PAPANIN QANA BULAŞMIŞ “AĞ BAYRAĞI”... - Vatikan “siyasi iblis” donu geyinir

12-03-2024, 10:14           
PAPANIN QANA BULAŞMIŞ “AĞ BAYRAĞI”... - Vatikan “siyasi iblis” donu geyinir
Ukrayna Papa Fransiskin riyakarlığına sərt cavab verdi ...

Çox zaman lüzumsuz yerə başqalarının işinə burun soxmağı və bu zaman əndazəni aşmağı “Papadan artıq katolik olmaq” kimi ifadə edirlər. Maraqlıdır ki, hazırda bu ifadə Roma Papasının özünə tətbiq edilə bilər. O mənada ki, indi Papa Fransisk Rusiyanın Ukraynaya qarşı işğalçılığına az qala Putindən daha artıq haqq qazandırmağa, Ukraynanı kapitulyasiyaya məcbur etməyə çalışır. Bununla da Vatikanın səmimi, ilahi, dini mərkəzdən daha çox “siyasi iblis” donu geyindiyini göstərir...

Papa Fransisk İsveçrə telekanallarından birinə son müsahibəsində Ukraynanı nəzərdə tutaraq, deyib: “Mən hesab edirəm ki, vəziyyətin gedişatını görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıq aparmağa cəsarəti olan tərəf daha güclüdür. “Danışıqlar” cəsarətli sözdür. Uğursuz olduğunuzu, işlərin pis getdiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır”.

Papanın açıq-aşkar Ukraynanı işğalçının qarşısında kapitulyasiyaya çağırmasına Ukrayna tərəfi və bir çox Qərb siaysətçiləri haqlı olaraq sərt reaksiya verib.

İlk olaraq, Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba Fransiskə xatırladıb ki, Ukraynanın bir bayrağı var, o da mavi və sarı rənglərdən ibarətdir.

Eyni zamanda, o, İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Vatikanın Hitleri və Holokostu açıq şəkildə qınamadığını və o zamankı Papa XII Piusun nasistlərin hərəkətləri ilə bağlı ictimai "sükut rejimini" saxladığını söyləyib: “Ağ bayrağa gəlincə, biz Vatikanın bu strategiyasını 20-ci əsrin birinci yarısının tarixindən bilirik. Mən sizi tarixi səhvləri təkrarlamamağa və öz həyatları uğrunda ədalətli mübarizədə Ukraynanı və onun xalqını ardıcıl dəstəkləməyə çağırıram. Bayrağımız mavi və sarıdır. Onun altında yaşayırıq, ölür və qalib gəlirik. Başqa bayraqları qaldırmayacağıq”.

Prezident Volodimir Zelenski isə deyib ki, məhz ukraynalıların öz mavi-sarı bayraqları altında apardıqları ölüm-dirim savaşı sayəsində Rusiyanın işğalı, bu işğalın saçdığı ölüm və işgəncələr Avropaya yayılmayıb: “Ukraynada bir vaxtlar evlərin və kilsələrin ağ divarları var idi. İndi onlar rus mərmiləri tərəfindən yandırılıb və dağıdılıb. Fevralın 24-də rus şəri bu müharibəyə başlayanda bütün ukraynalılar müdafiəyə qalxdılar. Xristianlar, müsəlmanlar, yəhudilər - hamı. Mən ordunun yanında, Müdafiə Qüvvələrində olan hər bir ukraynalı din xadiminə təşəkkür edirəm. Onlar bizi duaları, söhbət və hərəkətlərilə dəstəkləyirlər. İnsanlar olan kilsə budur!Hardasa iki min beş yüz kilometr məsafədə, yaşamaq istəyənlərlə onları məhv etmək istəyənlər arasında virtual vasitəçilik edilən yer yox!”

Zelenski ad çəkməsə də, bunu Ukraynaya “ağ bayraq cəsarəti göstərməyi” təklif edən Papanın ünvanına söyləyib.

Yeri gəlmişkən, qeyd edək ki, müharibə başlayandan sonra Ukrayna rəhbərliyi dəfələrlə Papanı Kiyevə dəvət edib. Ancaq bu gün Ukraynaya cəsarətli olmağı tövsiyə edən Papa Fransisk cəsarət edib Ukraynaya gəlməyib, oradakı dağntıları, faciələri öz gözü ilə görmək istəməyib...

Bir çox tarixi konsperologiya tərəfdarları hesab edirlər ki, Rusiya imperiyası öz-özlüyündə Vatikanın layihəsidir. Vatikanın, Papanın davranış və açıqlamaları bu iddiaya ciddi yanaşmağa əsaslar verir. Təsəvvür edin ki, dini, yaradanı, haqq-ədaləti təbliğ etməli olan Papa əksinə, İncilin deyil, Kremlin tezis və narrativlərini beyinlərə yeritməyə çalışır.

Dinlərin heç biri işğalın, zülmün, şər qüvvənin qarşısında baş əyməyi təlqin etmir, əksinə, haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə, birliyə çağırır. Roma Papası isə zalımı, işğalçını yox, məzlumu haqsız çıxarır və Rusiyanı yox, Ukraynanı “ağ bayraq qaldırmağa”, təslim olmağa dəvət edir. Bu baxımdan Vatikanın tutduğu mövqenin gerçək dini dəyərlərlə heç bir əlaqəsi yoxdur və indiyə qədər Rusiyanın amansız işğalçılıq müharibəsinə, günahsız insanların qətlə yetirilməsinə, şəhərlərin, kəndlərin bombalanmasına, milyionlarla ukraynalının öz yurd-yuvasından didərgin salınmasına açıq, obyektiv qiymət verməyən Papanın “ağ bayraq” barədə dediklərinin daha çox çirkin siyasi oyunlara, maraqlara xidmət etdiyi şübhə doğurmur.


Bu cür “dini liderlər” bir daha dinin siyasətə, dövlət işlərinə qarışmasının nə dərəcədə təhlükəli olduğunu öz “nümunələri” ilə bir daha sübut edirlər və göstərirlər ki, dünyada haqsız yerə axıdılan qanlar artıq çoxdan bu cür “din xadimləri”nin ağ libaslarına və ağ bayraqlarına bulaşıb...

Cəlal Məmmədov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.