Cəhənnəmdən qaçış - "Uşaqlarımla birlikdə üfunət qoxuyan cəsədlərin arasıyla yeridik"

24-12-2023, 10:54           
Cəhənnəmdən qaçış -
İsrailin Qəzzanı bombalamağa başlamasından bir neçə həftə sonra Cehad Əl-Məşravi gənc ailəsi ilə birlikdə Qəzzanın şimalındakı evini tərk edib. BBC Ərəbcə xidmətinin operatoru şəhərin cənubuna doğru gedən zaman özünün, həyat yoldaşının və uşaqlarının öz gözləriylə gördükləri şok hadisələri bölüşür.

DİQQƏT: Bu hekayədə yer alan təsvir və görüntülər sarsıdıcı ola bilər

Cehad həyat yoldaşı və dörd oğlu ilə birlikdə müharibədən əvvəl öz evlərində

Biz təlaş içində evi tərk etdik. Elə çörək bişirirdik ki, birdən qarşımızdakı evlərin bir-bir bombalandığını gördük. Bilirdim ki, tezliklə növbə bizə də çatacaq. Əslində əvvəlcədən hər şeyi hazırlayıb çantalara yığmışdıq, lakin hər şey bir anda elə dəyişdi ki, onları özümüzlə götürməyi unutduq. Heç evin giriş qapısını belə bağlamadıq.

Yaşlı valideynlərimi ora-bura daşımaq çətinliyinə görə, illərdir pul yığıb Əl-Zeytun yaşayış məntəqəsində ev tikmişdim və buranı tərk etmək istəmirdik, ona görə də bir az gözləməli olduq, lakin sonda getməyə qərar verdik. Körpə oğlum Ömər 2012-ci ilin noyabrında İsrail və Həmas arasında baş vermiş digər müharibə zamanı evimizə dəymiş qəlpə nəticəsində ölmüşdü. O biri övladlarımı da itirməyə risk edə bilməzdim.

Bilirdim ki, şəhərin cənubunda elektrik enerjisi, içməyə su yoxdur və insanlar tualetdən istifadə etmək üçün saatlarla növbə gözləyirlər. Lakin sonda bir şüşə su və bir neçə çörək qırıntısı götürüb Salah Əl-Din yolu ilə İsrailin təhlükəsiz elan etdiyi cənuba doğru təhlükəli səyahət edən minlərlə adama qoşulduq.
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Ailəmin böyük hissəsi - həyat yoldaşım Əhlam, iki, səkkiz, doqquz və 14 yaşlarında olan dörd oğlum, valideynlərim, bacılarım, qardaşlarım və onların övladları hamımız birlikdə yola çıxdıq.

Cehadın oğlu Ömər 2012-ci ildə öldürülərkən 11 aylıq olub

Salah Əl-Din yolu
Saatlarla piyada getdik və tədricən anladım ki, biz müharibə zamanı İsrail tərəfindən qoyulan yoxlama məntəqəsindən keçməliyik. Gərginiydik və uşaqlarım dayanmadan soruşurdular: “Ordu bizə nə edəcək?”

Yoxlama məntəqəsindən təxminən bir kilometr aralıda yerləşən dayanacağa gəldik və bütün yolu zəbt edən insan izdihamının yaratdığı böyük növbəyə qoşulduq. Dörd saatdan çox orada gözlədik və həmin vaxt atam üç dəfə huşunu itirdi.

Yolun bir hissəsində bombalanmış binaların dağıntıları arasından bizə baxan İsrail əsgərləri dayanmışdı və yolun tamamilə boş olan digər hissəsində də İsrail əsgərləri gözə dəyirdi.

Təpənin başında çadırdan qurulmuş yoxlama məntəqəsinə yaxınlaşdıqca başımızın üzərindəki əsgərlərin sayı getdikcə artırdı. Biz düşündük ki, yəqin onlar yoxlama məntəqəsini olduqları ərazidən məsafəli şəkildə idarə edirlər, çünki bizə binokulla baxırdılar və səsgücləndirici ilə nə etməli olduğumuzu deyirdilər.

