Dünya Bankının “yaşıl” müstəmləkəçilik siyasəti

27-12-2023, 07:08           
Dünya Bankının “yaşıl” müstəmləkəçilik siyasəti
Oyun qaydaları getdikcə sərtləşir... COP-29 ərəfəsi daha diqqətli olmalıyıq
Müəllif: İsa Əliyev,
iqlim dəyişmələri üzrə
müstəqil ekspert
Qlobal iqlim dəyişmələri dünya ölkələrinin gələcək inkişafını ciddi şəkildə təhdid etməkdədir.
Qeyri-müəyyənliklərin həddindən artıq olduğu və heç bir ölkənin bu problemdən
sığortalanmadığı bir zamanda, inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin baş verə
biləcək itkilərin minimuma endirilməsi üçün elmə əsaslanan müfəssəl biliklərə, faydalı
təşəbbüslərə böyük ehtiyacı vardır. Belə qeyri-müəyyənliklər qarşısında məqsədə çatmaq üçün
başqalarına doğru-düzgün yol göstərmək indiki dünyanın bəşəri vəzifəsidir.

Amma bəşəriyyətin bu ölüm-dirim məsələsində xoşməramlı fəaliyyətlər əvəzinə, bəzən yaranmış
şəraitdən bəhrələnərək, “iqlim” adı altında ölkələri təhdid etmək, təsir dairələrinə salmaq, öz
maraqlarına uyğun layihələr həyata keçirmək və yanlış təsəvvürlərlə çaşqınlıq yaratmaq üçün
heç bir əsası olmayan məlumatlar yayılır, məkrli oyunlar oynanılır. Həm də bu kimi hallar xırda
lobbiçi təşkilatlar tərəfindən deyil, dünyanın aparıcı elmi, iqtisadi, maliyyə və s. təşkilatları
tərəfindən oynanılanda ikiqat təəssüf hissi doğurur. Bu cür oyunlardan biri də 29 noyabr 2023-
cü il tarixində Bakının mərkəzində (Landmark Biznes Mərkəzinin Rotunda konfrans zalında)
oynanıldı.
Həmin gün Dünya Bankı tərəfindən hazırlanmış “Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatı”
(CCDR) dərc edilərək, ictimaiyyətə (ekspertlər, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti
üzvlərinin, əksər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə) təqdim olundu.
Ölkəmizin iqlim fəaliyyətləri ilə bağlı reallıqdan uzaq məlumatlarla dolu olan və tələm-tələsik
hazırlandığı (çoxlu texniki, qrammatik və tərcümə səhvləri buna dəlalət edir) dərhal nəzərə
çarpan hesabatdakı fikirlərin təhlilinə keçməzdən əvvəl deyim ki, burada əsas təəccüb doğuran
məqam təqdimat mərasiminin dünyanın əksər ölkə başçılarının, o cümlədən Azərbaycan
Prezidenti İlham Əliyevin iştirakının nəzərdə tutulduğu Qlobal İqlim Sammitinin yüksək
seqmentindən bir gün əvvələ təsadüf etməsidir. (Bu “təsadüf”ün təhlilini politoloqlarımız
versələr, yaxşı olar).
İndi isə əsas mətləbə keçək. Ədalət naminə qeyd edək ki, Azərbaycanda iqlim və inkişaf
problemlərinə həsr olunmuş hesabatda iqlim problemlərinin ümumbəşəri xarakter daşıyan
məsələləri (su çatışmazlığı, quraqlıqlar, daşqınlar, ekstremal atmosfer hadisələri, kənd
təsərrüfatına təsirlər və s. kimi qlobal təhdidlər) üzrə bəzi faydalı tövsiyələr var, ancaq əsas
diqqətin ölkəmizdə bu sahədəki vəziyyətə dair heç bir məntiqə söykənməyən fikirlər və təhdid
xarakterli mülahizələrə yönəldiyi açıq-aşkar hiss olunur.
