Cinayət və Cəza
18-03-2024, 10:34
Dünyada milli və dünyəvi dövlətlər yaranmağa başlayandan sonra ədaləti cinayət məcəllələri, qanunlar, məhkəmələrlə təsis etməyə çalışdılar. Amma mübahisələr bitmədi, istənilən cəzanın ağır, və ya yüngül olması həmişə müzakirə mövzusu oldu.
Ədaləti təsis etmək üçün hüququn müxtəlif nəzəriyyələri yarandı, bu gün də tədbiq edilir, sahəm olmadığı üçün detallara varmadan onu deyə bilərəm ki, istənilən hüquq sisteminin ali məqsədi ədalətin təsisi olmalıdır.
İnsanın azadlığının əlindən alınması cəzanın ən sərt formalarından biridir, çünki azadlıq hüququ vacibdir, yəni, həbs etmək, zindana salmaq ən son çarədir, ən son seçənək olmalıdır. Azərbaycanda isə həbs adiləşib, son deyil də, ilk addıma çevrilib. Son zamanlar artan həbs dalğası bir daha bu ifrat yanlış yanaşmanı üzə çıxartdı. Məsələn, tutalım dövlət orqanları, Ələsgər Məmmədlinin hansısa qanunu pozmasından şübhələnirlər, istintaq və araşdırma aparırlar, yaxşı, bu müddətdə onu həbs etmək niyə zərurətə çevrilməlidir ki?! Bəyəm o qatı cinayətkardır, cəmiyyət üçün təhlükəlidirmi ki, onu mütləq izolyasiya etmək lazım gəlir?! Axı bu ədalət prinsipini zədələyir, dövlətin ədalətinə güvəni sarsıdır, bu isə çox təhlükəli tendensiyadır. Dövlət ədalətli deyilsə bu dövlətçilik üçün təhlükə mənbəyidir.
Eyni yanaşmanı həbs edilmiş jurnalistlərə, ictimai xadimlərə də aid etmək olar – araşdırırsınız, lap yaxşı, edin, ayağına elektron bilərzik taxın, ev həbsinə buraxın, bəzi məhdudiyyətlər gətirin (məsələn, ölkədən çıxma qadağası), amma imkan verin evində-eşiyində olsun, axı onlar ictimai təhlükəli insanlar deyil.
Bu yanaşma tək ictimai xadimlərə, jurnalistlərə də aid edilməməlidir, bu yanaşma cinayət məcəlləsinin yüngül, az ağır maddələrinə şamil edilməlidir. Ölkədə zindanlar dolub-daşır, bu tək insanların, ailələrin faciəsi deyil, həm də Dövlət büdcəsinə ağır yükdür, hətta yeyinti mənbəyidir.
2023-lə bağlı məlumat tapa bilmədim, 2022-ci ildə hər məhbusun günlük saxlama xərci 15 manat 80 qəpik olub – aya 474 manat, ilə 5688 manat edir. 2024-cü il üçün ölkədə yaşayış minimumu 270 manatdır, yəni, zindana atılanlara dövlət aya 474 manat xərcləyir, azadlıqda olnalar üçün isə yaşayış minimumunu 270 manat təyin edir. Tragikomediyadır...
Natig Jafarli
TEREF