Qəzzanın taleyi necə olacaq: Bayden elə bir təklif hazırlayıb ki...

6-02-2024, 11:27           
Qəzzanın taleyi necə olacaq:
Əmin-amanlıq məskəni, yoxsa superdüşərgə
HƏMAS-ın qanlı hücumuna cavab olaraq İsrailin Qəzzada həyata keçirdiyi dağıdıcı hərbi
kampaniya dörd aya yaxındır ki, davam edir. ABŞ başda olmaqla, vasitəçilər konfliktin Yaxın
Şərqdə böyük müharibəyə çevrilməməsi üçün çalışırlar. Diplomatik manevrlər üçün zaman o
qədər də çox deyil: ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri sürətlə yaxınlaşır.
“İki xalq üçün iki dövlət” – dünya birliyi Yaxın Şərq üçün bu köhnə sülh formulunu yenidən ciddi
müzakirə etməyə başlayıb. Yarım əsrdən çoxdur, Fələstin-İsrail konfliktini həll etmək mümkün
olmur, amma bu müddət ərzində iki xalqın dinc yanaşı yaşaması üçün başqa alternativ
tapılmayıb.
Qəzzanın savaşdan sonrakı gələcəyi necə olacaq? Sülh olacaqmı? Fələstin dövləti olacaqmı?
İşğaldan suveren dövlətə
Fələstinin dünya xəritəsində peyda olması perspektivi indi hər hansı bir zamanda olduğundan
daha azdır, amma İsrailin bütün müttəfiqləri və neytral ölkələr məhz diplomatik həll təklif edirlər.
Bu ideyaya amerikalılar da, avropalılar da, ərəb ölkələri də indiyə qədər inanırlar.

Onun əsas əleyhdarı isə İsrailin baş naziri Binyamin Netanyahudur. O, siyasi karyerası boyu
Fələstin dövlətinin yaradılmasına qarşı çıxıb. İndi də, hərbi əməliyyatların qızğın vaxtı əsas
sualdan – sektorun gələcəyini necə görür? – yan keçir.
Yanvarın sonlarında Avropa diplomatiyasının başçısı Jozep Borrel İsrail baş nazirinin “iki dövlət”
ideyasını müzakirə belə etmək istəməməsinə kəskin reaksiya verdi. “Həll necə olmalıdır?
Fələstinliləri Qəzzadan qovmaq, ya da onların hamısını öldürmək?”
Avropalılar Yaxın Şərqdə ənənəvi olaraq ikinci skripka ifa edirlər və sözlərinə diqqətlə qulaq
asılacağına ümid edə bilməzlər. Amma İsrailin ənənəvi əsas müttəfiqi ABŞ da gələcəkdə
Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır.
“Konflikt başa çatandan sonra gediləcək istiqamət bəlli olmalıdır. Mənim fikrimcə, bu, iki dövlət
haqqında qərar ola bilər”, – prezident Co Bayden deyir.
Noyabr seçkiləri öncəsi Baydenin Amerika ərəblərinin və müsəlmanlarının dəstəyinə ehtiyacı var,
xüsusən ən böyük ərəb icmasının yaşadığı mütərəddid Miçiqan ştatında. Onlar HƏMAS-a qarşı
müharibədə İsraili həddən artıq dəstəkləyən demokrat prezidenti tənqid edirlər.
Netanyahu hökumətinin ultrasağ partnyorları Qəzzanın işğalını və yəhudilər tərəfindən
məskunlaşmasını istəyərdilər. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu yaxınlarda Qəzzadakı
məskənləri bərpa etməyə (Qəzzada 2005-ci ilə qədər 20-dən çox yəhudi məskəni vardı, o vaxtkı
baş nazir Ariel Şaronun göstərişi ilə ləğv edildi – Press klub) və fələstinlilərin könüllü köçünü
həvəsləndirməyə çağırıb. Amma İsrailin müttəfiqləri, hərbçilər də daxil olmaqla, ölkənin çoxlu
sakinləri buna qarşı çıxırlar.

