Separatçıların qondarma "Artsax"ı "DİRİLTMƏK" CƏHDİ

26-12-2023, 11:49           
Separatçıların qondarma "Artsax"ı "DİRİLTMƏK" CƏHDİ
"Moskvaya arxayın olan Samvel Şahramanyanın fəaliyyəti Paşinyan hakimiyyətinin əleyhinədir"

Məhəmməd Əsədullazadə: "Bütün bunlar Ermənistanın silahlanmasının regiona mənfi təsir edəcəyini qeyd edən Azərbaycan tərəfinin nə qədər haqlı olduğu bir daha sübut edir"

Zaur Məmmədov: "Ermənistan hökuməti ölkə daxilindəki separatçıları həbs edərək ya Bakıya təhvil verməli, ya da onlarla bağlı digər addımlar atmalıdır"

Elxan Şahinoğlu: "Paşinyan və hökuməti Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən separatçıların fəaliyyətini dayandırmalıdır"

Asif Nərimanlı: "Şahramanyanın qərardan imtina etməsinin əsas zərbəsi Ermənistan hakimiyyətinə dəyəcək"

Qarabağdakı keçmiş separatçı rejimin sonuncu "lider"i Samvel Şahramanyan qondarma qurumun buraxılması ilə bağlı qərarı ləğv edib. Bunu Şahramanyanın köməkçisi Vladimir Qriqoryan bildirib. Onun sözlərinə görə, yeni qərarla Şahramanyanın 19 oktyabr tarixli başqa bir "fərmanı" ilə qondarma respublikanın bütün hakimiyyət orqanları, "dövlət naziri", "hökumət üzvləri", "parlament", "hüquq-mühafizə orqanları", habelə Xankəndinin meri fəaliyyətlərini ictimai əsaslarla, yəni maaşsız, davam etdirirlər. Vladimir Qriqoryan əlavə edib ki, Samvel Şahramanyan başqa bir fərman imzalayıb və Sarkis Qalstyanı öz "administrasiyası" rəhbərinin müavini təyin edib. Qriqoryan iddia edir ki, Qarabağda 20-30 nəfər, o cümlədən Sarkis Qalstyan da qalıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın liderlik etdiyi "Mülki müqavilə" partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan isə Şahramanyanın sözügedən qərarı ləğv etməsinə etirazını bildirib, daha doğrusu onun hər hansı fərman imzalamaq səlahiyyətinin olmadığını qeyd edib: "Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq ölkənin qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir. Ermənistanda bir hökumət var". "Mülki müqavilə" fraksiyasının deputatı Arusyak Culxakyan da təxminən, bunabənzər açıqlama verib. Belə ki, Culxakyan da Ermənistan Respublikasının ərazisində bir hökumətin mövcud olduğunu deyib: "Bu bəyanatın bütün hüquqi cəfəngiyyatlarını bir kənara qoyaq. Birincisi, "Dağlıq Qarabağ"ın qurumları o vaxt fəaliyyətini davam etdirə bilər ki, "Dağlıq Qarabağ"ın Ermənistan banklarına olan 315 milyard dram məbləğində borcunu ödəsin. Hansı ki, hazırda bu borcu Ermənistan hökuməti öz üzərinə götürüb. İkincisi, Ermənistan Respublikasının ərazisində bir hökumət mövcuddur. O da azad, ədalətli və şəffaf seçkilər yolu ilə seçilən qanuni Ermənistan Respublikası hakimiyyətidir. Və nəhayət, siz öz ağılsızlığınızla "Dağlıq Qarabağ"ı süquta sürüklədiniz. Ermənistan Respublikası ilə də eyni şeyi edə biləcəyinizi gözləməyin. Bu dövlətin bir sahibi var ki, onunla kimsənin oyun oynamasına imkan verməyəcək. Stullarınızda sakitcə oturun".