Çadırın yaxınlığında ön və arxa hissəsi açıq olan iki ədəd daşınma konteyneri var idi. Bütün kişilər bir, qadınlar isə digər konteynerin içindən keçirdilər və hər iki konteynerdə bizə davamlı nəzarət edən kameralar var idi. Oradan keçərkən İsrail əsgərləri bizdən şəxsiyyət vəsiqələrimizi istəyirdilər və şəklimizi çəkirdilər.

Qiyamət gününü xatırladırdı.
Yoxlama məntəqəsi yaxınlığında 50 nəfərin saxlandığını gördüm. Hamısı kişilər idi və onlardan ikisi mənim qonşum idi. Bir gənc oğlan sənədlərini itirdiyi və şəxsiyyət vəsiqəsinin nömrəsini xatırlamadığı üçün onu da saxladılar. Növbədə məndən sonra dayanan kişini isə İsrail əsgərləri terrorçu adlandırdılar və onu götürüb oradan uzaqlaşdırdılar.

Saxlanan şəxslərdən alt paltarlarınadək soyunmağı və yerə oturmağı tələb edirdilər. Sonra İsrail əsgərləri onlardan bəzilərinə əyinlərini geyinməyi və getmələrini dedilər. Digərlərinin isə gözlərini bağladılar.

Mən şəxsən gözləri bağlanmış dörd nəfər gördüm, qonşularım da onların arasında idi. Daha sonra onları dağılmış binanın yaratdığı qum təpəciyinin arxasına apardılar. Onlar gözlə görünməyəcək məsafəyə qədər aparılandan sonra atəş səsi eşitdik. Bilmədim onları güllələdilər, ya yox.

Qahirədə yaşayan iş yoldaşlarımdan biri mənim kimi bu səyahətdə olan bir neçə şəxslə əlaqə yaradıb. Onlardan biri Kamal Alcoco idi və deyirdi ki, bir həftə əvvəl yoxlama məntəqəsindən keçəndən sonra cansız bədənlər görüb, lakin o, onların necə öldüyünü bilmir.

İş yoldaşım, həmçinin noyabrın 13-də yoxlama məntəqəsindən keçən Məhəmməd adlı digər biri ilə danışıb. “Əsgərlərdən biri mənə bütün paltarlarımı, hətta alt paltarımı da çıxartmağı əmr etdi”, - Məhəmməd BBC-yə deyib.

Onun sözlərinə görə, iki saata yaxın onu çılpaq vəziyyətdə saxlayıblar və daha sonra getməyə icazə veriblər.

“Oradan keçən hər kəsin gözü qarşısında məni tamamilə soyundurdular. Utanırdım. Qəflətən bir qadın əsgər silahını mənə tərəf yönəltdi və dərhal geri çəkib gülməyə başladı. Mənim şəxsiyyətimi alçaltdılar”, - deyə Məhəmməd əlavə edib ki, getməyə icazə verməzdən əvvəl onu iki saata yaxın çılpaq halda gözlədiblər.

Həyat yoldaşım, uşaqlarım, valideynlərim və mən yoxlama məntəqəsindən təhlükəsiz şəraitdə keçsək də, qardaşlarımın ikisinin keçidi uzun çəkdi.

Onları gözləyərkən bir İsrail əsgəri yoxlama məntəqəsinə qayıdıb öz yaxınlarının keçidinin gecikmə səbəblərini öyrənmək istəyənlərin üstünə qışqırdı.

Əsgərlər səsgücləndiricidən istifadə edərək onlara dayanmamağı, irəliyə doğru hərəkət etməyi və 300 metr onlardan aralı durmağı dedilər, sonra isə bir əsgər onları qorxutmaq üçün havaya atəş açmağa başladı. Növbədə gözləyərkən çoxlu silah səsləri eşitdik.

Hər kəs ağlayırdı və anam da hönkürə-hönkürə “oğullarıma nə oldu? Onları da güllələdilər?” deyirdi.

Bir saatdan bir qədər keçdikdən sonra qardaşlarım yoxlama məntəqəsinin çıxışında göründülər.

İsrail Müdafiə Qüvvələri (İMQ) BBC-yə bildirib ki, “terror təşkilatları ilə əlaqəli olmaqda şübhəli bilinənlər ilkin dindirmə” aparılması məqsədi ilə saxlanılıblar. Əgər onlara qarşı şübhələr artarsa, o zaman onlar daha çox sorğu-sual edilmək üçün İsrailə gətirilirlər. Digərləri isə “dərhal sərbəst buraxılır”, İMQ qeyd edib.

Qurumun verdiyi məlumata görə, saxlanılan şəxslərin üzərində partlayıcı gödəkcə və ya silahın olub-olmadığını yoxlamaq məqsədilə onlardan paltarlarını çıxarmaq tələb edilir və yoxlamadan sonra onlar dərhal əyinlərini geyinirlər. İMQ yoxlama tədbirlərinin “saxlanılan şəxslərin şərəf və ləyaqətlərini alçaltmaq və təhlükəsizliklərini gözardı etmə məqsədi daşımadığını” deyib və əməliyyatların “beynəlxalq hüquq çərçivəsində aparıldığını” əlavə edib.

İMQ-dən BBC-yə bildirilib ki, “şimaldan cənuba keçmək məqsədilə humanitar dəhlizdən istifadə edən mülki əhaliyə atəş açılmır", lakin gənc kişilər əks istiqamətə hərəkət edərkən “səsgücləndiricilərlə onlara əsgərlərin mövqelərinə tərəf getməmək xəbərdarlığı edilib, amma buna məhəl qoyulmayanda onları dağıtmaq məqsədilə atəş açılıb".

Bundan əlavə, qurum əlavə edib ki, atəş səsi adi haldır və "yalnız atəş səsi o demək deyil ki, xüsusi bir yerdən və ya xüsusi bir növdən atəç açılıb".

Həyat yoldaşım və mən yoxlama məntəqəsindən uzaqlaşdıqca özümüzdə bir rahatlıq hiss edirdik, lakin səyahətin ən çətin anının hələ qarşıda olmasından xəbərsiz idik.

Cənuba tərəf irəlilədikcə yolun kənarına yaxın müxtəlif yerlərdə 10-a yaxın cansız bədən gördüm.

Meyitlərin bəzilərinin çürümüş bədən hissələri milçəklərlə örtülmüşdü, bəzilərini isə quşlar dimdikləyirdi. Onlardan bugünədək almadığım çox pis üfunət iyi gəlirdi.

Uşaqlarımın meyitləri gördüklərinə dözə bilmədim və səsimin çıxdığı qədər yüksəkdən qışqırdım ki, səmaya, göy üzünə baxaraq yerisinlər.

Yolboyu içərisində bir neçə insan başı olan tamamilə yanmış bir avtomobil gördüm. Başı olmayan çürümüş meyitin əlləri hələ də avtomobilin sükanı üzərində idi.

Orada ölmüş eşşək və at cəsədləri də var idi. Onlardan bəzilərinin skeleti görünürdü. Yolda böyük zibil qalıqları və xarab olmuş yeməklər də görmək mümkün idi.

Sonra yolun digər tərəfində qəflətən İsrail tankı peyda oldu. Sürətlə bizə tərəf gəlirdi. Qorxduq və ondan uzaqlaşmaq üçün meyitlərin üzəri ilə qaçmalı olduq. İzdihamda olan bəzi insanlar qaçarkən meyitlərin üstünə yıxılırdı. Tank əsas yola 20 metr qalmış istiqamətini dəyişdi.

Qəflətən yola yaxın bir bina bombalandı. Partlayış dəhşətli idi və hər yerə qəlpələr səpələndi.

Həmin an istəyirdim yer yarılsın və yerin içinə girim.