İsrail 38 illik işğaldan sonra 2005-ci ildə sonra qoşunlarını və məskunlaşan yəhudiləri Qəzzadan
çıxardı, indi hərbi əməliyyat aparan hərbçilər oraya qayıtmaq istəmirlər.
Ölkənin müdafiə naziri Yoav Qalant savaş sonrası nizamlama ilə bağlı öz planını təklif edəndə
idarəçi rolunu məhz fələstinlilərə – radikal qruplarla əlaqəli olmayanlara – ayırıb. Bu zaman
sektorda təhlükəsizliyə İsrail nəzarət edəcək, İsrail hərbçilərinin isə Qəzzaya azad girişi olacaq,
zaman-zaman yoxlamalar həyata keçirəcəklər.
Netanyahu Qəzzanın gələcəyi ilə bağlı mövzudan yan keçir, əvəzində İordan çayından qərbdəki
bütün ərazilərdə – yəni gələcək Fələstin dövlətinin ərazisində – təhlükəsizliyə İsrailin nəzarət
etməli olduğunu deyir.
Ekspertlər deyirlər ki, Netanyahu konkret cavabdan qaçmaqla həm ultramillətçi koalisiya
ortaqlarını qıcıqlandırmaq istəmir, həm də ABŞ seçkilərini gözləyir.
“Netanyahu konfliktin həllinə çalışmır, onun üçün əsas şey özünün siyasi həyatda qalmasıdır”, –
Yaxın Şərq üsrə fransalı mütəxəssis Stefani Latt Abdalla deyir.
“İki xalq – iki dövlət” formulu qarşısında əsas əngəllərdən birinin məhz Netanyahu olduğu
deyilir.

Fransalı politoloq Frederik Enselin fikrincə, 1993-cü ilin Oslo razılaşmaları kimi real sülh
prosesinə dönmək üçün üç şərt lazımdır: HƏMAS-ın demilitarizasiyası, Fələstin
administrasiyasının sektora qayıtması və Netanyahu hakimiyyətinin dəyişməsi.
“Baş nazir Netanyahu, onun şəxsi siyasi hədəfləri ilə İsrail və Fələstin xalqları üçün konstruktiv,
sülh mühitinin yaradılması arasında müəyyən gərginliklər var”, – Delaver ştatından senator və
Baydenin yaxın müttəfiqi Kris Kuns CNN efirində deyib.
ABŞ-ın hələ ki, İsrail baş nazirini inandırmaq ümidini itirmədiyi görünür. Bu yaxınlarda Netanyahu
ilə danışıqlardan sonra Bayden Fələstin dövlətinin yaranması yolunu açacaq razılaşmanı
mümkünsüz hesab etməsi barədə suala “yox, hesab etmirəm” cavabını verdi.
Diplomatik çevrələrdə deyirlər ki, Amerika ilə fəal danışıqlar sentyabra qədər aparıla bilər, sonra
isə seçkilər və qeyri-müəyyənlikdir.
Əgər savaş sonrası gələcəklə bağlı razılıq əldə olunmazsa, siyasi vakuumu bu və ya başqa
formada HƏMAS – ya da ondan nə qalacaqsa – doldurmağa tələsəcək. Radikal qruplaşmanı
hərbi yolla tam və qəti məhv etmək perspektivinə az adam inanır.
Ərəb ölkələrinin öz nizamlama planları var. Onların əsas arqumenti: yalnız gələcəkdə Fələstin
dövlətinin yaradılması şərti ilə sektorun bərpasına və idarə olunmasına kömək etməyə razıdırlar.
Müsəlman dünyasının nüfuzlu ölkəsi, Məkkə və Mədinə kimi iki müqəddəs şəhərin yerləşdiyi
Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq haqqında danışıqlara yalnız bu
şərtlər altında qayıtmağa hazır olduğunu bildirib.
“Biz regional sülhün həm də İsrail üçün sülh demək olduğunu qəbul edirik, amma bu, yalnız
Fələstin dövləti vasitəsilə fələstinlilər üçün də sülh üzərindən baş tuta bilər”, – Səudiyyə
Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhad Əl-Səud bu yaxınlarda Davos forumunda
deyib.
Səudiyyə Ərəbistanı Baydenin cokeridir
Prezident Baydenin əlindəki əsas coker bundan ibarətdir. O, İsraillə Səudiyyə Ərəbistanı
arasındakı yarımçıq qalmış sövdələşmənin gələcəkdə Fələstin dövlətinin yaradılması
müqabilində bərpasını istəyir.