"Azərbaycan Ermənistanda baş qaldıran separatçıların fəaliyyəti barədə ABŞ və Avropa İttifaqını məlumatlandırmalıdır"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistandakı "artsax oyunları" sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkə bilər: "Ermənistanda keçmiş Qarabağ separatçıların rəhbəri Samvel Şahramanayan "artsax"ın buraxılması barədə 27 sentyabrda imzaladığı sərəncamı ləğv etdiyini vurğulayıb. Bildiyiniz kimi, anti-terror tədbirlərindən sonra sentyabrda qərar qəbul olunub və ermənilər Qarabağdan köçüb. Proses bitib və bundan sonrakı addımlar Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər. İlk növbədə, Azərbaycan ərazisində separatizm və qondarma qurum qanunsuz idi. Azərbaycan ərazisində fəaliyyət göstərdiyi bir zamanda nə beynəlxalq birlik tərəfindən, nə də Ermənistan tərəfindən tanındı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bundan sonra Ermənistanda hər hansı bir "artsax oyunları" heç bir nəticəsi olmayan bir proses olar. Bu, ermənilərin özlərinə ziyan vuran bilər".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, bütün bunlar Ermənistanın silahlanmasının regiona mənfi təsir edəcəyini qeyd edən Azərbaycan tərəfinin nə qədər haqlı olduğu bir daha sübut edir: "Çünki hazırda Ermənistanda işğal və revanşizm qalmaqdadır, eyni zamanda separatizmi yenidən canlandırmağa çalışırlar. Qeyd edim ki, Ermənistan hakimiyyəti Qarabağdan gedən bir qrup separatçının hər hansı bir institut və strukturunun fəaliyyətinə icazə verməyəcəyini bildirir, hətta maliyyə ayırmasını da dayandırıb. Ötən həftə Samvel Şahramanyanın ortaya çıxması Rusiya prezidenti Vladirmir Putinin "Rusiya Qarabağdan imtina etmədi, Ermənistan imtina etdi" açıqlamasından sonra baş verdi. Ermənistanda 3-5 nəfərdən ibarət olan qrup Moskvaya arxayın olub ortaya çıxması Nikol Paşinyanın hakimiyyətinin əleyinədir. Çünki bu kimi addımlar Ermənistanın baş nazirinin sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını, Azərbaycana qarşı revanşizm siyasətinə malik olduğunu, Ermənistanın silahlanmaqla Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını göstərir. Belə olan təqdirdə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı "artsax oyunları" sülh müqaviləsinin imzalanmamasına gətirə bilər".

Politoloq əlavə edib ki, Ermənistan hakimiyyəti qanunla ölkə ərazisində "artsax oyunları"nı qadağan etməlidir: "Azərbaycan isə öz növbəsində, bunun sülh müqaviləsinin bəndinə salınmasını Ermənistandan tələb etməlidir. Bundan əlavə, Ermənistanda separatçı mühütin ortaya çıxması, Azərbaycana əlavə kartblanş verir ki, ermənilərin Qarabağa qayıtması ilə yenidən separatizm baş qaldıra bilər. Odur ki, Azərbaycan Ermənistanda baş qaldıran separatçıların fəaliyyəti barədə ABŞ və Avropa İttifaqını məlumatlandırmalıdır".

"Azərbaycan gələcəkdə də öz ərazisinə qarşı istənilən təhdidə qarşı əməli addımlar atacaq"

Samvel Şahramanyanın yenə səfehlədiyini vurğulayan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bu qənaətdədir ki, Ermənistan hökuməti ölkə daxilindəki separatçıları həbs edərək ya Bakıya təhvil verməli, ya da onlarla bağlı digər addımlar atmalıdır: "Azərbaycan ordusundan qaçıb Ermənistana gedən bu çaqqallar deyəsən, İrəvanda nəyəsə görə ürəkləniblər. Düşünürəm ki, Şahramanyanın bəyanatı birbaşa olaraq Bakının danışıqlardakı mövqeyini gücləndirəcək. Həmçinin, hesab edirəm ki, Ermənistan hökuməti ölkə daxilindəki separatçıları həbs edərək ya Bakıya təhvil verməli, ya da onlarla bağlı digər addımları atmalıdır". Zaur Məmmədovun fikrincə, mövcud bəyanatlar Azərbaycan - Ermənistan sülh danışıqlarına təhdiddir: "Baxaq, görək Azərbaycana təzyiq edən bəzi beynəlxalq aktorlar bu bəyanatlar fonunda separatçılar və İrəvanla bağlı hansı bəyanatları verəcəklər. Onu da qeyd etməliyəm ki, sözügedən bəyanatlar bir daha təsdiq edir ki, kimin başını necə və harada əzmək lazımdır. Azərbaycan gələcəkdə də öz ərazisinə qarşı istənilən təhdidə qarşı əməli addımlar atacaq. Qayıdış da, mütləq baş tutacaq. Klounlar isə çox gülüncdürlər. Qarabağ mövzusu artıq bağlıdır".

"Paşinyanı yaxın günlərdə separatçıların tör-töküntüləri, o cümlədən radikal müxalifətin simasında "Qarabağ klanı" ilə gərgin mübarizə gözləyir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Nikol Paşinyanı və onun hökumətini yaxın günlərdə İrəvanda Qarabağ separatçılarının tör-töküntüləri, o cümlədən radikal müxalifətin simasında "Qarabağ klanı" ilə gərgin mübarizə gözləyir: "Paşinyan anlayır ki, bu qrupları neytrallaşdırmasa və separatçıların İrəvandakı "nümayəndəliklərini" qapatmasa Azərbaycanla sülh sazişinin imzalanması çətinləşəcək. Çünki Ermənistan ərazisindən Azərbaycan ərazisinə iddia edən separatçılar gələcəkdə fərqli təxribatlara əl atacaqlar. Buna görə isə Ermənistan hakimiyyəti cavabdehlik daşıyacaq. İrəvandakı gənc daşnaklar bugünlərdə təxribata əl ataraq körpülərdən birinin altında həbs olunan separatçıların azadlığını tələb edərək onların şəkillərini asıblar. Ermənistanın hakimiyyət orqanları bir müddət sonra həmin şəkilləri yığışdırıblar. Növbəti mərhələdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən separatçıların fəaliyyəti dayandırılmalıdır. Paşinyanın tərəfdarları Qarabağ separatçılarını nəzərdə tutaraq bildiriblər ki, Ermənistan ərazisində "ikinci hökumət" və ya "ikinci parlamentin" fəaliyyətinə imkan verməyəcəklər. Dediklərini etməlidirlər".

"Rəsmi Bakı indidən Afinaya Paris və Dehlinin səhvini təkrarlamamasıyla bağlı diplomatik kanallarla çağırış etməlidir"

Bu arada, Yunanıstanın da Fransa və Hindistan kimi Ermənistana silah və hərbi texnika sata bilmə ehtimalından danışan Elxan Şahinoğlu qeyd edib ki, Afina Paris və Dehli kimi hələlik Ermənistana hərbi texnika göndərməyib, çünki Azərbaycandan qaz alır və bu sahədəki əməkdaşlığı risqə atmaq istəmir: "Buna baxmayaraq, Yunanıstan Kipr Yunan Respublikası ilə birgə Ermənistanla üçlü formatda dialoqunu gücləndirib. Bu dialoq Azərbaycan-Türkiyə ittifaqına qarşıdır. Yunanıstanın hərbi sənayesi Fransa və Hindistandakı qədər inkişaf etməsə də, bu ölkənin silah istehsal edən yüzlərlə müəssisəsi var. İrəvanın Fransa və Hindistanla yanaşı, Yunanıstandan da hərbi texnika almaq istəyini istisna etmək olmaz. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyində Yunanıstan və Kipr nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. 3 ölkə arasında müdafiə sahəsində məsləhətləşmələr keçirilib, birgə əməkdaşlıq sahəsində proqramlara imza atılıb. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək. Odur ki, rəsmi Bakı indidən Yunanıstanın Fransa və Hindistanın səhvini təkrarlamamasıyla bağlı diplomatik kanallarla Afinaya çağırış etməlidir".

"Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdilər ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur"

Ermənistanın baş nazirinin Avrasiya İqtisadi Briliyinin və MDB-nin Sankt-Peterburqda keçiriləcək toplantılarında iştirakına da toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Nikol Paşinyan Rusiyaya getməyə bilməzdi: "Rusiya prezidenti Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı yumşaq şəkildə hədələyərək, Ermənistanın Avrasiya İqtisadi Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyəcəyini əminlikdə bildirmişdi. Paşinyan və onun hökumət üzvləri nə qədər Kremlin siyasətindən narazı qalsalar da, Rusiya ilə ittifaqdan qopa bilmirlər. Öz növbəsində, Kreml əlindən gələni edir ki, Ermənistan Rusiyanın orbitindən çox uzaqlaşmasın. Bu məqsədlə Rusiya Qafanda Ermənistan ərazisində ikinci konsulluq xidməti açmağa hazırlaşır. Bundan başqa, Kreml Ermənistanın yenidən Rusiya ilə hərbi-texniki əməkdaşlığa qayıtmasına çalışır. Bu istiqamətdə danışıqlar intensivləşib. Prezident İlham Əliyev də MDB toplantısında iştirak məqsədilə Sankt-Peterburqa gedəcək. Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq. Bununla Putin Qərbə iki mesaj göndərməyə çalışacaq. Birinci mesajın mahiyyəti bu olacaq ki, Rusiya Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır və Qərb bu amili unutmamamlıdır. İkinci mesaj isə bu olacaq ki, Rusiya Azərbaycanla Ermənistan arasında əvvəlkitək əsas moderatordur". Liderlərin üçlü görüşünün istisna olmadığını deyən politoloqun fikrincə, Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdilər ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur.

"Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın "ev tapşırığı" olmalıdır"

Mövzu ilə bağlı mövqeyini bölüşən siyasi şərhçi Asif Nərimanlı isə separatçıların mövcudluqlarını davam etdirməkdə israrlı göründüklərini bildirib: "Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi. Lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmadı və bundan sonra separatçıların İrəvanda "özünübərpası" da praktiki olaraq Azərbaycana təhlükə yaratmır. Şahramanyanın qərardan imtina etməsi isə Ermənistan daxilində qondarma "artsax" ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır və bunun əsas zərbəsi də Ermənistan hakimiyyətinə dəyəcək. Belə ki, daxili siyasətdə Paşinyana qarşı Qarabağ məsələsi üzərindən müxalif mövqe separatçıların, dolayısı ilə onların bağlı olduğu "Qarabağ klanı"nın inhisarında qalacaq və bu, kənar oyunçular, xüsusilə Rusiya üçün rıçaqlardan biridir".

Siyasi şərhçinin qənaətincə, separatçılar Qarabağla bağlı iddialarını davam etdirdiyi müddətdə sülh danışıqları, ümumiyyətlə Azərbaycanla münasibətlərin normallaşması çətin görünür: "Bu baxımdan, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın "ev tapşırığı" olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qalır".

"Putinlə görüşdən qaçan Paşinyanın Sankt-Peterburqa getməsinin birdən çox səbəbi var"

Asif Nərimanlı onu da əlavə edib ki, Rusiya ilə qarşıdurma fonunda Vladimir Putinlə görüşdən qaçan Nikol Paşinyanın uzunmüddət sonra Avrasiya İqtisadi İttifaqı və MDB-nin iclasında iştirak etmək üçün Sankt-Peterburqa getməsinin birdən çox səbəbi var: "Birincinsi, iqtisadi amillərdəndir. KTMT-dən imtina edən İrəvanın Fransanın timsalında hərbi alternativ imkanları olsa da, iqtisadi alternativi yoxdur. Bu baxımdan, Ermənistanın Avrasiya İqtisadi İttifaqı bazarına ehtiyacı var və siyasi-hərbi müstəvidə nə qədər Moskvanın nəzarətindən uzaqlaşmaq istəsə də, Azərbaycanla kommunikasiyanın açılması ilə nəticələnə biləcək sülh sazişinin imzalanmadığı müddətdə Rusiya bazarından asılılığı davam edəcək. İkincisi, İran faktorudur. Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinin imzalanması planlaşdırılır. Sammitdə iştirakdan imtina Tehranla münasibətlərə də mənfi təsir edə bilər, o cümlədən, Ermənistan ittifaq ölkələrinin İranla genişlənməsi gözlənilən ticarət imkanlarından kənarda qalmaq istəmir".

Siyasi şərhçi hesab edir ki, Paşinyanın bu səfərdə siyasi hədəflərdindən biri də Azərbaycana təzyiq edə bilməyən Qərbə mesaj verməkdir: "Bunun fonunda Ermənistanın KTMT-dən uzaqlaşmaq xəttinin davam edəcəyi gözləniləndir, çünki bununla bağlı "Azərbaycan bəhanəsi var"".

Vazeh BƏHRAMOĞLU












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.