Bu baxımdan, Azərbaycanda iqlim fəaliyyətləri barədə yanlış məlumatlar üzərində qurulan belə
bir dolaşıq hesabatın özəyində duran vacib məqamlara aydınlıq gətirilməsi müstəsna əhəmiyyət
kəsb edir. Gəlin baxaq, görək, hesabatda nə deyilir, faktlar nə göstərir.
1. Hesabatın hər yerində Azərbaycanın Paris Sazişi üzrə istixana qaz emissiyalarının 1990-cı
illə müqayisədə 2030-cu ildə 35% və 2050-ci ildə 40% azaldılmasına dair götürdüyü iqlim
öhdəliklərini yerinə yetirə bilməyəcəyinə dair fərziyyələr dönə-dönə vurğulanır.
Hesabatdan çıxarışlar: “Neft və qaz rentasından və dövlət investisiyasından asılı olan hazırkı
inkişaf modeli ilə bu məqsədlərə nail olmaq mümkün deyil” (bax: səh. 11); “Hazırkı siyasətlər
Azərbaycanın karbonsuzlaşdırma ilə bağlı 2030-cu və 2050-ci illər üçün məqsədlərinə nail
olmayacaq” (bax: səh. 13); “Hazırkı siyasətlər əsasında ölkənin 2030-cu ilədək 35 faizlik, 2050-ci
ilədək isə 40 faizlik (1990-cı illərdə mövcud olmuş səviyyələrlə müqayisədə) 24 MMT+
hədəflərinə nail oluna bilməz” (bax: səh. 13); “Ölkə həm karbonsuzlaşdırma, həm də dayanıqlılıq
göstəriciləri üzrə uzunmüddətli məqsədlə faktiki icra arasında boşluqla uzləşir” (bax: səh. 17);
“3.1.1. Nisbətən az səy tələb olunmasına baxmayaraq, Azərbaycan emissiyanın azaldılması
sahəsində müəyyənləşdirdiyi MMT+ hədəflərinə nail olma yoluna davam etmir” (bax: səh. 25);
“Ölkədaxili karbonsuzlaşdırma fəaliyyətləri yoxdur” (Bax: səh. 44) və.s. və i.a…
26.12.2023, 21:52 Dünya Bankının “yaşıl” müstəmləkəçilik siyasəti
https://pressklub.az/ekskluziv/dunya-bankinin-yasil-mustemlekecilik-siyaseti/ 3/6
İndi hesabatdan bu çıxarışların nə dərəcədə düzgün olduğunu bilmək üçün məsələnin
mahiyyətinə və faktlara diqqət yetirək. Azərbaycanın ümumi istixana emissiyaları 1990-cı baza
ilində 82,6 milyon ton CO2 ekvivalenti olub. Bunun 3,7 milyon tonu meşələr, digər torpaq və
çoxillik kənd təsərrüfatı əkinləri tərəfindən udulub, deməli, təmiz netto emissiyamız 1990-cı ildə
79 milyon ton CO2 ekvivalenti olub. Azərbaycan isə Paris Sazişi üzrə öhdəlik götürüb ki, bununla
müqayisədə 2030-cu ildə emissiyalarımızı 35% azaldacaq. Rəqəmlə ifadə etsək, söhbət
təxminən 27,7 milyon tondan gedir. Yəni, Paris Sazişi üzrə öhdəliklərimizin yerinə yetirilməsi
üçün ölkəmizin istixana qaz emissiyaları 2030-cu ildə 79-27,7=51,3 milyon ton CO2 ekvivalenti
olmalıdır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, artıq 2021-ci ildə bu rəqəm
58,1 milyon ton CO2 ekvivalenti təşkil etmişdir. Beləliklə, biz hələ 2021-cı ildə öhdəliklərimizin
təxminən 73%-ni yerinə yetirmişik və hədəfə çatmaq üçün qarşıdakı 7 ilə cəmi 6,8 milyon ton
qalıb. Belə bir uğur ölkədə həyata keçirilən irimiqyaslı mitiqasiya tədbirləri – istilik elektrik
stansiyalarında mazutdan ən təmiz yanacaq olan qaza keçid (dünyada hələ bir çox ölkədə, o
cümlədən Almaniyada, ABŞ-da daha çox emissiya yaradan kömürdən istifadə edilir), bərpa
olunan enerji mənbələrindən istifadə, yeni meşə massivlərinin salınması, enerji səmərəliliyinin
artırılması, yeni texnologiyalara keçid, tullantıların səmərəli idarə edilməsi və s. – nəticəsində
mümkün olmuşdur. Planlaşdırılan digər tədbirlərin təhlili isə göstərir ki, növbəti 7 ildə
öhdəliklərimiz üzrə yerdə qalan kiçik payın da artıqlaması ilə yerinə yetirilməsi üçün möhkəm
baza yaranmışdır. Belə olan halda təbii sual yaranır ki, görəsən, hesabatdakı əks fikirlər haradan
götürülüb, nəyə əsaslanır? Demək olar ki, işin böyük hissəsini görmüş Azərbaycan niyə 2030-cu
ilə olan öhdəliklərini yerinə yetirə bilməz? Nədən heç bir fakta əsaslanmadan belə bir cəfəng
iddia irəli sürülür? Əsas qayəsini “Azərbaycan iqlim öhdəliklərini yerinə yetirə bilməz” kimi
uydurma bir ideyanın təşkil etdiyi bu hesabatın Dubay Qlobal İqlim Sammiti öncəsi təqdim
edilməsi bir təzyiq və təsir vasitəsi, ya təhdid deyildirsə, onda nədir? Kim deyə bilər ki, hesabat
Azərbaycana kömək etmək niyyəti ilə hazırlanmışdır?
2. Hesabatda ölkənin iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün tələb olunacaq maliyyə
vəsaitləri üzrə fərziyyələrin ən azından 5-6 dəfə şişirdilərək, dəfələrlə təkrarlanması diqqəti
cəlb edir.
Hesabatdan çıxarışlar: “Azərbaycanın strateji hədəflərində karbonsuzlaşdırma və dayanıqlılığa
ehtiyacın yaratdığı uzunmüddətli çağırışlar hələ də əks olunmamaqla yanaşı, bir neçə istisna
xaric, mövcud hədəflər hələ də müvafiq siyasətlərlə və investisiyalarla dəstəklənmir” (bax: səh.
17); “Ümumilikdə, MÖS-də Azərbaycan 2022-2030-cu illərdə enerji sisteminə əlavə 6,3 milyard
ABŞ $ investisiya yatırmalı ola bilər,.. 2022–2060-cı illərdə isə əlavə 12,4 milyard ABŞ $ yatırmalı
ola bilər” (bax: səh. 26); “Ümumilikdə, baza ssenarisi ilə müqayisədə, XSS-də Azərbaycanın
enerji sisteminə 2022-2030-cu illərdə əlavə 7,9 milyard ABŞ $, 2022-2060-cı illərdə isə əlavə 28,1
milyard ABŞ $ investisiya (hazırkı qiymətlərlə göstərilmişdir) yatırması tələb oluna bilər” (bax:
səh. 29); “2060-cı ilədək qlobal xalis sıfır emissiyaya uyğunlaşdırma yolu Azərbaycan üçün əlavə
iqtisadi xərclər yarada bilər” (bax: səh. 47); “Təhlil göstərmişdir ki, 2060-cı ilədək xalis sıfır
səviyyəsinə nail olmaq üçün Azərbaycan enerji sisteminə 2022-30-cu illərdə 7,9 milyard ABŞ $,
2022-60-cı illərdə isə 28,1 milyard ABŞ $ (diskontlaşdırılmış) investisiya yatırmalı ola bilər” (bax:
səh. 65) və s.
