Xankəndidə mədəni təmizləmə ... -
13-03-2024, 07:08
Erməni təbliğatı Azərbaycana qarşı aciz qəzəb və qərəzli düşüncə nümayiş etdirməkdə davam edir. Belə ki, “panorama.am” saytında “Azərbaycan Stepanakertin ermənisizləşdirilməsi prosesini davam etdirir” sərlövhəli məqalə dərc olunub.
Yazıda müəlliflər Qarabağ separatçılarının “parlament” binasının sökülməsi faktından qəzəblənirlər. Oların fikrincə, Xankəndinin mərkəzində yerləşən separatçıların “parlamenti”nin binası “Artsax Respublikasının siyasi kimliyinin simvollarından biri idi, ona görə də təsadüfi deyil ki, şəhərin işğalından sonra Azərbaycan tərəfi onu sökdü”.
Beləliklə, “panorama.am” saytının redaktorları hesab edir ki, Azərbaycan “Stepanakertin ermənisizləşdirilməsini, Artsaxın şəxsiyyətinin və müstəqilliyinin simvollarının məhv edilməsini” davam etdirir.
Yuxarıdakı bəyanat öz mahiyyətinə görə gülüncdür, çünki Azərbaycan hakimiyyəti öz suveren ərazilərində hər hansı iş görmək üçün heç kimdən icazə istəməməlidir. Separatçıların “parlament”inin binasını sökmək lazım idi və edildi. Azərbaycan torpaqlarının 30 illik işğalını simvolizə edən tikililərlə gələcək üçün planlar qurmağın mənası yox idi.
Bundan əlavə, 2003-2007-ci illərdə tikilmiş bu bina heç bir mədəni dəyəri təmsil etmir və tarixi abidə deyil. Necə ki, 2014-cü ildə istifadəyə verilən “Artsax Döyüşçü-Azadedicilər İttifaqı”nın sökülən binası.
Yazıda beynəlxalq hüquqa müraciət edən “Artsaxın mədəni irsinin monitorinqi” platformasının reaksiyası da yer alır. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin səkkizinci maddəsinin IX bəndinə istinad edilir ki, “din, təhsil, incəsənət, elm və ya xeyriyyə məqsədləri üçün nəzərdə tutulmuş binaları, tarixi abidələri, xəstəxanaları və insanların cəmləşdiyi yerləri qəsdən hədəfə almaq, xəstə və yaralılar hərbi hədəf olmamaq şərti ilə qadağandır".
Yəni, erməni təbliğatı Azərbaycanın öz suveren ərazisindəki qanuni hərəkətlərini “müharibə cinayətləri” kimi təsnif edir, baxmayaraq ki, Ermənistan Silahlı Qüvvələrinin 44 günlük müharibə zamanı əməlləri xatırlanmalıdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki əhalisinin yaşadığı rayon və şəhərlərə 30 minə yaxın mərmi və 227 raket zərbəsi endirib. Ermənistan ordusu Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Qəbələ və digər yaşayış məntəqələrinə raket zərbələri endirib, bununla da hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədib.
Bu müddət ərzində 12 uşaq və 27 qadın olmaqla 93 dinc sakin həlak olub, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan əlavə, erməni təbliğatı mədəni irsin qəsdən məhv edilməsi ilə bağlı UNESCO-nun Bəyannaməsinə müraciət edir və mədəni irsin qorunmasını tövsiyə edir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri və 30 il ərzində Qarabağ bölgəsində Azərbaycan xalqının mədəni irsinə qarşı törədilən vandalizm barədə beynəlxalq platformalarda dəfələrlə danışılıb. Qarabağda minlərlə mədəniyyət obyekti, o cümlədən məscidlər, məbədlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxanalar və teatrlar talan edilərək dağıdılıb. Bundan əlavə, Azərbaycan tarixini, mədəniyyətini, etnik kimliyini inkar və təhrif etmək məqsədilə bir çox mədəni və dini obyektin orijinal memarlıq xüsusiyyətləri qəsdən və məqsədyönlü şəkildə dəyişdirilib.
67 məscid və İslam dini ziyarətgahından 65-i dağıdılıb, ikisinə ciddi ziyan dəyib. Əvvəllər işğal olunmuş ərazilərdə 900 qəbiristanlıq dağıdılıb. Azərbaycanda bu ərazilərdə qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edilmiş milyonlarla kitab və nadir əlyazmaların məhv edilməsi, minlərlə tarixi əhəmiyyətli muzey eksponatlarının və qiymətli əşyaların oğurlanması da qeydə alınıb.
Bu faktlar Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı tarixin saxtalaşdırılmasının və Azərbaycan mədəni irsinin məhv edilməsinin həqiqətən də dəhşətli miqyasını və xarakterini əks etdirir. Beləliklə, özünü beynəlxalq ictimaiyyətə sivil dövlət kimi təqdim etməyə çalışan Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı sözün tam mənasında mədəni soyqırımı törədib.
Bu səbəbdən də Ermənistanın UNESCO-nun Bəyannaməsində öz əksini tapmış prinsiplərdən danışması ən azı ikiüzlülükdür. Hələ baş verənlərin düşmən nəzarətində olan ərazilərdə mədəni sərvətlərin hər hansı dağıdılması aktını qadağan edən silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu maddəsinə zidd olduğunu demirik.
Azərbaycan torpaqlarının işğalçıları, hərbi cinayətkarlar olan “parlament” və “Azadedici Döyüşçülər İttifaqı”nın binaları heç bir halda mədəni sərvət sayıla bilməz. Azərbaycan hakimiyyətinin Qarabağ separatizminin simvollarını məhv etmək, eləcə də öz suveren ərazilərində konstitusiya quruluşu yaratmaq hüququ var. Və burada heç kim bizə heç nə deyə bilməz!
ayna.az