Dilimizi “ikinci sort” sayanlara cəza

6-02-2024, 09:52           
Dilimizi “ikinci sort” sayanlara cəza
Reklam lövhələri niyə yalnız əcnəbi dildə olmalıdır?

Bakıda Azərbaycan dilində yazılmayan ticarət obyektlərinin reklam lövhələri sökülür. Məlumata görə, adları, mətnləri xarici dildə yazılan lövhələr Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən de-montaj olunur.

Bəzi sahibkarlar isə "Turan"a bildiriblər ki, onların obyektlərinin lövhələri illərdir bu şəkildə idi və heç kəs onlara bir irad bildirməmişdi. Onlar həmçinin qeyd edirlər ki, lövhələr onlara heç bir xəbərdarlıq edilmədən sökülür: “Əvvəlcədən desəydilər, biz heç olmasa, başqa lövhə düzəltdirərdik. İndi obyektimiz lövhəsiz qalıb və biznesimizə ziyandır. Ölkəyə turistlər gəlir, ona görə də lövhələrin bir hissəsi xarici dildədir”, - onlar bildiriblər.

Azərbaycan Dövlət Reklam Agentliyindən isə "Turan"a bildiriblər ki, bu, mütəmadi aparılan işdir və hazırda davam etdirilir: “Qanunvericiliyə əsasən lövhələr xarici dildə də yazıla bilər. Bu zaman əvvəlcə Azərbaycan dilində yazılmalıdır, sonra xarici dildə və onun ölçüləri Azərbaycan dilində olan yazıdan böyük olmamalıdır”.

Qeyd olunub ki, qanunun tələblərinə cavab verməyən və xarici dildə reklamı yaymaqla məşğul olanlarla bağlı araşdırmalar aparılır və həmin reklam qurğuları de-montaj olunur.

Sirr deyil ki, xüsusən də paytaxt Bakıda, əsasən mərkəzi hissədə ana dilimizə və dövlət dili haqqında qanuna sayğısızlıq illərdir baş alıb gedir. Bəs qanunla belə pozuntu törədənlərə hansı cəza düşür?

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilib. Qanuna əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə ediləcəklər. Həmçinin dil normalarını pozanlara qarşı inzibati cərimənin 1 il şərti olaraq tətbiq edilməsi təklif edilir.

Niyə hələ də ana dilimizə bəzi “özümüzünkülər” tərəfindən hörmətsizlik var? Bakıya 1-2 turist gələcək deyə, lövhələr yalnız əcnəbi dildə olmalıdır? Niyə qonşu Gürcüstanda və ya Ermənistanda belə şeylər olmur? Bu, həm də manqurtluğun təzahürü deyilmi? Bəlkə qanunu daha da sərtləşdirmək lazımdır. Ümumiyyətlə, çıxış yolu varmı, nədir?

Sabir Rüstəmxanlı iki ağır əməliyyat keçirdi - GlobalInfo.az

Sabir Rüstəmxanlı

Mövzu ilə bağlı millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb: “Doğrusu, Azərbaycan dilində olmayan reklam lövhələrinin kütləvi surətdə sökülməsi, belə bir prosesin, kampaniyanın getdiyini eşitməmişəm və buna inanmıram. Ola bilər ki, ayrı-ayrı hallarda bu proses getsin, amma şəhərin bu başından o biri başına qədər Azərbaycan dilində olmayan reklam lövhələrinin sökülməsi inandırıcı gəlmir.

Amma hər halda, əgər belə bir hal varsa, təəcüblənmərəm. Çünki respublikada müharibə, bir sıra iqtisadi problemlər, müstəqilliyin gətirdiyi təbii və qeyri-təbii çətinliklər ola bilsin müəyyən müddətdə qanunlarımızın vaxtında rahat şəkildə həyata keçməsinə imkan verməyib. Amma zaman keçəndə sular durulur, hər şey aydınlaşır.

Məlum olduğu kimi, dövlət dili haqqında qanunlarımız var. Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Bütün bunlar həyata keçirilməlidir.

Bakı kimi şəhərdə, Azərbaycanın paytaxtının ortasında lövhələrin, reklamların 90 faizdən çoxu əcnəbi dildədir. Bu barədə dəfələrlə Milli Məclisdə də deyilib, yazılıb. Bu baxımdan, əgər Azərbaycan dilində olmayan reklam lövhələrinin sökülməsinə başlanılıbsa, mən bunu alqışlayır və düzgün hesab edirəm.

Yeni açılan müəssisələr lisenziya alanda hansısa adla fəaliyyətə başlayır, dəfələrlə qeyd etmişik ki, lisenziyanı verən müəssisələr maraqlanmalıdır ki, bu ad haradan gəlib, nə adıdır, niyə əcaibdir, niyə milli mentalitetə, dilimizə aid olmayan sözlər gətirilir. İndi brendləri anlamaq olur, amma müşahidə edirsən ki, kimsə şəxsi müəssisə açır, harada anlaşılmaz, əcnəbi ad var, ona müraciət edir. Bu da milli şüurun zəifliyi, cahillik, məsuliyyətsizlikdən irəli gəlir.

Tək reklam lövhələri deyil, şəxsi adlar veriləndə də görürük ki, nə qədər əcnəbi adlara müraciət edənlər var. Buna aidiyyəti idarələr vaxtında müdaxilə etməli, təşəbbüs göstərməlidir ki, bu məsələyə diqqət edilsin. Bəzən bu işləri görməli olan sahə idarələri öz işlərinə məsuliyyətsiz yanaşdığına görə son nəticədə bütün yük gəlib dövlətin çiyninə yüklənir. Halbuki bu, konkret olaraq ayrı-ayrı insanların məsuliyyətsizliyindən, işin ciddiyyətini anlamamasından irəli gəlir.

O ki qaldı bu sahədə qanunların daha da sərtləşdirilməsi fikrinə, qeyd etdiyim kimi, kifayət qədər qanunlarımız yazılıb və qanunun sərtliyi və yaxud yumşaqlığı əsas deyil. Qanunu tətbiq edən və həyata keçirən adamların bu işə ciddi yanaşması əsasdır".

Mənbə: www.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.