Yollarda şütüyən “ölü avtomobillər”

29-11-2023, 10:35           
Yollarda şütüyən “ölü avtomobillər”
Ətrafa qədər tüstü buraxan,böyrü üstə əyiulmiş, qəribə səslər çıxardan əcaib görkəmli maşınlar hansı təhlükə yaradır?
Deputat Vüqar İskəndərov Milli Məclisin 14 noyabrda keçirilən iclasında “Azərbaycan
Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
yenidən köhnə avtomobil probleminə toxunub.
Deputat bildirib ki, Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib. O, eyni
zamanda, utilizasiyanın çox ciddi problem olduğunu deyib və qeyd edib ki, 2024-cü ilin
sentyabr ayından məsələnin həllini tapması gözlənilir: “Burada əsas məsələ odur ki, ədalətli
həll üçün mexanizm yaradılmalıdır. Çünki bu, kütləvi məsələdir”.
Qeyd edək ki, Azərbaycandakı avtomobillərin böyük hissəsi həqiqətən də köhnədir. Buna ən
müxtəlif amillər (Azərbaycanda avtomobil sənayesinin inkişaf etməməsi, istehsalın az olması,
ölkəyə gətirilən avtomobillərin gömrük rüsumunun həddən artıq baha olması və s.) təsir edir.
Lakin avtomobillərin 80%-nin istismara yararsız olduğunu demək olarmı? Əvvəla, deputatın
səsləndirdiyi rəqəmin özü ciddi sual doğurur. İkincisi, “istismar müddəti bitən avtomobil” nə
deməkdir?
Hətta sadə sürücülər belə, bu iddia ilə razılaşmırlar. Məsələn, Bakı sakini İlkin Məmmədli
Pressklub.az-ın əməkdaşı ilə söhbətində istismara yararsız avtomobillərin bu qədər olduğunu

düşünmədiyini bildirib. O deyir ki, “istismar müddəti bitən” avtomobillərin sayı 80 faizdirsə,
deməli Azərbaycanda istismara yararlı maşın barmaqla sayılacaq qədər azdır.
“Çox qəribə iddiadır. Deyilən rəqəm düzdürsə, bəs niyə belə ciddi məsələ diqqətdən kənar
qalıb? Mənim avtomobilim 2010-cu il buraxılışıdır. Texniki vəziyyəti də yaxşıdır. Ümumiyyətlə,
istismar müddətinin bitməsi nə deməkdir? Avtomobil hər hansı qida məhsulu deyil ki, ona son
istifadə tarixi qoyulsun, istifadə etdikdə isə insanı zəhərləsin. Avtomobilin istismarı onun ilinə
yox, göstəricilərinə görə təyin olunmalı deyilmi? Buraxılış ili 2010-cu ildir deyə, maşınım
istismara yararsız sayıla bilməz. Hər cür texniki baxışdan keçirirəm. Heç bir problemi yoxdur.
Maddi imkanım 2010-cu ilin maşınını almağa çatıb. Nə vaxt görsəm ki, həqiqətən istifadəyə
yararsız hala düşüb, o zaman dəyişərəm”.
Bəs bu anlaşılmazlıq nədən yaranıb?
Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik
avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. NK-nın 94 №-li
Qərarına dair İzahına əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və
sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan
zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək
olmaqdır.
Amma məhdudlaşdırma nə “istismar müddətinin başa çatması”, nə də tam qadağa demək deyil.
Sadəcə, müəyyən standartlara (xüsusən də ətraf mühiti çirkləndirən) cavab verməyən
avtomobillərin Azərbaycana gətirilməsi məhdudlaşdırılır. Yəni, avtomobilə ərzaq, dərman və s.
