Qərbdən növbəti qarşıdurmanın ANONSU VERİLDİ - Ermənistan yenidən SİLAHLANDIRILIR

16-03-2024, 11:04           
Qərbdən növbəti qarşıdurmanın ANONSU VERİLDİ -
ABŞ Kəşfiyyatının 2024-cü il üzrə təhlükəsizlik qiymətləndirilməsi hesabatında Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məqamlar da yer alıb. Hesabatda bildirilir ki, Ermənistanla Azərbaycan arasında münasibətlər gərgin olaraq qalacaq, lakin Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra gərginlik əvvəlki səviyyədə olmayacaq., hərbi qarşıdurma məhdud çərçivədə olacaq.

Kəşfiyyatın hesabatında o da qeyd olunur ki, sülh müqaviləsinin olmaması, hərbi qüvvələrinin təmas xəttinin yaxınlığı və atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması riskləri saxlayır.

Hesabatda qeyd olunan və əsas diqqət çəkən məqamlardan biri isə odur ki, Azərbaycanın Naxçıvanla birbaşa əlaqə tələbi silahlı qarşıdurma riskini artıracaq.

Məsələ ilə bağlı sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov Referans.az-a deyib ki, Ermənistanla Azərbaycan arasında silahlı qarşıdurma riskinin olması ehtimal olunandır:

“ABŞ-ın kəşfiyyat agentliyi hər il dünyada gedən siyasi prosesləri təhlil edir və təhlili ictimaiyyətə təqdim edir. Yəni bu kəşfiyyat xarakterli məlumat deyil, təhlil məlumatıdır. Əslinə qalsa, bu məsələyə heç təhlil də lazım deyil, Çünki hazırda Ermənistanla Azərbaycan arasında post-konflikt vəziyyət olsada, bir çox məsələlərin həll olunmaması potensial təhlükə riski yaradır. Əslində bir sıra analitik qrupların gərginliyin artacağı ilə bağlı verdiyi proqnozlar gözləniləndir. Eyni zamanda ABŞ kəşfiyyatının təhlili ilə də razılaşmaq olar”.

Sabiq nazir deyir ki, post-konflikt dövründə Ermənistanın sülh gündəminə gəlməməsi hələ də problem sayılır. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan müəyyən vaxtlarda bir-birinə zidd olan bəyanatlar verir:

“İşğalın bəzi nəticələrinin aradan götürülməsi üçün Ermənistanın bəzi siyasi elitası tərəfindən buna müqavimətlər göstərilir. İki ölkə arasında hələ də bəzi təhlükələr mövcuddur və hazırda potensial risklərin olması normalıdır, çünki Ermənistan öz üzərinə düşən öhdəliklərdən boyun qaçırır”.



Referans.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.