Elşad Mirinin “Quran müqəddəs kitab deyil” fikrinə deputatdan SƏRT TƏPKİ
18-03-2024, 16:28
İlahiyyatçı Elşad Miri iddia edir ki, Quran müqəddəs kitab deyil. O, bu barədə “Yaşıl Orta” verilişində qonaq olarkən bildirib.
Elşad Mirinin sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir:
“Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı nə deyəcəkdiniz? Məsələn biz bu gün bir sorğu keçiririk, yəqin ki yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacağam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi Tövratdır. “Qurani Kərim”də bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”, - deyə ilahiyyatçı bildirib.
Elşad Mirinin bu fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun fikirlərini öyrəndik. Deputat Bizim.Media-ya açıqlamasında bildirdi ki, müqəddəs Ramazan ayında bu cür müzakirələrin aparılması təəssüf doğurur:
“Anlaşılan bir məsələ deyil. İlahiyyatçılar və din alimləri tərəfindən qeyd edilib ki, bütün Səmavi kitablar –“Quran”, “İncil” və “Tövrat” müqəddəsdir. Çünki, bu kitablarda yer alan fikirlər Uca Yaradana söykənir. Doğrudur, “Tövrat” və “İncil”lə bağlı müxtəlif fikirlər də olsa bu reallıqdır. Yəni müqəddəs o kitaba deyilir ki, o Allah tərəfindən göndərilib. Ona görə də bu cür fikirləri irəli sürmək, müzakirələr aparmağın özü kökündən yanlışdır”.
Ceyhun Məmmədov belə mövzuda müzakirə aparanların məqsəd və hədəfini anlamadığını qeyd edib:
“Axı, belələri nəyə nail olmaq, nəyi gözdən salmaq istəyirlər? Hansı məqsədləri qarşılarına qoyublar? Birmənalı şəkildə bu cür yanaşma sağlam münasibət deyil. Biz bu tip müzakirələr açmaqla heç nəyə nail olmayacağıq. İnsanların kamilləşməsinə yardımçı olmalıyıq. Bu cür fikirlərlə ancaq insanların beynini qarışdırırıq, onların fikirlərinə mənfi təsir göstəririk. Ona görə də belə müzakirələrdə insanların hədsiz dərəcədə diqqətli olması vacibdir. Hesab edirəm ki, hər kəs “Quran”ın müqəddəsliyini qorumalıdır”.