Göründüyü kimi, hesabatda 2022-2030 illər üzrə iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün
Azərbaycanın enerji sisteminə tələb olunacaq maliyyə vəsaitinin 7,9 milyard ABŞ dolları olacağı
vurğulanır. Bu, heç bir əsası olmayan və reallıqlardan dəfələrlə artıq olan bir rəqəmdir. Sübut
etmək üçün alim olmaq lazım deyil. Baxın, ölkəmizin energetika sisteminin ümumi qoyuluş gücü
7927 MVt təşkil edir. Bunun 6623 Mvt-ı istilik elektrik stansiyalarının payına düşür, iri su elektrik
stansiyaları daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1304
MVt-dır ki, bu da ümumi gücün təxminən 17%-ni təşkil edir.
Buradan aydın olur ki, Azərbaycana əlavə olaraq maksimum 1500 Mvt bərpa olunan enerji
lazımdır ki, həm enerji istehsalında onun payını lazımi səviyyəyə çatdırsın, həm də Paris Sazişi
üzrə 2030-cu ilə 35% azalma öhdəliyini artıqlaması ilə yerinə yetirsin. Yada salıram ki, öhdəliyin
73%-i artıq yerinə yetirilib. Qalan hissəsi üçün isə lap 2022-ci il qiymətləri ilə götürülsə belə
(hərçənd, dünya bazarında günəş və külək stansiyalarının qiymətləri sürətlə ucuzlaşmaqda
davam edir), Azərbaycanda “2030 hədəfi”nə nail olmaq üçün Qaradağ GES (hansı ki, tikintisi
293,3 milyon ABŞ dollarına başa gəldi) kimi cəmi 6 stansiyanın tikilməsi kifayət edir. Buna da
indiki qiymətlərlə təxminən 1,7 mlrd. ABŞ dolları lazım gəlir ki, növbəti 7 ilə böləndə hər ilə,
hesabatda qeyd edildiyi kimi, 1,1 milyard ABŞ dolları deyil, 250 milyon ABŞ dolları düşür. Bəs
onda hesabatdakı “ilə 1,1 milyard ABŞ dolları, ümumilikdə isə 2030-cu ilədək 7,9 milyard ABŞ
dolları lazımdır” kimi fikir haradan götürülüb və əgər bu şişirdilmiş məlumat, yanlış təsəvvürlər
yaradaraq, qaranlıq otaqda qara pişik tutmaq cəhdi deyildirsə, onda nədir? Belə hesabat hansı
məqsədə xidmət edir? Bu, yeni müstəmləkəcilik metodunun tətbiqi forması deyildırsə, nədir?
Bəzi ekspertlər soyləyə bilərlər ki, göstərilən rəqəmlər hesabatın hazırlanmasında tətbiq olunan
modelin verdiyi “obyektiv” nəticələrdir. Amma atalar demişkən, görünən dağa nə bələdçi? Yəni,
hər şeyin göz qabağında olduğu vəziyyətdə 7 illik yaxın bir dövr üçün ayrıca modelin (istifadə
olunan model və ona verilən parametrlər barədə bir az sonra) “icad edilməsinə” nə ehtiyac
vardı?
2060-cı ilə tələb olunan investisiyaların necə şişirdildiyi də nəzərdən qaçırılmamalıdır. Heç kim
deyə bilməz ki, 30 ildən sonra dünyada elektrik enerjisinin, suyun, ərzağın və ya yanacağın
qiymətləri necə olacaq? Ona görə də bu cür əsassız, özünü doğrultma ehtimalı 1%-dən aşağı
olan cəfəng fərziyyələrin üzərində dayanmaqla oxucuların vaxtını itirməyinə dəyməz.
