Hər şeyə hazır olmalıyıq...

27-12-2023, 11:14           
Hər şeyə hazır olmalıyıq...
Oyun qaydaları dəyişir, Azərbaycan Cənubi Qafqazın məsuliyyətini üzərinə götürə bilər
Doktor Fuad Rəsulov,
iqtisadçı
İnsan yaddaşı elə qurulub ki, o, pis olan hər şeyi tez unudur. Ona görə də hərdən hamıya, o
cümlədən özünə də müəyyən tarixi məqamları xatırlatmalısan.
Ermənilərin müasir dünyada ilk uğuru Azərbaycan torpaqlarında “Ermənistan” adlı hüquqi
subyektin yaradılması oldu.
İkinci uğur Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistan SSR-ə verilməsi idi.
Üçüncü əlamətdar uğur “Qarabağ” olmalıydı. 90-cı illərin əvvəllərindəki hərbi uğurlar erməni
özünüdərkinin yüksəlişinin zirvəsi oldu. Amma son nəticədə Azərbaycan ermənilərə bu parçanı
“qapmağa” imkan vermədi. Final hadisə Azərbaycan Respublikası ərazisindəki qondarma
separatçı rejimin özünü ləğv etməsi oldu. Beləliklə, hər iki tərəfdən minlərlə insanın həyatına son
qoyan bütöv bir separatizm dövrü başa çatdı.
Hazırda dünyada gedən çoxtərəfli münasibətlər sisteminin yenidən qurulması çərçivəsində
Qərbin problemləri dünya problemi olmaqdan çıxır. İndi onlar yalnız müəyyən bölgələrə təsir edir
ki, onlardan biri də Cənubi Qafqazdır. Azərbaycan Ermənistanın gözü qarşısında iqtisadi
maraqlarını genişləndirməklə həm özünün, həm də qismən regionun təhlükəsizliyini gücləndirir.
Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələrinin sinxronlaşdırılması, həmçinin Avropa
İttifaqına satış üçün yeni enerji mənbələri, Azərbaycanı Rusiya, Türkiyə və İranla birləşdirən
nəqliyyat kommunikasiyaları… Gürcüstanın bəzi layihələrimizə qoşulması, eləcə də bizim onların
layihələrində iştirakımız Cənubi Qafqaz regionu dövlətləri arasında qarşılıqlı iqtisadi-ticarət
fəaliyyətinin gözəl nümunəsidir. Və bütün bunlar Ermənistandan yan keçir…
Biz Ermənistana birgə yaşayışın heç də pis olmayan variantını təklif edirik – türk dünyası
layihələrinə inteqrasiyaya önəm verərək, suverenliyin saxlanılması. Ancaq insan təbiəti bu qədər
tez dəyişmir. Azərbaycanda ermənilər üçün heç bir müstəsna hüquqların olmaması ermənilər
üçün hələ də pis yuxu kimi görünür. Onlar 44 günlük müharibədə məğlubiyyəti milli rüsvayçılıq
kimi qəbul etdilər. Və bütün bu hisslərin qarışığı – yorğunluq, qorxu, əsəbilik, miflərlə reallıq
arasındakı uyğunsuzluq bütün dünyadakı ermənilərinin hazırkı nəsli üçün əsl kabusa çevrilib.
Rusiyadan gələn sərvətlər və diasporun dəstəyi ilə yaşamağa adət etmiş ölkə əslində dilənçi
imiş, Qərbin bütün vədləri isə yalnız kağız üzərindədir. Bundan sonra necə yaşamaq olar? Axı,
reallıqda Ermənistanın Qərblə əlaqələri heç vaxt Rusiya ilə əməkdaşlıq səviyyəsində olmayacaq.
