Ölkədə nə baş verir?!

29-11-2023, 15:44           
Ölkədə nə baş verir?!
İctimai həyatdan tam uzaqlaşdığımdan son zamanlar ölkədə baş verənləri diqqətlə izləməmişəm. Son 10 gün isə ölkədə baş verənlərdən tam xəbərsiz olmuşam. Dünən təsadüfən “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun saxlanma zamanı 3 yaşlı qızı ilə vidalaşma anını görüb son günlər ölkədə baş verənlərlə ətraflı maraqlandım. Bir cümlə ilə desəm – Azərbaycan qısa müddət ərzində tarazlaşdırılmış xarici siyasətdən imtina edib birmənalı antiqərb, Rusiyayönlü mövqe tutub. Bu müddət ərzində baş verənlərin təhlili çox təhlükəli tendensiyadan xəbər verdiyindən fikrimi bir az ətraflı bildirəcəm.

Qarabağ məsələsində Qərbin Azərbaycana qarşı ədalətsiz mövqedə olduğunu son 35 il həmişə görmüşəm və buna münasibətimi yazılarımda, həm də xarici görüşlərimdə daim qeyd etmişəm. Tək 1999-cu ilin mart ayının əvvəllərində “Azadlıq Radiosu” ilə birbaşa yayımlanan Vaşinqtonda keçirdiyim mətbuat konfransından sonra o vaxtlar Azərbaycanın ABŞ-dakı səfirliyində çalışan, sonralar isə uzun müddət XİN rəhbəri olmuş Elmar Məmmədyarov mənə yaxınlaşıb bildirmişdir ki, “Siz bu 2 saat ərzində Qarabağ məsələsi üçün bizim illər ərzində gördüyümüzdən çox iş gördünüz”.
44 günlük Vətən müharibəsindən sonra isə Qərbin Qarabağda baş verənlərə münasibəti ifrat dərəcədə qərəzli olduğundan azərbaycan və ingilis dillərində Qərbin Azərbaycandakı diplomatlarına müraciətim də oldu. Bu gün də müraciətimdə olan fikirlərimi bölüşürəm. Bununla belə, son günlər baş verənləri Azərbaycan Dövləti və Hakimiyyəti üçün çox təhlükəli sayıram. Bizim 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz də məhz rəhmətlik Heydər Əliyevin və Prezident İlham Əliyevin uzun illər apardığı balanslaşdırılmış xarici siyasətə görə mümkün oldu.

Çox yaxşı başa düşürəm ki, bu gün artıq balanslaşdırılmış xarici siyasəti davam etdirmək faktiki olaraq mümkünsüzdür, çünki hər 2 qütb (bir tərəfdə Çin və Rusiya tərəfdarları, digərində isə ABŞ və Avropa tərəfdarları) qəti mövqe tələb edirlər. Bizə qarşı olan münasibətdən asılı olmayaraq bunu açıq-aşkar heç vaxt etmək olmaz. İstənilən ədalətli, obyektiv təhlil ölkəmiz üçün gələcəyin Çin, Rusiya yox, ABŞ, Avropa tərəfində olduğunu göstərir. Ona görə də qəti mövqe olacağı təqdirdə nə qədər çətin olsa da seçimimiz ABŞ, Avropa tərəfində olmalıdır, çünki inkişaf, gələcək, vətəndaşların yaxşı rifahı bu istiqamətdədir.

Bu gün ABŞ və Avropanın birmənalı Ermənistanın haqsız mövqeyini müdafiə etməsinə görə etirazlar, siyasi demarşlar olmalıdır. Ancaq bu gün baş verənlər isə etiraz, demarş yox, Rusiya tərəfə “polnıy razvorotdur” (tam dönməkdir). Burada son vaxtlar Ukrayna müharibəsində Rusiyanın mövqeyinin güclənməsinin və bunun da Dövlətimiz üçün təhlükə olduğunun da həlledici təsirini düşünürəm. Bu məsələdə tarixə nəzər yetirib Rusiyanın Birinci, İkinci Dünya Müharibələrindən sonra ərazilərinin genişləndirməsi faktını yada salanları da qınamıram. Ancaq, tarixin də həmişə eyni cür təkrarlanmamasını da unutmayaq. Xüsusilə XXI əsrdə iqtisadiyyatın, texnologiyanın həlledici rol oynaması şübhəsizdir. Bu baxımdan da Azərbaycan Dövləti və Hakimiyyəti üçün ABŞ və Avropa yanında yer almaq daha təhlükəsizdir.

