"Böyük Kürdüstan": O taylı, bu taylı Azərbaycana böyük təhlükə...

16-03-2024, 16:27           
"Böyük Kürdüstan":
Təxminən 10 il əvvəl "Böyük Kürdüstan" xəritəsi sosial şəbəkələrin Azərbaycan seqmentində yayılmağa başladı.Bu kürd separatizmin Azərbaycanda görəcəyi işlərdən biri idi və "Böyük Kürdüstan" təbliğatının başlanğıcı hesab oluna bilərdi. Elə o dövrdə Laçın Rayon Təhsil Şöbəsinin inspektoru olan Müqabil Baxışovun Nizami Gəncəvini kürd şairi adlandırmasını və sosial şəbəkələrdə bu istiqamətdə aqressiv təbliğat aparmasının da təsadüf olmasını düşünmək sadəlövhlük olar.

Bu arada 10 il müddətində kürd separatçılarının gərgin əməyi nəticəsində belə bir nəticə otaya çıxdı ki, artıq bir çox görkəmli şəxsiyyətləri Qaçaq Nəbini, Sultan və Xosrov Sultanov qardaşlarını, Fərman Kərimzadə kimi türk mənşəli məşhurları "kürd məşhurlar" edə bilib. Hətta vikipediya kimi ciddi bir axtarış portalında bu şəxslər kürd olaraq qeyd olunub.

Baxmayaraq ki, Qaçaq Nəbinin nəslindən olanlar, eləcə də onun qohumları , həmkəndliləri, həmyerliləri Nəbini türk oğlu türk olaraq tanıdığını deyib. Sultan və Xosrov Sultanov qardaşlarının nəslindən olanlar, Fərman Kərimzadə qızı bu şəxsiyyətlərin kürdlə heç bir əlaqəsi olmadığını dəfələrlə vurğulayıb, ortaya sübutlar qoyublar. Hiss etmək mümkündür ki, Azərbaycan növbəti bir separatizmlə üz-üzə qalacaq.

Xatırladım ki, SSRİ-nin, sonralar isə Rusiya və Ermənistanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən, PKK qruplaşması, İraq və Suriyadakı kürd müxalifəti ilə sıx əlaqələrə malik olan “Musto” ləqəbli Vəkil Mustafayev 1992-ci ildə Laçın işğal edildikdən sonra Vəkil Mustafayev Ermənistana getmiş, İrəvan televiziyasında çıxış edərək Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı bölgələrinin tarixən kürdlərin torpağı olmasını demiş, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmış,

həmin ərazilərdə qondarma "Laçın Kürd Respublikası" elan etmişdi. Bu məlumat bəzi azərbaycanlı separatist kürdlərin ürəyincə olmuşdu.

"Böyük Kürdüstan" xəritəsi Cənubi Azərbaycanda gerçəkləşmək ərəfəsində

Bir neçə il əvvəl (2020) Kanada Ontario Vəkillər Kollegiyasının üzvü - vəkil, məsləhətçi, Lambton Kollecinin Hüquq fakültəsinin müəllimi Haqan Türkellinin Azərbaycan mediasında həyəcan verici bir məqaləsi işıq üzü gördü.

Məqalədə göstərilirdi ki, İranda daxili miqrasiya da geniş yayılıb. Kürdüstan və Kirmanşah əyalətlərindən olan bir çox İran kürdü Güney Azərbaycana köçərək burada yaşamağa və işləməyə başlayıblar. Əlbəttə, geri qayıtmamaq şərti ilə. (Qərbi Azərbaycan valisi Qərbi Azərbaycan Vilayətinin son yarım əsrdə ən azı 1 milyon 600.000 İraqdan gələn kürdə qapı açdığını təsdiq edib. Rəsmi məlumata görə, bölgədə təkcə 1960-70-ci illərdə 1 milyon 600.000-dən çox İraq kürdü məskunlaşdırılıb)... Ən böyük köç ötən illərdə Mahabada – “paytaxt” kimi baxdıqları tarixi Azərbaycan şəhərinə həyata keçirilib.

Haqan bəy yazır:“Kürdlər Qərbi Azərbaycan vilayəti əhalisinin təxminən 10 faizini təşkil edir.Keçən il (2019) Urmiya Şəhər Şurasının yeganə kürd üzvü məclisin dili Azərbaycan türkcəsi olduğu üçün şuranın iclasını tərk etdi. Urmiya kürdləri də Tehran rejimindən bölgədə türk dilində lövhələrin və nişanların qadağan edilməsini tələb edib. Son günlərdə artıq Təbriz və iki sərhəddə yerləşən Muğandan da hədələyici səslər gəlir.

