Zəngəzur və anklavlarla bağlı razılaşma –

31-10-2023, 12:15           
Zəngəzur və anklavlarla bağlı razılaşma –
Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağına əmindir. Baş nazir dünən parlamentdə Azərbaycanla sülh sazişinin imzalanması və münasibətlərin tənzimlənməsi üçün üç əsas prinsipin artıq razılaşdırıldığını açıqlayıb.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Azərbaycan və Ermənistanın ərazi bütövlüklərini qarşılıqlı tanıdıqlarını iddia edir. Eyni zamanda, qeyd edir ki, sərhədlərin delimitasiyası Almatı bəyannaməsi və ya SSRİ dönəminə aid xəritələr əsasında aparılacaq. Mənbə iki ölkə arasındakı razılaşmalara bölgədə kommunikasiyaların və ya nəqliyyat dəhlizlərinin açılmasının da daxil olduğunu bildirir. Paşinyanın sözlərinə görə, tərəflərin hər biri öz ərazisində sərhəd gömrük nəzarətini və kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir. Baş nazir vurğulayıb ki, bunun üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində yolların təhlükəsizliyini təmin edəcək xüsusi bölmə yaradılacaq. Bu məqsədlə 2024-cü il üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə ayrılacaq dövlət vəsaiti xeyli artırılıb.

“Beləliklə, Paşinyanın planları arasında Azərbaycanla sülh və münasibətlərin tənzimlənməsi, eləcə də Türkiyə ilə əlaqələrin normallaşdırılması haqqında saziş imzalamaq var. Paşinyan bildirib ki, hazırkı mərhələdə Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacaq”, - məqalədə deyilir.

Eyni zamanda, nəşr vurğulayır ki, münasibətlərin bərpası üçün Türkiyənin Ermənistana şərtləri var. Məsələn, Zəngəzur dəhlizinin açılması və rəsmi Bakının bütün tələblərinin yerinə yetirilməsi.

“Ermənistandakı anklavların qaytarılması da Bakının tələblərinə daxildir. Prezident Əliyev İrəvandan 8 kəndi (Naxçıvan və Qazaxın kəndləri) tələb edir. Politoloq Qraçya Sərkisyan söyləyir ki, Əliyevlə Paşinyanın 8 kənd və Zəngəzur dəhlizi ilə bağlı nəyi razılaşdırdığını zaman göstərəcək”, - nəşr əlavə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.