Türkiyənin tanınmış kurs şirkətinə də büdcədən pullar ayrılacaq
16-03-2024, 11:54
“Bilge Adam” Türkiyənin uzun illər tanınmış bir kurs şirkətidir. Ötən gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Bilge Adam” şirkətinin rəsmilərilə görüşüb və sonra açıqlayıb ki, onlara da “Technest” təqaüdü veriləcək.
Yəni bu şirkət də ölkəmizdə İT sahəsində kurslar təşkil edəcək və ödənişi də İRİA təmin edəcək.
Nə dərəcədə doğru addımdır bu ?
Düşünürəm ki, İRİA-nın bu qərarı doğru bir yanaşma deyil.
Ümumiyyətlə, qeyd edim ki, İRİA son bir-iki ildə İT sahəsində ölkədə kadrların hazırlanmasında yaxından iştirak edir. Xeyli faydalı addımları var bu sahədə. Xüsusən də kibertəhlükəsizliklə bağlı.
Amma kursların təşkilində, Technest məsələsində, daha doğru qərarların qəbulunda ciddi qüsurlar var. Bir neçə dəfə bizimlə İRİA arasında bu istiqamətdə ciddi müzakirələr, fikir ayrılıqları olub.
Bizim yanaşmamız belədir ki, təqaüd kurslara deyil, fərdlərə verilməlidr. Məhz təqaüdü alan uşaqlar, tələbələr, ixtisas artırmaq istəyənlərin özləri kursları seçməlidir ki rəqabətli mühit formalaşsın. Hansı ki İRİA da bu kursların siyahısını formalaşdıra bilərdi.
İRİA isə təqaüdü fərdlərə deyil, kurslara verir. Bununla da rəqabətli mühit pozulur, odur ki son bir-iki ildə ölkədə bir xeyli keyfiyyətsiz , “gecə qondu” kurslar da formalaşıb.
İndi isə görünür ki, İRİA artıq bunu xarici şirkətlərə şamil etməyə başlayıb.
Fikrimcə bu tip yanaşma ilə keyfiyyətli nəticə almaq çətin olacaq. Kimlərsə bir az vəsaitlər əldə edəcək və sonra da ölkəni tərk edəcək. Daha doğru yanaşma o ola bilərdi ki, İRİA bu tip tanınmış və keyfiyyətli kursları yerli kurslarla əməkdaşlıq çərçivəsində ölkəyə dəvət etsin və onlara dəstək olsun. Onların kontentindən, proqramlarından və mentorlarından yerli kurslarımız əməkdaşlıq çərçivəsində istifadə etsin.
Əks halda isə , düşünürəm ki hazırda bazarda olan, bu sektora investisiya yatıran, xaricdən müəllimlər gətirən İT şirkətlərimiz də iflas qarşısında qalacaq.
Təəssüf ki, dəfələrlə təkliflər verilməsinə baxmayaraq İRİA nə Texnopark-da, nə də Technest çərçivəsində müzakirələr aparmaq üçün, hətta qanunvericiliklə yaradılması nəzərdə tutulan ekspert komissiyalarını formalaşdıra bilməyib.
Ümid edirəm RİNN bu sahədə ağlabatan qərarların qəbulu üçün daha effektiv və çevik mexanizmlər formalaşdıracaq.
Osman Gunduz
TEREF