məhsullar kimi son istifadə tarixi qoyulmur, sadəcə istehsal ili 10 ildən artıq olanlara
məhdudiyyət tətbiq edilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Araz Əsgərli də Pressklub.az-a
açıqlamasında “avtomobilin istismar müddətinin bitməsi” ifadəsini yanlış hesab etdiyini qeyd
edib. Eyni zamanda, o, buraxılış ili ən azı 10 il olan avtomobillərin 80% təşkil etməsinin də doğru
olmadığını bildirib. Əsgərlinin sözlərinə görə, yollarda istismara yararsız avtomobillər var və
onlar mütləq utilizasiya olunmalıdır: “Avtomobillər istehsal ilinə görə, yəni, 20-30 ili keçməsinə
uyğun çeşidlənir. İstismar müddəti bitmiş avtomobil yox, istismara yararsız avtomobil ifadəsi
daha düzgündür. Bu cür avtomobillər isə texniki baxış zamanı müəyyən olunur və istifadəsi
dayandırılır”.
Hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 1 milyon 700 mindən artıq nəqliyyat vasitəsi var.
Sözsüz ki, onların arasında istismara yararsız avtomobillər də mövcuddur. Ancaq bu o demək
deyil ki, istifadəyə yararsız avtomobil sayı, yararlı avtomobil sayından daha çoxdur.
Nəqliyyat eksperti Elməddin Muradlı mövzuya münasibət bildirib. O da hesab edir ki,
avtomobillərin 80%-i istismara yararsız deyil, sadəcə istehsal tarixi köhnə avtomobillərdir.
“Əlbəttə, bu yaxşı göstərici deyil. Bütün hallarda avtomobillərin yenilənməsi lazımdır. Yeni
avtomobillər nə qədər çox olarsa, qəza təhlükəsi də o qədər aşağı olar. Müasir avtomobillərdə
təhlükəsizlik elementləri daha çoxdur. Bu baxımdan yeni avtomobillərin ölkəyə gətirilməsi
üçün müəyyən tədbirlər görülməlidir. Ölkəyə elektromobillər və hibridlər gətirilməsi üçün
addımlar atılır”.
Ekspert Nazirlər Kabinetinin 94 №-li qərarı ilə bağlı fikrini bildirib. Onun sözlərinə görə, il
məhdudiyyətinin tətbiq edilməsi köhnə avtomobillərin yerli bazarda dövr etməsinə səbəb olur.
Belə ki, bu məhdudiyyət tətbiq olunduqca insanlar yerli bazarda olan avtomobilləri bir-birinə alıbsatmaqla məşğul olurlar və belə olduqda dəyişiklik baş vermir.
Müsahibimiz 2018-ci ilin dekabr ayında köhnə avtomobillərin utilizasiyası üçün təsdiq edilmiş,
könüllülük prinsipinə əsaslanan “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”ndan
danışıb. Muradlı hesab edir ki, könüllülük prinsipi faydasızdır.
“Köhnə avtomobillər ətraf mühitə daha çox zərərli qaz buraxdığı üçün onlara məhdudiyyət
tətbiq edilir. Azərbaycanda utilizasiya prosesinə başlanılması qaçılmazdır. Bu barədə qərar
verilib. Könüllülük prinsipinə əsaslansa, bunun əhəmiyyəti olmayacaq. Heç kim köhnə
maşınını könüllü şəkildə təhvil verməyəcək. Ya dövlətdən pul gözləyirlər, ya da maşının
istifadəsinə davam edirlər. Bu məsələlər ciddi nəzarət ilə həll oluna bilər. Başqa variantlar
effektli olmayacaq”.
Və sonda. Hər birimiz yollarda köhnə, ətraf mühitə qatı duman kimi qara tüstü buraxan, bir üstə
əyilmiş, qəribə səslər çıxaran, işıqları yanmayan və sair əcaib görkəmli avtomobillərə rast gəlirik.
Yollarımızda bu cür köhnə və yararsız avtomobillər kifayət qədərdir. Belə avtomobillərin qəza
törətmə riski çox yüksəkdir. Üstəgəl, onların havaya atdıqları zərərli tüstünün səbəb olduğu ciddi
xəstəliklər yaranmağa başlayıb. Bu, urbanizasiyaya məruz qalan şəhər mühitində özünü xüsusi
olaraq göstərir. Utilizasiya qaçılmazdır.
Həyatımız və sağlamlığımız təhlükədədir.
Günay Elşən
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.