Son dərəcə irrasional davranışlarına görə, indi o, çox güman ki, Bakı, Ankara, hətta Tiflis və
Tehranla da yüksək səviyyədə əməkdaşlıq edə bilməyəcək. Deməli, ermənilərin “böyük ağlı”,
praqmatizmi və hətta hiyləgərliyi haqqında mif çox şişirdilib…
Əslində, ermənilərin “tarixə qədərki” fəaliyyəti ilə bağlı bütün əsas “tarixi kəşflər” məhz son 30
ilə təsadüf edir. Bəşəriyyətin ermənilərə qlobal borcu ilə bağlı bütün bu nağıllara, tanınmış
ekspert Maksim Şevçenkonun dili ilə deyilsə, erməniləri qlobal oyunçuya çevirən “Qarabağ
layihəsi” də əlavə olundu. Amma “Artsax” layihəsinin bağlanması ona çoxlu vəsait yatıranlar
üçün əsl fəlakətdir. Maksim Şevçenko qeyd edir ki, “Qarabağ problemi” olmadan Ermənistan
sadəcə olaraq Türkiyə, İran, Azərbaycan və Gürcüstanla əhatə olunmuş, regiondakı strateji
birləşmələrə heç bir təsiri edə bilməyən və ümumiyyətlə heç kimin maraq dairəsində olmayan
kiçik bir dövlətə çevrildi. Amma Ermənistan özünü heç nə dəyişmədiyi kimi aparmaqda davam
edir və İrəvan danışıqlarda sülh sazişinin şərtlərini “diktə edir”.
Ermənistanın bütün problemləri keçmişə təhrif olunmuş baxışdan qaynaqlanır. Onların
dərsliklərində yazdıqları yoxdur və heç vaxt olmayıb. Öz “böyüklüyündə” və arzularında dolaşıb
qalan bu ölkə üçün indi əsas problem bütün dünyadakı “diasporu”dur. O, erməniliyin
maraqlarının lobbiləşdirilməsində fəal iştirak edir. Ermənistanın yox, erməniliyin! Son otuz ildə
diasporun lobbi hücumlarının mərkəzi Türkiyədən ölkəmizə keçdi. Dünyada Azərbaycana qarşı
nifrət yaratmaq üçün erməni diasporu yüz milyonlarla dollar xərcləyib. Bu “zərərli” nifrət siyasəti
erməni xalqına heç nə gətirmədi. Zaman keçir, Ermənistan zəifləyir, erməniliyin “soyqırım”,
“Artsax” və s. ilə bağlı olan ilğımları isə əlçatmaz olaraq qalır. Bu arada lobbiçilər də qocalır, lakin
onlar mütəmadi olaraq vəzifələr, bizneslər, səslər alır və erməni maniyasını təşviq etməkdə
davam edirlər…
Şübhəsiz ki, erməni diplomatiyası özünün ən pis keyfiyyətlərini göstərir və reallıqlara məhəl
qoymadan Ermənistan üçün “incidilmiş ölkə” imici yaratmağa çalışır. Lakin kiçik ölkələrin
problemi ondadır ki, qlobal siyasi sistemin əsas oyunçuları “kiçik tərəfdaşlar”ın problemlərinin
tam həllində maraqlı deyillər. Onların problemlərin tam həlli dominant ölkələrdən daha az asılı
vəziyyətə salacaq. Kiçik ölkələr üçün “kökə” liberalizm və liberal dəyərlər şəklində təqdim olunur.
Əgər işə yaramırsa, o zaman təhdidlər dilinə keçirlər. ABŞ eyni zamanda görür ki, Azərbaycan
həm Rusiya, həm də İranla uğurla əlaqələr qurur və xeyli sayda birgə layihələr həyata keçirir. Bu
zaman Qərbdən Şərqə gedən, Moskva və ya Tehranın nəzarəti altında olmayan yeganə yol
Azərbaycandan keçir və İrəvanın axmaqlıq həddinə qədər inadkarlığı nəticəsində İrandan keçə
bilər. Və bu, Tehrana Qərb ölkələri və xüsusən də ABŞ-la siyasi münasibətlərdə təzyiq rıçaqları
verəcək. Bəlkə də Vaşinqtonun ritorikasındakı son dəyişiklik və Bakı ilə münasibətləri bərpa
etmək taktikası məhz bu amillə bağlıdır.
