“Sülhün fotosu”: Peterburqda MDB sammitində baş verənlər - Putin Paşinyandan nə istəyib?

27-12-2023, 19:26           
“Sülhün fotosu”: Peterburqda MDB sammitində baş verənlər - Putin Paşinyandan nə istəyib?
Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti keçirilib. Hər ilin sonunda ənənəvi olaraq Rusiyanın şimal paytaxtında keçirilən qeyri-rəsmi görüş adətən Birlik ölkələri arasında il ərzində siyasi-iqtisadi münasibətlərin inkişafının vəziyyətinə yekun vurmaq xarakteri daşıyır. Gərginləşən Moskva-İrəvan münasibətləri, Azərbaycanla-Ermənistan arasında gözlənilən və ümid edilən sülh danışıqları fonunda baş tutan budəfəki sammit nə ilə yadda qaldı?

APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun hazırladığı reportajı təqdim edirik.

Sovet İttifaqı dağılandan sonra keçmiş ittifaqa üzv ölkələrin əksəriyyətinin təmsil olunduğu Müstəqil Dövlətlər Birliyi bu il yaranmasının 32 illiyini qeyd edib. Ötən illər ərzində Gürcüstan və Ukraynanı itirən, Moldovanı isə itirməkdə olan və daha çox iqtisadi-humanitar yönümlü beynəlxalq təşkilat kimi fəaliyyətini davam etdirən MDB-nin 2023-cü il üzrə fəaliyyətini qiymətləndirmək üçün Birliyə üzv ölkələrin liderləri Rusiyanın təklifi ilə Sankt-Peterburqa toplaşmışdı.

Sammitin mətbuata açıq hissəsində Rusiya Prezidenti Vladimir Putin çıxış edərək MDB çərçivəsində üzv ölkələr arasında 2023-cü ildə görülən işlərdən danışıb, Birliyin fəaliyyətinə qiymət verib. Medianın marağı təbii ki, hər il ənənəvi keçirilən qeyri-formal sammitə yox, tədbirdə məhz Moskva-İrəvan və Bakı-İrəvan münasibətlərinin müzakirə olunacağına yönəlmişdi. Şimal qonşumuzun mediası sammitdən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın, eləcə də Vladimir Putinlə Paşinyanın ayaqüstü təmaslarını ayrıca xəbər kimi təqdim edirdi.

Prezident İlham Əliyev və Paşinyanın ayaq üstü təmas zamanı və dövlət başçılarının şərəfinə verilən ziyafətdən çıxarkən çəkilən fotoları isə “Sülhün fotosu” başlığı ilə MDB sammitinin gündəminə çevrilmişdi.

Kremlin sözçüsü Dmitri Peskov isə hələ sammitin gedişatında mətbuata açıqlama verərək Bakı və İrəvanın sülh müqaviləsini yekunlaşdırmağa hazır olduğunu bildirmişdi. Sammit bitəndən sonra Putinin sözçüsünün verdiyi açıqlama da maraqlı idi...

“MDB-nin qeyri-rəsmi sammiti sülh müqaviləsi üzərində işi bitirməli olan Azərbaycan və Ermənistan liderləri arasında dialoqu dəstəkləmək üçün yaxşı imkan idi. Bu çox vacibdir. Hər iki tərəf son zamanlar sülh müqaviləsi üzərində işi yekunlaşdırmaq niyyətində olduqlarını bəyan edirlər. Rusiya onlara kömək etməyə, bunu alqışlamağa hazırdır. Biz öz vasitəçiliyimizi heç kəsə məcbur etmirik. Sözsüz ki, iki tərəfdaşımızın, müttəfiqimizin qısa müddətdə sülh müqaviləsini bağlaması bizim üçün çox vacibdir. Bakı ilə İrəvan arasında sülh Qafqaza proqnozlaşdırıla bilən atmosfer gətirəcək”, - Kremlin mətbuat katibi vurğulayıb.

Rusiyada hesab edirlər ki, MDB liderlərinin qeyri-rəsmi sammiti Bakı-İrəvan və Moskva-İrəvan münasibətlərinin normallaşması perspektivləri baxımından uğurlu keçib və sammit çərçivəsində baş tutan təmasların nəticəsi yaxın zamanlarda özünü praktikada göstərəcək.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun fikrincə, Paşinyan Peterburqa gəlməklə Qərbə Ermənistanın hələ tam Qərbin olmadığını göstərmək istəyib. “Ermənistan mətbuatı yazır ki, Putin Paşinyandan münasibətlərin gərginləşməsinə aydınlıq gətirməsini istəyir. Düşünürəm ki, Putin münasibətlərin pisləşməsinin səbəblərini yaxşı bilir. Bu səbəblər Ermənistanın Rusiyadan Azərbaycanla münaqişədə onun tərəfini tutmasını tələb etməsi və Paşinyanın Rusiyadan Qərbə, Moskvanın düşmənləri olan Fransa və ABŞ-a tərəf getməsi ilə bağlıdır. Hansı ki, Paşinyan bunu çoxdan arzulayır. Məncə, əslində bu sammitdə Putin Paşinyanın Rusiyadan nə qədər uzağa getməyə hazır olduğunu öyrənmək istəyib. Putin bilmək istəyir ki, Rusiya Ermənistan bu addımı atacağı təqdirdə, ona nə qədər sərt cavab verə bilər. Lakin hələ ki Paşinyanın nə etmək istədiyi anlaşılan deyil, ya da ki, o, bu yolla Rusiyanı şantaj etmək istəyir. Digər tərəfdən də Paşinyan Peterburqa gəlməklə Qərbə göstərmək istəyir ki, Ermənistan hələ tam Qərbin deyil. Bunun baş verməsi üçün Qərb çox çalışmalıdır, Ermənistanı daha çox dəstəkləməlidir”, - rusiyalı ekspert vurğulayıb.

Peterburqda fəaliyyət göstərən Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, polittexnoloq Dmitri Solonnikov isə hesab edir ki, MDB sammitindən sonra Ermənistanın Qərbyönümlü siyasi kursu dəyişməyəcək.

“Paşinyan hesab edir ki, Ermənistanın Avrasiya inteqrasiya prosesində iştirakı siyasi və ya geosiyasi yox, iqtisadi faktordur. Bu təbii ki, onun düşüncəsidir. O ki qaldı Paşinyanın sammit çərçivəsində Azərbaycan və Rusiya prezidentləri ilə ayrı-ayrılıqda təmaslarına, bu, müsbət haldır. Anlaşılandır ki, Ermənistanın son zamanlarda nümayiş etdirdiyi davranışlar postsovet məkanında inteqrasiya prosesinin bir çox iştirakçılarını narahat edirdi. Ona görə də liderlərin şəxsi təmasları bu cəhətdən çox vacib idi. Lakin bu təmaslarla bağlı hansısa sensasiyalı bəyanatı gözləməyə dəyməz”, - Solonnikov qeyd edib.

Ekspertlərin fikrincə, Peterburq sammitindən sonra İrəvanın Avropa İttifaqı və ABŞ-la yaxınlaşması prosesi kəsilməyəcək. Bununla belə, Rusiyada hesab edirlər ki, Ermənistan MDB və Avrasiya məkanındakı mövcud əməkdaşlıqların verdiyi iqtisadi üstünlüklərdən sona qədər istifadə etməyə davam edəcək. Çünki rəsmi İrəvan Qərbin ona vəd etdiyi iqtisadi imkanların Ermənistanı ayaq üstə tutacağına hələ ki inanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.