İndi isə son günlər baş vermiş bəzi konkret faktlara münasibətimi bildirirəm. Mənim üçün ən biabırçı fakt hakimiyyət rəsmilərinin “Azərbaycan dövləti ABŞ və Avropanın agentlərini ifşa etdi”, “ABŞ və Avropa agentlərini ***** mehmanxanasında toplayır” kimi başlıqlarla yazıları KİV-lərdə tirajlamasıdır. Bu yazıların istehza və gülüşdən başqa heç bir müsbət effektinin olmadığına əminəm. Ən azından, bu ləkələmə kampaniyası ölkəmizi inkişafa apara biləcək – ABŞ və Avropada təhsil almış gənclərdə bu hakimiyyətə inamsızlıq yaratmış oldu. Mən hələ Hakimiyyətin ən üst qatında təmsil olunan, ABŞ və Avropada təhsil almış məmurların gələcəkdə hansı mövqe sərgiliyəcəklərini bilmirəm.

“Abzas Media”nın əməkdaşlarının həbs səbəblərini dəqiq bilməsəm də onlara qarşı həbs qətimkan tədbirinin seçilməsi bu prosesin hüquqi yox, siyasi bir proses olduğunu açıq göstərir. Elan olunmuş ittihamla seçilmiş qətimkan tədbiri bir-birinə heç uyğun gəlmir. Xüsusilə, ölkədə müsbət nüfuza malik olan çox nadir jurnalistlərdən olan Sevinc Vaqifqızının həbs təhlükəsini bilə-bilə Vətənə dönüşündən sonra elə hava limanında həbs edilməsi bu işdə qərəzin, siyasi sifarişin olmasının bariz göstəricisidir.

Ölkədə ən çox izlənən internet TV-lərindən olan “Kanal 13” rəhbərinin saxlanması, evində, ofisində axtarışların aparılması, telefonların, kompüterlərin müsadirə olunması və sonda ona qanunsuz torpaq zəbt etməsi ittihamının elan edilməsi isə tam biabırçılıqdır. Bu prosesdə Ə.Orucovun qız balasına yetirilmiş travmanı isə çoxları uzun müddət unutmayacaq. Bu prosesdə heç cür başa düşmədiyim məqam Ə.Orucovun evindən aparılması şousudur. Əgər bu şou başqalarını da qorxutmaq məqsədi güdürdüsə, tam əks effekt verdiyinə heç kim şübhə etməsin. Yox, baş verənlər heç bir məqsəd güdmürdüsə, bunun daha da pis effekt verdiyinə də heç kim şübhə etməsin.

Sonda isə bu proseslərin başında duranlara bir halı xatırlatmaq istəyirəm. Onlarla dəfə reket jurnalistlərin, TV-lərin hansı murdarlıqlardan çıxması barədə sənədli, sübutlu çoxlu yazılı, şifahi müraciətlərim olub. İllərlə DTX, Prokurorluq, DİN orqanlarına müraciət etsəm də heç nəyə nail ola bilməmişəm. Düzdür onlardan “ata”, “torba” kimiləri sonralar həbs olunublar. Ancaq onlar törətdikləri cinayətlərinə görə yox. Ağalarının üzünə ağ olduqlarına görə həbs ediliblər. Bu gün də dövlətçilik, türkçülük, bozqurdçuluq və s. adlar altında reketçiliklə məşğul olan çox məşhur dəstələr var (bunların başçıları, icraçıları, vasitəçiləri də hüquq-mühafizə orqanlarına bəllidir). Onsuz da özünə olan etibarı tam itirmiş, reket, dələduzlar üçün münbit məkana çevrilən mediamızda “qayda-qanun yaradırıq” şousuna isə son hadisələrdən sonra ümumiyyətlə inanan olmayacaq.

Aslan İsmayılov, tanınmış vəkil
/aztoday.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.