Jurnalist və yazıçı Devid İqnatius “Washington Post”da yer alan məqaləsində yazır: “Amerika
prezidentinin təklifini Netanyahunun koalisiyası siyasi cəhətdən qəbul edə bilməsə də, baş nazir
özü şəxsən imtina da edə bilməyəcək. Səudiyyənin təklifini qəbul etsə, koalisiyası dağılacaq və
yeni partnyorlar axtarmağa başlayacaq. İmtina etsə, hökumət Amerikanın savaşı bitirmək
formulunu qəbul edə bilən rəqibləri tərəfindən devriləcək”.
İqnatius ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İndıkdan sitat gətirir: Bayden istəyir ki, Bibi ya
qurbağanı udsun (sövdələşməyə getsin), ya da qurbağa boğazında qalsın (sonda hakimiyyəti
itirsin).
Amma vaxt azdır. Səudiyyə Ərəbistanı ilə danışıqlara yaxın iki ay ərzində başlamaq lazımdır.
Bu, qismən onunla bağlıdır ki, Səudiyyə Ərəbistanının faktiki hakimi Məhəmməd bin Salman
İsraili tanımaq müqabilində NATO nizamnaməsinin kollektiv təhlükəsizlik haqqında beşinci
maddəsinə yaxın şərtlərlə ABŞ ilə müdafiə paktı imzalamaq istəyir. Belə razılaşmanı isə ABŞ
Senatı fəal seçki kampaniyasının başladığı iyuna qədər təsdiq etməlidir.
Döyüşlər qurtarandan sonra Qəzzanı kim idarə edəcək
Qəzza sektorunu fələstinlilər idarə etməlidirlər – ABŞ, avropalı siyasətçilər və İsrail hərbçiləri bu
fikirdədirlər. Amma bu, praktikada necə baş verəcək, hələ tam aydın deyil.
Amerika diplomatlarının xəyal etdikləri plana görə, gələcəkdə Qəzzanı nüfuzlu yeni liderin
rəhbərlik edəcəyi yenilənmiş Fələstin administrasiyası idarə etməlidir. Bu baş verənə qədər isə
İsrail tankları çıxandan sonra sektorun idarəçiliyini BMT-nin dəstək verdiyi və ərəb ölkələrinin
iştirak etdiyi müvəqqəti Fələstin hökuməti idarə etməlidir. Bunun üçün Fələstin ərazilərində
seçkilər keçirilməlidir.
Bu nəzəri ssenarinin önünü kəsən bir neçə praktiki əngəllər var: İsrail seçkilərin keçirilməsinə
razılıq verib fələstinlilərin iradəsini qəbul edəcəkmi, yoxsa sektoru İsrail üçün münasib, amma
fələstinlilərin gözündə qeyri-legitim birinin idarə etməsində israr edəcək? Stefani Latt Abdallanın
sözlərinə görə, İsrail birinci variantı nəzərdən belə keçirmir.

