Bir addım geri, iki addım irəli...

29-11-2023, 10:54           
Bir addım geri, iki addım irəli...
Vaşinqton tərəflərə nə deyib? - Bölgədə daha maraqlı proses başlayır...
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsində
israrlıdır. İki gün ərzində Vaşinqtonda verilən bəyanatlar, atılan addımlar bunu göstərir.
Dövlət katibinin köməkçisi Ceyms Obraynın noyabrın 16-da Senatın Xarici əlaqələr Komitəsində
Bakı ilə yüksək səviyyəli münasibətlərin təxirə salınması barədə bəyanatı, habelə Senatın 907-ci
düzəlişin 2 il müddətinə tətbiqi barədə qəbul etdiyi qərar iki tərəf arasında ciddi gərginlik
yaradıb.
Azərbaycan XİN adekvat cavab addımı ataraq ABŞ-la yüksək səviyyəli səfirlərin səfərlərini
dayandırdığını bildirib və xarici işlər nazirlərinin noyabrın 23-də Vaşinqtonda planlaşdırılan
görüşündə iştirak etməkdən imtina edib.
Güman edilirdi ki, tərəflər arasında gərginlik yüksələn xətlə davam edəcək. Amma gözləntilər
doğru olmayıb, tərəflər münasibətləri baltalamaq üçün bir-birinə qarşı növbəti təzyiqdən imtina
ediblər. Əksinə, Azərbaycana qarşı sərt bəyanatın, sanksiya hədələrinin müəllifi Obrayn sülh
danışıqlarını davam etdirmək mesajı verib.
O, mətbuata açıqlamasında Birləşmiş Ştatların Azərbaycan və Ermənistan üçün sülhün bərqərar
olması üçün real fürsət gördüyünü açıqlayıb: “Tərəflərin bir-biri ilə birbaşa və vasitəçilərlə
danışması bizi ruhlandırır. Burada biz bütün regiona fayda gətirmək üçün real fürsət görürük.
Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə,
bu, həmin ticarət yolunda olan bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq. Və biz bunun bir
hissəsi olmaq fürsətini alqışlayırıq”.
Obrayn eyni zamanda vurğulayıb ki, əgər bu ticarət yolunun qeyri-sülh yolu ilə açılmasıyla bağlı
qərar qəbul edilsə (Zəngəzur dəhlizinin güc yolu ilə açılması) Vaşinqton bunun qarşısını almaq
üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
ABŞ rəsmisi bildirib ki, Birləşmiş Ştatlar tərəflərə əks tədbirlərin nəticələrinin nə olacağını çox
açıq şəkildə bildirib.
“Ona görə də, gəlin görək tərəflər nə qərar verəcək. Biz bilirik ki, onlar sülh sazişinin tezliklə
bağlanmasında maraqlı olduqlarını bildiriblər və biz bunun baş verməsini çox istərdik”, – deyə
Dövlət katibinin köməkçisi qeyd edib.
Obrayn Ermənistanın Baş nazir Nikol Paşinyanın sərhədlərin açılması və Qərblə əlaqələrin
güclənməsi istiqamətində atdığı addımları təqdir edərək vurğulayıb ki, o, əvvəlki liderlərin
çalışdığı kimi Ermənistanın Rusiyadan tam asılı olmasını istəmir.
“Baş nazir Paşinyan cəsarətli şəkildə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı
kimi çıxış edib. Bu da Ermənistana öz iqtisadi inkişafına diqqət yetirməyə, təhlükəsizlik
əlaqələrini qurmağa və Mərkəzi Asiyadan Türkiyəyə ticarət əlaqələrini genişləndirməyə imkan
verəcək. Biz bunu görmək istərdik”, – Obrayn deyib.
Bu bəyanatdan qısa müddət sonra – noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken
Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycan lideri İlham Əliyevə zəng edib.
Dövlət Departamentinin sözçüsü Metyu Millerin adından yayılmış bəyanatda deyilir ki, telefon
danışığında Blinken Əliyevin Azərbaycanla Ermənistan arasında davamlı və ləyaqətli sülh
sazişinin bağlanmasına sadiqliyini alqışlayıb. “Dövlət katibi bu uzunmüddətli münaqişənin
azərbaycanlılara və ermənistanlılara eyni cür yaşatdığı əziyyəti anlayaraq sülhün regionda hər
kəsə verəcəyi faydanı vurğulayıb. Dövlət katibi bizim Azərbaycanla davamlı münasibətimizi
müzakirə edib, son vaxtlar münasibətlərdə narahatlıq doğuran məqamlara toxunub, həmçinin
əməkdaşlığı, özəlliklə də sülh prosesini möhkəmləndirmək imkanlarından danışıb, yüksək
səviyyədə qarşılıqlı işin vacibliyini vurğulayıb”, – açıqlamada vurğulanır.