3. “Azərbaycan 2030 və 2050-ci il üzrə öhdəliklərini yerinə yetirə bilməz” fikri qəti olaraq
bəyan edilən hesabatda başqa maraqlı bir məqam da var. Nədənsə, burada Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl enerji” zonasının yaradılması, 30
min ha sahədə meşəbərpa işlərinin aparılması, KSES-lər (170 Mvt) tikilməsi, habelə Qaradağ
GES (Masdar 230 Mvt), Abşeron Xızı KES (AQVA Pover 240 Mvt), Cəbrayıl-Zəngilan GES (BP
230 Mvt), Xudafərin SES (100 Mvt), “Qız Qalası” SES (40 Mvt), Koreya şirkətləri tərəfindən
Laçın/Kəlbəcər ərazisində tikintisi planlaşdırılan 100 Mvt gücündə KES, 2022-ci il dekabrın
17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və
Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji
tərəfdaşlıq haqqında Saziş” barədə məlumatlar verilməyib və ya onlardan istifadə olunmayıb.
Halbuki, bu yeniliklər ölkənin iqlim öhdəliklərinə böyük töhfələr verəcək. Onların nəinki 35%
öhdəliklərin yerinə yetirilməsini, hətta emissiyalarda əlavə azalmaları necə şərtləndirəcəyini
görməmək gülüncdür. Əksinə, hesabatda qeyd olunur ki, “Yeni azad olunmuş ərazilərdə
2050-ci ilədək xalis sıfır emissiya səviyyəsinə nail olmaq üçün əlavə təklif və tələbat yönümlü
investisiyalar tələb oluna bilər” (bax: səh. 26). Sual olunur: qlobal emissiyalarda 0,1% karbon
izi olan, gənc və dinamik inkişaf edən bir ölkənin qlobal iqlim öhdəliklərindən narahat olan
Dünya Bankı kimi nəhəng maliyyə təşkilatı infrastrukturu tamamilə dağıdılmış bu torpaqlarda
yaradılmağa başlayan “Yaşıl enerji zonası”na niyə aşağı faizli, uzunmüddətli güzəştli kreditlər
ayırmır?
Qeyd edilən iri layihələrlə yanaşı, bütün sektorlarda innovativ texnologiyalardan istifadə və yeni
qanunun yaratdığı stimullar nəticəsində icra ediləcək minlərlə kiçik layihələrin də növbəti illərdə
emissiyaların azalmasına mühüm töhfə verəcəyi heç kimdə şübhə doğurmur.
4. Hesabatda istifadə edilən modellər barədə nəzərinizə çatdırım ki, onların tətbiqi dünyada
qismən qəbul edilmiş prosedurlar sırasına daxildir. Özünü doğrultma ehtimallarının aşağı
olması modellər üzrə təlimatlarda da qeyd olunur. Düzgün parametrlər verildiyi halda həmin
modellər uzunmüddətli dövrlər (40,60 il və s.) üçün yararlı nəticələr verə bilər. Həm də
modelə nə qədər çox və daha son illərin məlumatları daxil edilsə, onun etibarlılığı bir o qədər
yüksək olar. Mənə hesabatda istifadə edilən CompactPRIMES modelinin adı tanış
gəlmədiyindən Google-da axtarış apardım və öyrəndiklərimdən dəhşətə gəldim. Məlum olur
ki, E3-Modelling şirkəti tərəfindən CompactPRIMES əsasında hazırlanmış ESA (Azərbaycan
üçün Enerji Sistemi) modeli Azərbaycanın 2015-ci il statistikasına uyğunlaşdırılıb və onun
təxminlərinin 2050-ci ilə qədər dövrü əhatə etdiyi bildirilir. Baxın, 2023-cü ilin sonunda
hazırlanan bir hesabatda istifadə olunan modeldə parametrlər 8 il əvvəlin, yəni, 2015-ci ilin
məlumatlarıdır. Heç olmasa təxminlərin etibarlılığını artırmaq xatirinə, ölkənin ingilis dilində
olan rəsmi statistikasından son 5 ilin məlumatlarını götürməyi belə özlərinə rəva biməyiblər.
