Dünyanı ortadan bölən dəhliz
15-03-2024, 10:48
Azərbaycan yeni qərarı ilə geosiyasi reallığı dəyişə biləcəkmi?
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana iki günlük rəsmi səfəri çoxdan gözlənilən əhəmiyyətli hadisə ilə müşayiət olundu. Söhbət, Çindən yol çıxan ilk konteyner qatarının “Orta Dəhliz” vasitəsilə Azərbaycana çatdırılmasından gedir.
61 konteynerdən ibarət qatar uzunluğu 7 min km olan marşrutu (Siandakı Qazaxıstan terminalı – Aktau – Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev videobağlantı vasitəsilə konteyner qatarının Bakının Abşeron stansiyasına gəlişi mərasimini izləyiblər.
Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınmış qatarın Azərbaycana çatması “Orta Dəhliz”in bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Qeyd edilib ki, ilkin razılaşmaya əsasən, ilkin mərhələdə bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.
Lakin Qazaxıstan nümayəndə heyətinin səfəri bununla yekunlaşmayıb. Səfər zamanı Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin ciddi şəkildə artırılması barədə saziş də imzalanıb. Sənədə əsasən, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri (BTC) marşrutu üzrə tranzitinin həcmləri illik 2,2 milyon tona qədər artırılacaq. Bu da təxminən 47 faiz artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə KMG və SOCAR Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti haqqında Saziş imzalayıb. 2023-cü ilin sonunda Aktau limanından 1 milyon 057 min ton, 2024-cü ilin yanvar-fevral aylarında isə 232 min ton neft göndərilib.
Qeyd edək ki, buna qədər Qazaxıstanın Avropaya neft və qeyri-neft ixracatı, eləcə də Çindən Avropaya gedən konteynerlər daha çox Rusiya marşrutu üzrə hərəkət edib. Lakin hazırda Rusiya və Ukrayna arasında gedən müharibə və Moskvanın iqtisadi-siyasi təcridi bu marşrutu faktiki olaraq qeyri-işlək vəziyyətə gətirib çıxarıb. Buna görə də, maraqlı tərəflər təcili şəkildə alternativ yol axtarmağa başlayıblar. “Orta Dəhliz”in işə düşməsi Çin başda olmaqla Cənub-Şərqi Asiya ölkələri, eləcə də Mərkəzi Asiya respublikalarının Avropaya hansı yolla getmək sualını ortadan qaldırır.
“Dünyada geosiyasi gərginliyin çox yüksək səviyyədə artdığı və Ağ dəniz ətrafında logostik yollarda problemlərin yarandığı dövrdə təbii ki, Azərbaycan və Qazaxıstan münasibətlərinin çox yüksək səviyyədə inkişaf etdirilməsi və bu yöndə çoxsaylı müqavilələrin bağlanması kifayət qədər əhəmiyyətli məsələdir”.
Bu sözləri Pressklub.az-a açıqlamasında iqtisadiyyatçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, əvvəllər Qazaxıstanın neft nəqli ancaq Rusiyadan asılı olub və Novorossiysk limanı vasitəsilə nəql edilib: “Amma son zamanlar həm Rusiyaya tətbiq edilən olan sanksiyalar, həm də limanda təhlükəsizliklə bağlı problemlərin yaranması Qazaxıstanı alternativ marşrutlar axtarmaq məcburiyyətində qoydu. Qazaxıstan neftinin Azərbaycan üzərindən, Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsi ilə daha rahat, təhlükəsiz və tez formada Avropaya, Ceyhan limanına nəqli mümkün olur. Son bağlanmış müqavilələr ilə gələn ildən 2,2 milyon ton Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqli nəzərdə tutulur”.
Ekspert deyir ki, “Orta Dəhliz”in işə düşməsi Qazaxıstan üçündə çox əhəmiyyətlidir. “Bundan başqa, “Orta Dəhliz” layihəsində Gürcüstan, Azərbaycan və Qazaxıstanın birgə yaratdığı şirkət logistik yolu daha da əhəmiyyətli vəziyyətə gətirir. Çünki əsas məsələlərdən biri zaman və tarix məsələsi idi. İndi zamanla bağlı çox yaxşı nəticələr əldə olunub. Azərbaycan və Qazaxıstan prezidentləri son blok vaqonların, yəni konteynerlərin gəlməsini izlədilər. Konteynerlərin kifayət qədər qısa müddətdə – 11 gün ərzində Çindən Azərbaycana çatdırılması mümkün oldu. Buradan isə Avropanın sərhədinə çatdırılma təqribən 4-5 gün çəkir”, – iqtisadçı son prosesin əhəmiyyətini vurğulayır.
Natiq Cəfərli qeyd edir ki, Çindən Avropaya dəmir yolu vasitəsilə 15-16 günə çatacaq belə bir yeni xəttin yaranması həm Qərb və Şərq, həm Çin, həm də Avropa İttifaqı ölkələri üçün kifayət qədər yaxşı haldır. Burada əsas məsələ zamandan əlavə həm də tranzit xərcləri məsələsidir. İndi Azərbaycan, Gürcüstan və Qazaxıstan geosiyasi şəraiti düzgün qiymətləndirərək, birgə müəssisə təsis ediblər. Bu müəssisə yol boyu vahid tarif dərəcələrinin və yaşıl koridorların yaranmasına xidmət edəcək ki, bu da ticarət dövriyyəsini xeyli artıracaq.
“Nəticə etibarilə, 2020-ci ildə Qazaxıstan ilə Azərbaycan arasında 106 milyon dollarlıq ticarət dövriyyəsi vardısa, keçən il bu rəqəm 528 milyon dollara qalxdı. Yəni, yarım milyardı keçdi. Bu kifayət qədər yüksək artımdır və gələcəkdə də artacaq. Azərbaycan üçün bunun əhəmiyyəti həm də ondan ibarətdir ki, həm logostik imkanları, həm tranzit gəlirləri, həm də geosiyasi əhəmiyyəti getdikcə daha çox artmış olur”, – deyə ekspert əlavə edib.
Mədinə Useynova