Azərbaycanın rəsmi dövlət agentliyi AZƏRTAC-ın Blinken-Əliyev danışığı barədə yaydığı
məlumatda müzakirələrin detalları qeyd olunub. Bildirilir ki, telefon söhbəti zamanı Prezident
Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar iki
ölkənin münasibətlərinə ciddi zərər vurub.
“Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət
katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.
Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın
yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.
Dövlət katibi Blinken bunu qəbul edib”, – xəbərdə vurğulanır.
Metyu Millerin E.Blinkenin N.Paşinyanla telefon söhbəti barədə yaydığı açıqlamada isə qeyd
olunur ki, tərəflər Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli
sülh razılaşmasına nail olmaq səylərinə dəstəyini müzakirə edib.
“Dövlət katibi Birləşmiş Ştatların Ermənistanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin
davam etdiyini bir daha vurğulayıb, Ermənistanın çiçəklənən və demokratik gələcəyinə
dəstəyimizi, ikitərəfli əməkdaşlığı gücləndirmək səylərimizi müzakirə edib”, – Millerin
aqçıqlamasında qeyd olunur.
Bu arada Ermənistandan verilən bəyanatlarla ABŞ siyasi idarəsindən verilən açıqlamalar üstüstə düşür. Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə asçıqlamasında deyib
ki, siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər.
“Deyə bilərəm ki, biz demək olar bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə
zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm”, – Simonyan deyib.
Spiker vurğulayıb ki, Ermənistan üçün “Dağlıq Qarabağ” məsələsi mövcud deyil: “Ermənistanın
Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıb. Biz, son il yarım
ərzində bunu bəlkə də səkkiz dəfə bəyan etmişik. Hazırda Ermənistan üçün əsas məsələ
Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”.
Simonyanın açıqlamasında daha diqqətçəkən cümlələr yer alıb:
“Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar bir-birinin yanında yaşamalı olacaqlar. Biz buna
ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarətlə məşğul
olmalıdırlar, istisna etmirəm ki, bəzi adamlar Azərbaycan ərazisində öz evlərinə qayıdacaq, eləcə
də bir müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”.
Son siyasi-diplomatik mənzərə Birləşmiş Ştatların Bakı ilə yaranan müvəqqəti gərginliyə görə
öncədən qarşısına qoyduğu planlardan geri çəkilmək niyyətində olmadığını göstərir. Qərb
Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına Cənubi Qafqazda mövqeyinin
gücləndirilməsi, habelə Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasının açarı kimi baxır. Açıq
mətnlə təklif olunan ssenari belədir ki, sülh razılaşmasının ardınca Rusiya hərbçiləri Azərbaycanı
tərk etməlidir, rəsmi Bakı Qarabağa dönmək istəyən ermənilərin hüquqlarının qorunmasına və
təhlükəsizliyinə təminat verməli, bu barədə beynəlxalq ictimaiyyət qarşısında hesabatlı olmalıdır.
Paralel olaraq azərbaycanlıların Ermənistana qayıdış hüququ tanınmalıdır və Ermənistan da eyni
öhdəliklər götürməlidir. Xatırladaq ki, spiker Alen Simonyan bu gün verdiyi açıqlamada rəsmi
İrəvanın belə razılaşmaya hazır olduğuna işarə edir.
Azərbaycana gəldikdə, Qərbin regiona ciddi müdaxiləsi, Rusiyanın bölgədən tamamilə
sıxışdılması onun maraqlarına cavab vermir. Rəsmi Bakının son zamanlarda ortaya qoyduğu
mövqedə bu məqam əksini tapıb. Amma reallıqlarla hesablaşmaq da diplomatiyanın, siyasətin
əsas qanunlarından biridir, bu kontekstdə ABŞ-ın israrlı olduğu sülh prosesində kompromislər
axtarmaq qarşıdurmaya getməkdən daha faydalıdır.
Blinken-Əliyev danışığında ABŞ-ın yüksək səviyyəli diplomatının Bakıya səfəri barədə razılıq əldə
olunub. Çox güman Obrayn regiona əliboş gəlmir, onun çantasında sülh sazişi ilə bağlı yeni
təkliflər var. Vaşinqtonun əsas hədəfi Azərbaycanı razı salmaqdır, ona görə də təzyiq
ritorikasından sonra növbə kompromislərə çatıb…
Turqut
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.