Fəhlə adı altında 2000 kürd partizanı Muğanda yerləşdirilib. Kürdlərin demək olar ki, hamısı istisnasız olaraq Qərbi Azerbaycanı “Kürdüstanın Urmiya əyaləti” adlandırır, sənədlərdə də belə yazırlar. Kürd qruplaşmaları bütöv Qərbi Azərbaycana iddia edirlər, bu separatçı iddialar Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiya, Salmas, Xoy, Soyuqbulaq (Mahabad), Qoşaçay (Miyandab) və digər bölgələri əhatə edir. Bəzi radikal qruplar hətta bir az da irəli gedərək, Təbrizlə həmsərhəd olan bölgələrə və hətta Güney Azərbaycanın paytaxtı Təbrizin özünə qarşı da ərazi iddiaları irəli sürürlər.

Torpaq iddiaları, siyasi qruplar arasındakı gərginliklər qarşısında qalan Güney Azərbaycan xalqı PKK və PJAK kimi kürd terror təşkilatlarının terror və dağıdıcı hücumlarına məruz qalır. Cənub təşviş içindədir.
Kürdlər tarixi təhrif edir və “Böyük Kürdüstan”ın paytaxtının Mahabad olacağını iddia edir. Belə bir iddia ilə, eyni zamanda Qərbi Azərbaycan əyalətinin paytaxtı Urmiyaya qarşı da çıxış edirlər.

Mahsun Kırmızıgül boş yerə o mahnını oxumurmuş...

Bu günlərdə Mahsun Qırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub. Məlumata görə Mahsun Qırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı video-çarxını kürd dilində yayımlayıb. O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmunu kürd şəhəri adlandırıb. O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də işlədib. Mahnı Güneydə kəskin etiraz doğurub.

Uzun sözün qısası, Mahsun Kırmızıgülün Urmiyanı Kürdüstan adlandırması bir təsadüf deyil, böyük bir fəlakətin təbligatı hesab etmək olar.
Artıq ilk işartılar da var. Beləki, martın 3-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindən İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələri açıqlandı. Məlumata görə, Hakim Mamakan (kürd) 119.776 səs, Şahin Cahangiri (kürd) 117.786 səs və Seyid Salman Zakir (türk) 115.761 səslə qalıb elan edildilər. Nəticələrin açıqlanmasından sonra azərbaycanlılar Urmiya şəhərinin mərkəzi, bələdiyyə və valilik binaları qarşısında etiraz aksiyaları keçirməyə başlayıblar. Onlar seçkilərdə saxtakarlıq olduğunu, kürdlər yaşayan bölgələrdən Urmiyaya qruplar halında seçicilərin gətirildiyini bildirirlər. Etiraz mitinqlərini xüsusi təyinatlılar həyata keçirərək həbslərə başladı

Urmiyadan 2 kürdün seçilməsinə sevinən kürdlər də şənlik nümayişi keçiriblər, “Urmiya Kürdüstan” şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını açıqca dilə gətiriblər.Kürd partiyaları, Azərbaycana qarşı ərazi iddiası ilə tanınan cərəyanlar paylaşımlar edərək, kürdlərin qələbəsini təbrik ediblər.

ABŞ-ın yarım milyard dollar vəsait ayırdığı terror təşkilatı: PKK/KCK/PYD-YPG

Nəzərə alsaq ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/KCK/PYD-YPG üçün cari il yarım milyard dollar vəsait ayırıb, yəqin ki, məsələnin ciddiliyi ortaya çıxmış olar. Bəli, Pentaqonun hazırladığı Suriya üzrə hesabata görə, bu miqdar ABŞ-ın terror təşkilatına keçən il ayırdığı vəsaitdən 70 milyon dollar artıqdır.
Terror təşkilatına veriləcək müxtəlif miqdarda silah-sursat üçün 433 milyon dollar vəsait ayırılıb.
Hesabatda vəsaitin bir hissəsinin silah-sursat üçün ayrıldığı, 67 milyon dollar vəsaitin isə terrorçuların səhiyyə və nəqliyyat xərclərinə ayrıldığı bildirilib. Rəsmi Vaşinqton terror təşkilatını sadəcə silahla təmin etmir, terorrçuların sayını da artırır.

Hesabatda 25 min olduğu qeyd edilən terrorçu sayının ilin axırınadək 30 minə çıxarılacağı da bildirilib.
Digər tərəfdən Pentaqon 2019-cu maliyyə ili üçün hazırlanan büdcə layihəsində DEAŞ ilə mübarizə çərçivəsində terror təşkilatı PYD/PKK-ya təlim-təchizat işləri üçün 300 milyon, “DEAŞ əleyhinə missiya ilə əlaqəli sərhəd təhlükəsizliyi ehtiyacları” üçün isə 250 milyon dollar olmaqla cəmi 550 milyon dollar ayırıb.
ABŞ başçılığındakı koalisiyanın əvvəl 30 min nəfərdən təşkil tapacaq sərhəd təhlükəsizliyi qüvvəsi kimi açıqladığı, ancaq daha sonra “daxili təhlükəsizlik və sabitlik gücü” olaraq adlandırdığı terror əleyhinə ordu üçün isə fond ayırması diqqət çəkir.

Cənubdakı soydaşlarımızın və torpaqlarımızın taleyi qaranlıq və qeyri müəyyən bir xətt üzrə sürətlə irəliləməkdədir.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.