“DTX Fransa kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də Moldova və Gürcüstandakı qollarını kəsdi”

27-12-2023, 08:08           
“DTX Fransa kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də Moldova və Gürcüstandakı qollarını kəsdi”
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Fransa kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də Moldova və Gürcüstandakı qollarını kəsdi, müxtəlif planların qarşısını aldı.

Bu barədə açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Ekspertin sözlərinə görə, Fransanın Qafqazdakı maraqları üçün qurban gedən dövlət var: “Bu, Ermənistandır. Son baş verən proseslər rəsmi İrəvanı da dilemma qarşısında qoyur. Onu da deyim ki, hazırda dünyada qlobal miqyasda kəşfiyyat müharibəsi gedir. Qafqaz xüsusilə Ermənistanın timsalında bu savaşın mərkəzinə çevrilib. Azərbaycan dövləti fransalı rezidentləri ifşa edərkən prosesin digər detalları da açıqlandı. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Fransa kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də Moldova və Gürcüstandakı qollarını kəsdi, müxtəlif planların qarşısını aldı. Biz dünyanın ilk beşliyində olan ölkəsinə qarşı bunu bacardıq. Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığının, proseslərdəki həlledici rolunun göstəricisidir”.

O bildirib ki, bu, E.Makronun prezidentliyi dövründə Fransa xarici kəşfiyyatının müxtəlif savaşlarda uduzması ilə müşayiət olunur: “Parisin Afrikadakı, Keniyadakı itkiləri buna misaldır. Fransa digər regionlardakı itkilərini Qafqazda kompensasiya etmək istəyir. Fransanın Qafqazdakı maraqları onun xarici kəşfiyyat konsepsiyasının bir neçə mühüm elementi üzərində qurulub: risklərə qarşı adekvat davranmaq, özünün iqtisadi və digər maraqlarını təmin etmək. Onu da deyim ki, hazırda Fransa Prezidenti Emmanuel Makronla ölkəsinin xarici kəşfiyyat xidmətləri arasında ziddiyyət var”.

Qeyd edək ki, dekabrın 26-da Azərbaycan XİN Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğunu bildirib.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.