Potensial seçkilərdə potensial namizədlər arasında 2002-ci ildən İsrail həbsxanasında olan
Mərvan Barqutinin və FƏTH-in keçmiş liderlərindən biri, hazırda BƏƏ-də yaşayan Məhəmməd
Dahlanın adı çəkilir.
Fələstin administrasiyası hazırda İordan çayının qərb sahilinin bir hissəsini idarə edir. İsrail son
illər FA-nı zəiflətmək üçün əlindən gələni edib və istədiyinə nail olub. FA-nın indiki başçısı
Mahmuq Abbas olduqca qeyri-populyardır, onun administrasiyanı dəfələrlə korrupsiyada, siyasi
zəiflikdə və seçkilər keçirməməkdə ittiham ediblər. \
Etimad problemi
Yarım əsrdən çoxdur ki, iki dövlətin yanaşı mövcudluğu haqda razılığa gəlinmir (əslində 75 ildən
çoxdur – Press klub). İndi isə bir çox şərhçilərin fikrincə, belə perspektiv ümumiyyətlə
əlçatmazdır.
İsrail cəmiyyətini HƏMAS vəhşiliyinin təkrar olunmayacağına inandırmaq asan olmayacaq.
Fələstin cəmiyyətini Qəzzada ölən minlərlə adamı və dağıdılan evləri unutmağa inandırmaq da
həmçinin. 7 oktyabr hücumundan əvvəl və sonra keçirilən sorğular əndişəni təsdiqləyir.
Dekabrda Qərb sahilində və Qəzzada 1231 nəfərin iştirakı ilə keçirilən sorğunun nəticələri iki
dövlət yanaşmasına dəstəkyən fələstinlilərin cüzi artdığını göstərir – 34%. Əvəzində Qərb
sahilində silahlı mübarizəni dəstəkləyənlər 54 faizdən 68 faizə qədər çoxalıb.
Pew tədqiqat mərkəzinin məlumatına görə, son onilliklər boyu israillilər arasında iki dövlət
tərəfdarları azalır. HƏMAS-ın hücumundan bir neçə ay əvvəl israillilərin cəmi 35 faizi iki dövlətin
dinc yanaşı yaşamasını mümkün hesab edirdi.
İki xalqın dinc yanaşı yaşaması üçün müharibəsiz keçən onilliklər lazımdır ki, insanlarda birbirilərinə etimad yaransın.
“Zaman lazımdır. İnsanlar indi rasional düşünə bilmirlər. Onlar travmalıdırlar və qisas
arzulayırlar. Formulun bütün rasional məzmununa baxmayaraq, insanlar hazır deyillər”, – israilli
publisist və danışıqların keçmiş iştirakçısı Gerşon Baskin Səudiyyənin “Arab News” qəzetinə
deyib.
Beynəlxalq birliyin iki dövlət formulunu gerçəkləşdirmək arzusu ilə israillilərlə fələstinlilərin bunu
qəbul etmək hazırlığı arasında uyğunsuzluq olmasını ABŞ-ın İsraildəki keçmiş səfiri, indi isə
Beynəlxalq münasibətlər üzrə şuranın məsləhətçisi Martin İndık da təsdiqləyir.
Onun fikrincə, ABŞ və digər vasitəçilər yenə də “Qəzzada yeni, daha sabit düzənin qurulmasına
çalışmalıdırlar, buna isə sonda iki dövlət haqqında qərara aparacaq etibarlı siyasi mühit
yaratmadan nail olmaq mümkün deyil”.

Bəzi ekspertlər sülhə ümumiyyətlər inanmırlar.
Corc Vaşinqton universitetinin politologiya və beynəlxalq münasibətlər professoru Natan C.
Braun belə bir proqnoz verir: heç bir dinc sabah olmayacaq, qızğın döyüşlər dayanacaq, amma
toqquşmalar davam edəcək, Qəzza sektoru idarəolunmaz hala düşəcək və mühasirədəki
anklavdan “superdüşərgə”yə çevrilib, tamamilə xarici humanitar yardımdan asılı vəziyyətə
düşəcək.
“Sülh, çox güman, olmayacaq, nə müharibə olacaq, nə sülh”, – “İndi sülh” təşkilatından Mark
Lefevr Fransa televiziyasına müsahibəsində razılaşır.
Hazırladı: Yadigar Sadıqlı
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.