Zərbədən silkələndik və artıq yorulmuşduq, amma Nuseyrat düşərgəsinə tərəf yolumuza davam edirdik.Ora çatanda artıq axşam idi və səkinin üstündə gecələməli olduq. Hava dəhşət soyuq idi.

Gödəkcəmi ortancıl oğlumun üstünə sərdim, əllərini isə əlcəyin içinə qoydum ki, isti qalsınlar. Ən kiçik oğlumun üstünü isə köynəyimlə örtdüm. Ömrümdə heç vaxt o cür soyuq havada qalmamışdım.

BBC İsrail Müdafiə Qüvvələrindən (İMQ) tank və meyitlərlə bağlı soruşduqda, qurum bildirdi ki, “həmin gün tanklar Salah Əl-Din yolu ilə birləşən digər yollardan istifadə ediblər, lakin tanklar Qəzza zolağının şimalından cənuba doğru humanitar dəhlizdə hərəkət edən mülki şəxslərin üzərinə sürülməyib”.

İMQ Salah Əl-Din yolu üzərində meyitlərin olması ilə bağlı onlarda hər hansı məlumatın olmadığını bildirib, lakin qurum əlavə edib ki, müəyyən vaxtlarda qəzzalıların “səyahət zamanı bəzi meyitləri orada tərk etdikləri aşkarlanıb və İMQ həmin meyitləri oradan götürüb”.

Təhlükəsiz ərazi axtarışı
Növbəti gün sübh tezdən Qəzzanın ikinci böyük şəhəri Xan Yunisə yola düşdük. Bir nəfərə bizi öz eşşək arabasında aparması üçün pul verdik. Daha sonra Deyr Əl-Balahda 20 nəfərlik bir avtobusa mindik, lakin içəridə 30 nəfər var idi. Bəziləri avtobusun üstündə əyləşmişdi, digərləri isə çöl tərəfdən qapı və pəncərələrdən sallaşaraq yola davam edirdi.

Xan Yunisə çatanda BMT-nin nəzdində olan və sonradan sığınacağa çevrilən məktəb binasında qalmağa yer tapmağa çalışdıq, amma ora dolu idi. Sonra bir yaşayış binasının altındakı kiçik anbarı kirayəyə götürdük və bir həftəyə yaxın orada qaldıq.
Valideynlərim, qardaş və bacılarım Xan Yunisdə qalmağa qərar verdilər. Lakin oradakı kiçik market bombalandıqdan sonra yoldaşım və mən uşaqları daha da cənuba tərəf – Rəfaha gətirməyə qərar verdik. Orada ailəm avtomobil tutub gedə bildi. Bir qədər sonra mən də bir avtobusa minərək onların arxası ilə yola düşdüm, lakin avtobus dolu olduğu üçün çöl tərəfdən qapıdan sallaşmalı oldum.

Hazırda tavanı konserv qablarından və plastik torbalardan qurulan və binalardan kənarda olan yarımtikili kirayə götürüb orada qalırıq. Orada bizi qəlpələrdən heç nə qorumur.

Hər şey bahadır və ehtiyacımız olan hər şeyi ala bilmirik. Əgər su içmək istəsək, bunun üçün üç saat növbədə gözləməliyik. Bundan əlavə, gündə iki dəfə qidalanmağımız üçün kifayət qədər ərzağımız da yoxdur. Biz daha günorta yemək yemirik, yalnız səhər və axşam yemək yeyirik.

Oğlum hər gün bir yumurta yeyərdi. Bir yumurta – təsəvvür edirsiniz? İndi heç onu da ona verə bilmirəm. İndi etmək istədiyim əsas şey Qəzzanı tərk etmək və övladlarımı təhlükəsiz əraziyə aparmaqdır, hətta çadırda yaşamalı olsaq belə.

Bu yazıya BBC Ərəbcə xidmətindən, Qahirədən Əbdülrəhman Ebutaleb da töhfə verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.