Bu da hesabatın necə tələsik və başdansovdu hazırlanmasının daha bir sübutudur. Üstəlik,
yuxarıda qeyd etdiyim, “Yaşıl enerji” üzrə ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlərin
heç biri haqqında məlumatlar o modeldə nəzərə alınmayıb. Çünki əks təqdirdə, nəticə fərqli
olacaqdı və təzyiq göstərmək məqsədi güdənlərə sərf etməyəcəkdi. Burada E3-Modelling
şirkətinin daha insaflı davrandığını demək istəyirəm. Çünki şirkət ən azından bu modelin
ancaq Azərbaycan üçün hazırlandığını və ora yerləşdirilən məlumatların 2015-ci ilin statistik
məlumatları olduğunu saytında açıq bildirir.
Hesabatda “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iqlim dəyişmələri üzrə proqramın milli
koordinatoru kimi, UNFCCC konvensiyasına hesabat verməyə məsul olsa da, ölkənin strateji
baxışının müəyyənləşdirilməsinə və idarə edilməsinə məsul deyil” kimi absurd bir fikir də yer alır
(bax: səh. 18). Bu nə deməkdir? Axı dünya ölkələrinin hamısında belə nazırliklərin funksiyaları
elə adından bəllidir?!
Əlbəttə, Dubay Qlobal İqlim Sammitinin rəsmi açılışından bir gün qabaq Bakıda belə bir
hesabatın təqdimatının keçirilməsi acı təəssüf doğurur.
Daha çox təəssüf doğuran məsələ isə sənədi hazırlayan, 75-dən çox üzvü olan komandanın
tərkibində 5-6 yerli mütəxəssisin də olması, “sapı özümüzdən olan” həmin ekspertlərin
bəzilərinin dövlət qurumlarında məsul vəzifə tutmalarıdır.
Ən qəribəsi isə odur ki, yanlış məlumat, fərziyyə və fikirlər üzərində qurulan bu hesabata dair
yayilmış press-relizdə o, “Azərbaycan üçün dayanıqlı və xalis sıfır emissiyalı inkişafın təmin
edilməsi üçün strateji yol xəritəsi və ölkə əhalisini iqlim dəyişikliyinin mənfi təsirlərindən
qoruya biləcək tədbirlərin həyata keçirilməsinə keçid üçün praktiki yol kimi təqdim olunur”.
Buna bənzər təxribat xarakterli hadisənin 2015-ci ildə COP-un Parisdə keçirilən 21-ci sessiyası
ərəfəsində də şahidi olmuşduq. O zaman Fransa COP21-in ev sahibi kimi canfəşanlıq
göstərirdi. Azərbaycana səfərə gəlmiş Aİ nümayəndə heyəti tərkibində olan Fransa
nümayəndələri görüş zamanı ölkəmizi qlobal iqlim dəyişmələri problematikasında neft ölkəsi
kimi tarixi məsuliyyət daşıdığını bəyan etmişdilər. Vaxtında verilən əsaslı cavablar nəticəsində
məkrli niyyətin qarşısı alındı.
Buradan görünür ki, “iqlim” adı altında gedən qlobal mübarizədə müəyyən dairələrin öz
maraqlarını güdməsi nəticəsində bəzən müxtəlif konfliktlərin yaranması qaçılmaz olur. Belə
halları nəzərdən qaçırmamalı, “hər çalınan havaya oynamamalı”, problemin mahiyyətini dərindən
araşdırandan sonra qərarımızı verməliyik. COP-un 29-cu sessiyasının 2024-cü ildə ölkəmizdə
keçiriləcəyi Konvensiya Katibliyi tərəfindən rəsmən elan edildiyi indiki şəraitdə dövlətin aidiyyəti
qurumlarının belə məsələlərə yüksək səviyyədə diqqətli olması müstəsna əhəmiyyət kəsb edir
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.