“Qarabağ Ermənistandır və nöqtə”ni ilk dəfə kim deyib? - İLGİNC

23-01-2024, 00:01           
“Qarabağ Ermənistandır və nöqtə”ni ilk dəfə kim deyib? - İLGİNC
Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 6-da o zaman işğal altında olan Şuşa şəhərinə səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməsini hər kəsin yaxşı xatirindədir.

Paşinyanın qeyd edilən sərsəmləməsinə 2019-cu il oktyabrın 4-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxış edən Prezident İlham Əliyevin cavabı “Qarabağ Azərbaycandır və nida işarəsi” olmuşdu.

Ermənistan liderinin Qarabağı Ermənistan ərazisi elan etməsi Azərbaycanla sülh danışıqlardan imtina etməsi kimi qiymətləndirildi. Bu isə 2020-ci ildə 44 günlük Vətən müharibəsinin başlanmasına gətirib çıxartdı. Nəticədə, Azərbaycan öz ərazilərini işğaldan azad etdi və erməni separatizminə son qoydu. Həmin vaxt Paşinyanın açıqlaması daha çox siyasi səriştəsizlik və qeyri-ciddi xarakterə malik olması ilə izah edilirdi.

Ancaq ortaya çıxan tarixi faktlar Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinin təsadüfi olmadığını və bunun erməni faşist ideologiyasının əsasını təşkil edən tezis olduğunu təsdiq edir.

Belə ki, XX əsrin 60-cı illərində ermənilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi üçün SSRİ rəhbərliyinə ardıcıl müraciətlər ediblər. Qarabağda erməni separatizmi həmin illərdə də baş qaldırıb. Azərbaycan SSR ərazisinə iddiaları yeni güclə alovlanb. 1963-cü ildə DQMV-dən Qarabağdan və digər ətraf rayonlardan olan 2500-ə yaxın erməni sakinlərin imzası ilə Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşova etiraz məktubu göndərilmişdi. İmzalayanlar “Dağlıq Qarabağın və ona bitişik bütün Ermənistan rayonlarının Ermənistan SSR-ə birləşdirilməsi və ya RSFSR-in tərkibinə daxil edilməsi məsələsini dərhal həll etməyi” tələb edirdilər. Lakin ermənilər Xuruşşovdan istədiklərini ala bilmədilər. 1964-cü ilin əvvəllərində SSRİ Ali Sovetinin sədri Anastas Mikoyanın Krımın 10 il əvvəl Ukraynaya uğurla verilməsini nəzərə alaraq, DQMV-ni Ermənistana birləşdirmək təklifinə Xruşşovun sərt cavab verərək erməniləri Qarabağdan köçürməklə hədələyib.

Xruşşov əsəbi halda deyib:

“DQMV ermənilərinin bir sutka ərzində Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını təmin etməyə hazıram”. Ona görə də ermənilər Azərbaycana qarşı ərazi iddialarını Leonid İliç Brejnevin hakimiyyəti dövründə həyata keçirməyə çalışdı. 1966-cı ilin avqustunda ermənilərin 2000-ə yaxın nümayəndəsinin imzası ilə Sov.İKP MK-nın yeni Baş katibi L.Brejnevə məktub göndərildi və orada xüsusilə qeyd edildi:

“Qarabağ ərazi nöqteyi-nəzərindən və milli tərkibinə, xüsusiyyətlərinə, mənəviyyatına və məişətinə görə Ermənistandır.

Qarabağın tarixi Ermənistanın tarixidir, Qarabağın dili erməni dili, incəsənəti və ədəbiyyatı erməni incəsənəti və ədəbiyyatıdır. Ermənistan SSR olduğu üçün, onun ayrılmaz hissəsi olan Qarabağı da süni surətdə Sovet Ermənistanından ayırmaq məqsədəuyğun deyildir”. “Ermənistan SSR-in bir qrup elm və mədəniyyət xadiminin XXIII Partiya Qurultayına” bu müraciətini Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi A.Koçinyan və Nazirlər Sovetinin Sədri B.Muradyanın da imzalayaraq 1966-cı il sentyabrın 30-da Sov.İKP MK-ya məktub göndərib. Göründüyü kimi, “Qarabağ Ermənistandır və nöqtə” ifadə təsadüf nəticəsində ortaya çıxmayıb və bunu ilk dəfə Paşinyan deməyib.

Həmin fikir Qarabağı ilhaq edərək Ermənistana birləşdirməyi qarşıya məqsəd qoyan erməni separatizminin, işğal və terror fəaliyyətinin ideoloji əsasını təşkil edir. Yəni erməni şovinistləri bunu Paşinyandan əvvəl də deməklə Azərbaycanın tarixi ərazilərinin onlara aid olduğuna dair saxta arqument yaratmağa çalışıblar. Azərbaycan 2020-ci ildən başlayaraq mərhələli şəkildə öz ərazilərini işğaldan azad etmək və separatizmin kökünü kəsməklə bu ideologiyanın dayaqlarını məhv etdi.

Amma ermənilər yalnız Qarabağı Ermənistan ərazisi elan etməklə kifayətlənməyiblər. Vaxilə Zəngəzuru və sonrakı illərdə Azərbaycandan qopardıqları digər torpaqları da Ermənistan ərazisi kimi təqdim etməyə çalışıblar. Lakin Azərbaycan heç bir hüquqi və siyasi əsası olmayan bu saxtakarlığı aradan qaldırmalı və “Zəngəzur, Göyçə, İrəvan Azərbaycandır! (Nida işarəsi)” deməlidir.

Müşfiq Abdulla
“Cebhe.info ”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.