Yaxın Şərqdə nə baş verir!?

22-01-2024, 16:08           
Yaxın Şərqdə nə baş verir!?
(ikinci yazı)
Yaxın Şərqdə proxy-müharibələr getdikcə daha da şiddətlənməkdədir. Həmasın İsrailə hücumundan başlayan savaşın coğrafiyası artıq 8 ölkəni əhatə edir. Əsasən İran proxy-ləri olan silahlı qruplar Yəməndən Suriyayadək, Iraqdan Livanadək İsrailin və onun müttəfiqi olan ABŞ-ın bölgədəki hərbi infrastrukturunu hədəfə alıblar.
Cavabında isə ABŞ və İsrail İran proxy-ləri ilə yanaşı Tehranın öz rəsmlərini də hücuma məruz qoyur. Təkcə son bir ayda Suriyada və Livanda hədəfə alınmış İran proxy-ləri ilə yanaşı bu ölkənin İnqilab Keşikçiləri Korpusunun xeyli sayda yüksək rütbəli hərbçisi də qətlə yetirilib.
Təkcə rəsmi açıqlamalarda onların sayı 10-12 nəfər təşkil edir. ABŞ və Böyük Britaniya qüvvələrinin Qırmızı dənizdə gəmiçiliyə təhdid yaradan Yəmən husilərinin hərbi obyektlərinə endirdiyi aviazərbələr nəticəsində baş vermiş itkilər haqda isə dolğun məlumat yoxdur.
Baş verənlər fonunda hadisələrin ən təhlükəli inkişafı ölkələrin özlərinin münaqişəyə cəlb edilməsi olardı. Göstərilən cəhdlərin də məhz bunu hədəflədiyi artıq aydın görünməkdədir. İlk növbədə də İranın, həmçinin onun ehtimal edilən müttəfiqləri olan Rusiyanın və Çinin hərbi əməliyyatlar teatrını Yaxın Şərqə köçürmək istəyi.
Bu da anlaşılandır, çünki hadisələrin bu cür inkişafı diqqətin Rusiya üçün Ukrayna cəbhəsindən, Pekin üçün isə Uzaq Şərqdən yayınması baxımından əlverişlidir. Üstəlik də ABŞ-ın və onun NATO üzrə müttəfiqlərinin bölgədə genişmiqyaslı quru əməliyyatları aparmaq üçün yetərli hərbi gücünün olmadığını nəzərə aldıqda.
Amma anlaşılmayan bəzi məqamlar da var ki, bunlardan biri və birincisi də mövcud reallıqda Tehranın hesablamalarının nədən ibarət olmasıdır. Məlumdur ki, ABŞ hətta Yaxın Şərqdə həmin gücə malik olduğu halda da belə addım atmayacaq.
Qarşıdan gələn seçkilər ərəfəsində mövqeləri onsuz da zəif olan Bayden administrasiyasının belə bir addım atması siyasi intihara bərabər olardı. Amma digər tərəfdən də ABŞ administrasiyası İrana sarsıdıcı massiv hava zərbələri endirməklə həm daxili, həm də xarici siyasətində uğura imza ata bilər.
Təbii ki, burada söhbət yalnız müvəqqəti uğurdan gedə bilər. Daxili siyasətdə uğur qazanmaq üçün isə elə bu kifayət edərdi. Üstəlik də bunu etmək üçün ABŞ-ın bölgədəki zərbə aviasiyasının gücü yetərincədir. 3 böyük təyyarədaşıyan gəmi də daxil olmaqla bu ölkənin bölgədəki hücum aviasiyasının sayı təxminən 350-450 təyyarə qədər dəyərləndirilir ki, bu da İrana ağır zərbə vurmaq üçün lazım olduğundan dəfələrlə çoxdur.
Buraya sualtı qayıqlarda və gəmilərdə mənzillənən müxtəlif raketləri də əlavə etdikdə nəticə düşünüləndən və gözləniləndən daha acınacaqlı ola bilər. Bu, İranın təkcə hərbi infrastrukturunun zəiflədilməsi deyil, onun daxilində və həmçinin de ətrafında böyük destabilizasiya coğrafiyasının yaranması demək olardı.
Nəticələrdən biri də İranda daxili siyasi sabitliyin pozulması ola bilər.
Buraya mümkün sosial-iqtisadi fəsadların da əlavə olunması hadisələrin sonrakı inkişafının proqnozlaşdırılmasını ümumiyyətlə mümkünsüz edir. Özü də təkcə İran üçün deyil, bütövlükdə Yaxın Şərq üçün.
Maraqlıdır ki, belə real gözləntilərin mövcud olduğu şəraitdə Tehran rejimi hansı motivlərlə və hansı səbəblərdən eskalasiyada maraqlı görünür? Mümkündür ki, bunlardan biri Tehranın düşmənlərini uzun illər boyu öz sərhədlərindən kənarda yaratmış olduğu "bufer zonalara" çəkərək davamlı münaqişəyə cəlb etmək niyyətidir.
Bunun da əsas səbəbi vaxt udaraq nüvə silahı əldə etmək istəyi ola bilər. Ümumiyyətlə isə belə səbəblər arasında çoxsaylı daxili və xarici ziddiyyətlərin olması istisna deyil. Amma burda da cüzi yanlış hesablama fəlakətli nəticələrə gətirib çıxara bilər.
Hələlik isə qarşı tərəfin hədəfində olan az qala bütün Yaxın Şərq ölkələrində kök salmış İran proxy-ləridir. Hələlik...
Ərəstun Oruclu
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.