Rəsmi Bakı Avropa Parlamentinə Qlobal Forumla cavab verdi
15-03-2024, 11:34
XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusundakı paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Avropa Parlamentinin Azərbaycana qarşı islamafobiya platformasına çevrilib” fikrində haqlıdır. Bununla yanaşı Avropa Parlamentinin və bir qrup Avropa ölkəsinin Ermənistana dəstəyinin digər iki səbəbi də var.
Birinci səbəb Cənubi Qafqazda Azərbaycan-Türkiyə tandeminin güclənməsidir. Avropada bundan narahat olan mərkəzlərin sayı artıb.
İkinci səbəb Ermənistan hökumətinin Rusiyanın təsirindən uzaqlaşmağa çalışmasıdır. Avropa İttifaqı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını dəstəkləyir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Avropaya belə bir mesajı olmuşdu ki, Avropa Ermənistanı özünə nə qədər yaxınlaşdıracaqsa, Ermənistan bir o qədər Avropaya yaxınlaşacaq. Avropa Parlamenti Ermənistana Avropa İttifaqına üzvlüyə namizəd statusu verməklə Paşinyanın mesajına müsbət cavab vermiş oldu.
Avropa Parlamenti Ermənistanla sıx əlaqələri dəstəkləyən və Azərbaycana qarşı ittihamlarla dolu qətnaməni qəbul etməklə anti-Azərbaycan mövqeyini gücləndirdi. Qətnamənin “lehinə” 504, əleyhinə isə cəmi 4 deputat “əleyhinə” səs verib. Brüssel Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəiflədilməsi məqsədilə Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd statusu verə bilər. Ancaq Avropa Parlamenti bunu edərkən Rusiya ilə yanaşı Azərbaycanı da hədəf alıb. Halbuki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq edir, ortaq layihələr reallaşdırır, Ukraynanın ərazi bütövlüyü və bu ölkəyə humanitar yardım məsələsində qətiyyətli mövqe ortaya qoyur. Bunlar nəzərə alınmır.
XI Bakı Qlobal Forumda keçmiş prezidentlər, baş nazirlər, müxtəlif siyasi xadimlər iştirak edirlər, içərilərində avroplalılar da az deyil. Bu, Azərbaycanın Qarabağın tamamında suverenliyini bərpa etdikdən və separatizmə son qoyduqdan sonra Bakıda keçirilən ilk Forumdur. Tədbirə qatılanlar çıxışlarında Azərbaycanın bölgədə oynadığı rolu yüksək qiymətləndirir, regional layihələrin Avropa üçün əhəmiyyətindən danışırlar. Rəsmi Bakı Qlobal Forumla Avropa Parlamentinin qətnaməsinə cavab vermiş oldu.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF