“Qarabağ” niyə qalib gələ bilmədi? – Hakimdən əl çəkin!
15-03-2024, 15:16
Futbol ekspertləri “Qarabağ”ın bu gecə “Bayer”ə qarşı oyununun Bakıda 7 martda baş tutan qarşılaşmanın sanki oxşarı, eynisi olduğu haqda rəy bildirirdilər.
Doğru deyirlər: hər ikisində “Qarabağ” 2 top fərqiylə önə çıxdı və hər ikisində “Bayer” əvvəlcə oyun ərzində birini, artırılan dəqiqələrdə isə digərini və qələbə qolunu vurdu.
Yəni Bakıda “Bayer” 90+2-ci dəqiqədə bərabərlik qolunu vurdu, Leverkuzendə isə 90+3-cü dəqiqədə.
Hər iki oyunda 6 dəqiqə artırılma var idi. Əgər Bakıda olduğu kimi, Leverkuzendə də 6-cı dəqiqədə oyun bitsəydi, “Bayer” qələbə qolunu vura bilməyəcəkdi və yaxud əksinə: əgər Bakıda 6 dəqiqə əvəzinə 7-8 dəqiqə oynanılsaydı, “Bayer” birinci oyundan da qələbə ilə ayrılacaqdı.
Hakimin ədalətsizliyi ilə bağlı ittihamlardan başlayaq:
62-cı dəqiqədə Elvin Cəfərquliyev qırmızı kart aldı. Hər kəs bunu hakimin ədalətsizliyinə yozmağa çalışır. Halbuki hakim bu qərarı vermək üçün VAR-a müraciət etdi və diqqətlə epizodu bir daha izlədi ki, yanlış qərar verməsin.
Və Elvini oyundan kənarlaşdırdı. Ədalətli qərar idi: əgər Elvin mane olmasa, “Qarabağ”ın qapısında top görmək ehtimalı yüksək idi.
O ki qaldı oyunu artırılan 6 dəqiqədə matçın bitirməməsinə, burda hansı ədalətsizlik var ki! Məgər 7-ci dəqiqədə “Bayer” komandası özbaşına oynayırdı, “Qarabağ”lılar meydanda yox idi? Artırılma varsa, hər iki komanda üçün şans var demək.
Əvəzində hakim oyunu 2-3 dəqiqə də artırdı və “Qarabağ” üçün də unikal şans yarandı. Bəhlul Mustafazadənin əlinə ən son saniyələrdə tam bir qol fürsəti düşmüşdü, ona heç bir maneə də yox idi. Topu normal qəbul edib, qapıya göndərmək əvəzinə başı ilə qapıçının üstünə atmağa üstünlük verdi.
“Qarabağ” niyə qalib gələ bilmədi?
- Qurban Qurbanov rəqibi yaxşı öyrənmişdi, gözəl taktika qurmuşdu. Ancaq rəqib də “Qarabağ”ı yaxşı öyrənmişdi və zəif yerlərini bilirdi;
- Heç kim buna fikir vermir, amma həm Bakıda, həm də Leverkuzendə “Bayeri” sonradan oyuna daxil olan Patrik Şik son dəqiqələrdə vurduğu qollarla xilas etdi. Xabi Alonso hər iki oyunda Şiki sonradan oyuna daxil etməklə, komandasının necə böyük ehtiyat qüvvəyə malik olduğunu göstərdi;
- Qurbanov bilirdi ki, rəqib “Qarabağ”ən zəif yerlərini bilir, ona görə də matç öncəsi açıqlamasında oyunu 90 dəqiqə ərzində bitirməyə çalışacaqlarını deyirdi.
Beləliklə, Qurban Qurbanov özü də zəif cəhətlərini bilirdi və bunu oyunöncəsi etiraf etmişdi: “Qarabağ”ın fiziki imkanları 90 dəqiqəyə güclə çatır.
İkinci hissənin başlamasından az sonra “Qarabağ”ın komanda olaraq gücü tükənmişdi – ancaq təzyiq altında idi, həyəcan artmışdı, yalnız hücum dəf etməklə məşğuldu. Topu özündə saxlamaq, vaxtı uzatmaq üçün peşəkar tryuklar etmək, rəqibin həyəcanını artırmaq, səhvlər etməsinə yol açmaq kimi taktika tətbiqi güc qalmamışdı, güc!
Güc fərqi oyunun sonlarına doğru tam şəkildə özünü göstərdi. Buna görə də iki real qol imkanından “Qarabağ” yararlana bilmədi.
“Qarabağ” nəyi bacardı?
Bir azərbaycanlı məşqçinin rəhbərliyi altında zəif futbol turnirinin içərisindən möhtəşəm bir komanda ortaya qoymağın mümkünlüyü nümunəsi “Qarabağ”a aiddir.
Bir peşəkar rəhbər kifayət edir ki, futbolun o qədər də inkişaf etmədiyi bir ölkədən bir komanda dünyanın ən məşhur klublarına qarşı olduqca effektiv mübarizə apara bilsin!
Qurbanov sübut etdi ki, “Qarabağ” dünyanın ən məşhur klublarını yenmək gücündə və iqtidarındadır.
“Cəsur Ürək”də məşhur bir epizod var: Vilyam Volles Şotlandiya qeyri-peşəkar könüllü dəstələri ilə Britaniya torpaqlarına hücum etmək, müharibəni Britaniya ərazisinə keçirmək istədiyini deyəndə bütün zadəganlar, peşəkar ordulara başçılıq edənlər gülür və “Bu mümkün deyil” deyirlər.
Volles isə “Niyə, niyə olmaz ki” ritorik sualını verir. Ardınca isə Britaniya qalalarını bir-bir alır.
Qurbanov heç vaxt demədi, ancaq Avropanın göbəyində də böyük ənənəyə malik futbol qalalarını bir-bir almağın mümkünlüyünü göstərdi.
Qurbanov Leverkuzendə 37 oyundur məğlubiyyətsiz yürüyən “Bayer”i çökdürməyə qadir olduğunu sübut etdi.
Ancaq “arsenal” çatmadı, güc, təcrübə kifayət etmədi!
Azərbaycan futbolu üçün böyük, misli görünməmiş bir təcrübə və inanılmayacaq qədər uğurlu yoldur. Bu yolu “Qarabağ” açır – ardı mütləq gəlməlidir.
“Qarabağ” çempion olmağa layiqdir, sadəcə, “arsenal”ı güclənməlidir. Yəni “Qarabağ” niyə uduzdu yox, “Qarabağ” bu mərhələyə hansı möcüzə ilə gəlib çıxdı” müzakirəsi edilməlidir.
Və bu suala cavab tapılmalıdır: “Qarabağ” möcüzələr yaradır, ardınca kim gəlir? Onun keçdiyi yolu yarı edən olmalıdır ki, “Qarabağ” növbəti zirvələrə ucalsın!
“Qarabağ” 14.73 milyon avroluq komandadır, 566.55 milyon avroluq “Bayer”in dizini yerə gətirir. Demək, bu komandaya ciddi yatırım edilməlidir, ciddi!
Prezidenti Gözəl daha səxavətli olmalıdır!
axar.az