ABŞ və Çin dünyada liderlik uğrunda mübarizə aparır. Bu qarşıdurma çərçivəsində təsir zonaları
bölünür, onların hər biri özü üçün müəyyən bir yeri təmin etməyə çalışır. Bu baxımdan, Vaşinqton
ermənilərin, azərbaycanlıların, ukraynalıların, ümumiyyətlə özlərindən başqa hər kəsin taleyinə
dərin biganədir. Unutmayın ki, təkbaşına müəyyən qərarlar qəbul etməyə qadir olan ölkələr
avtomatik olaraq ABŞ üçün arzuolunmaz hala gəlir.
Cənubi Qafqazda vəziyyət mürəkkəb və müəyyən dərəcədə gözlənilməz olaraq qalır. İlk növbədə
ona görə ki, münaqişə tərəfləri bəzi məsələlərdə vasitəçilər olmadan özləri razılığa gələ bilərlər.
Üç onillik ərzində hər iki ölkə fərqli oyunlar oynayıb. Bakı problemin həllini tapmağa, Ermənistan
isə prosesi ləngitməyə çalışıb. İndi Ermənistanın strategiyasında dəyişiklik əlamətləri görünür.
Bura COP29-un keçirilməsində Azərbaycana dəstəyi, hərbi əsirlərin mübadiləsi və delimitasiya
komissiyasının fəaliyyətinin reqlamentinin təsdiqi daxildir…
Mümkündür ki, son zamanlar “Zəngəzur dəhlizi” ilə bağlı kifayət qədər danışılsa da, onu
müvəqqəti olaraq yaddan çıxarmaq lazımdır. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, Bakının
İrəvanı Zəngəzur dəhlizini açmağa məcbur etmək niyyəti və Ermənistanın suveren ərazisinə
iddiası yoxdur. İlham Əliyev izah edib ki, Zəngəzur dəhlizi Azərbaycanın bir hissəsindən
Azərbaycanın digər hissəsinə gedən yoldur, orada gömrük rüsumları yığılmamalı, yoxlamalar
aparılmamalıdır. Əgər yük başqa istiqamətə, başqa ölkələrə gedirsə, bu zaman mümkündür.
Brüsseldə hətta Rusiyadan Kalininqrad eksklavına dəmir yolu marşrutu təcrübəsi müzakirə
olunub. Lakin İrəvan bu variantdan da imtina etdi. Beləliklə, indiki mərhələdə
kommunikasiyaların açılması arzuolunan, lakin qeyri-real görünür. Məsələ “yetişməlidir”. İndi
ərazilərin tanınması, sərhədlərin dəqiqləşdirilməsi vacibdir. Qoy hər şey sakitləşsin.
Ermənistanın qorxusu səngiyəcək, nəhayət, kimin yanında olduğuna qərar verəcək – Rusiyanın,
yoxsa Qərbin. Və onda kommunikasiyaların açılması məsələlərinə qayıdarıq…
Müasir siyasət dönə-dönə göstərir: müstəqil olmaq istəyirsənsə, müdafiə məsələləri ilə məşğul
ol. Azərbaycan bütün digər sovet respublikalarından qat-qat ağır şəraitdə müstəqillik əldə etdi.
Məşhur alman filosofu Karl Şmidtin fikrincə, qlobal siyasətdə müasir tendensiyalar bir sıra
dövlətlərin mövcudluğu tamamilə mənasızlaşana qədər onların tədricən zəifləməsinə aparır. Və
bu fonda bəzi digər dövlətlər öz meqa-regionlarında liderlik edə bilərlər. Belə bir fərziyyə var ki,
çox yaxın müddətdə həqiqətən suveren dövlətlər o qədər də çox olmayacaq və Azərbaycan
dünyanın yenidən qurulmasından sonra da özünü uğurlu dövlət kimi qorumağa əsas
iddiaçılardan biridir… Bakının anlaması vacibdir ki, bütün Cənubi Qafqaz regionu üçün
məsuliyyət tədricən onun üzərinə düşə bilər. Artıq bir çox böyük dövlətlər, o cümlədən Rusiya,
ABŞ, Aİ, Çin Azərbaycanı diqqətlə izləyir və sual verir: Bakı özü üçün yeni rola hazırdırmı?
“Uğurlu dövlət” olmaq istəyiriksə hazır olmalıyıq!
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.