyatını xilas etmək - bəziləri üçün normal deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.