“Quska”nın azadlıq yolu islahdan keçir…
23-04-2024, 16:44
Hamının “Quska” kimi tanıdığı, əsl adı və soyadı Hüseyn Abdullayev olan bu adamla bağlı maraqlı proselər cərəyan edir. Bilməyənlər üçün xatırladım ki, “Quska” siyasətçi olmayıb. Onun fəaliyyət sferası biznes və musiqi sahəsidir.
Tanınmış müğənilərin ifa etdikləri bir çox hit mahnıların bəstəkarıdır. Müstəqilliyin ilk illərində özünə çox böyük varidad toplayıb, zamanında Azərbaycanın ən zəngin adamlarından sayılırdı.
Sonra “Quska” siyasətdə özünü sınamaq qərarına gəldi. Deputat seçildi, Milli Məclisdə keçmiş həmkarı Fəzail Ağamalı ilə şillə-təpik davasına qalxdığına görə, onun mandatını əlində alıb, özünü də içəri soxdular.
Həmin vaxt “Quska” canını tez qurtara bildi. Azadlığa çıxandan sonra xarici ölkələrdən birində yaşamağa başladı. Bununla yanaşı, hakimiyyətə qarşı radikal müxalif mövqe ortaya qoymaqla diqqətləri çəkdi.
Onun birbaşa ideya müəllifliyi və maliyyəsi ilə ərsəyə gələn “Susma” adlı musiqi əsərinin klip hissəsində insanların mitinqlərdə necə döyüldüyünə dair səhnəni canlandırdı.
Bununla, “Quska” faktiki olaraq insanları hakimiyyətə qarşı mübarizəyə səsləmiş olurdu. Ən maraqlısı və parodoksalı isə bu idi ki, bir zamanlar elə həmin mitiqləri dağıdan, insanları mülki formada incidən “Quska” və onun dəstəsi olub. Nəhayət, “Quska”nı xaricdən tutub gətirdilər və ona 6 il iş verdilər.
Cəzasının sonu dünən bitirdi. Ancaq “kalendar”ının tamamında belə onu buraxmadılar. Yayılan rəsmi məlumatda bildirildi ki, “Quska”ya yeni cinayət işi açılıb və ittiham sübut olunarsa, onu 7 ildən 12 ilədək həbs cəzası gözləyir.
Mənə maraqlıdır, “Quska” hansı tərsliyi göstərir ki, onunla belə davranılır? Siyasi iddiası varsa, bəyan etsin biz də bilək. Tərslik edib, nəyəsə nail olmaq istəyirsə, əbəsdir. Ən azından türmədə bir neçə dəfə “raskrutka” olunaraq cəzası artırılan Əli İnsanova baxıb, ibrət götürsün.
O qədər əzab-əziyyətdən sonra, pulu və var-dövləti heç də “Quska”dan az olmayan Əli İnsanov səhv yolda olduğunu anladı və hazırda ikiəlli olaraq İlham Əliyevi dəstəkləyir.
“Quska” fikirləşməlidir ki, bu hakimiyyət ona qarşı oyun qaydalarını pozmayıb, cığallıq onun tərəfindən edilib. Yanaşma belədir və çox da doğrudur: “ola bilməz ki, sən gəlib bizim hakimiyyət dönəmində manıslıqdan milyarderliyə yüksəl, sonra da həmin pullarla bizi yıxmağa çalış”.
Bu, mümkün deyil! Belə qənaətə gəlmək olur ki, “Quska” bu 6 illik “srok” ərzində yaxşı islah olunmayıb. Cəzanın da məqsədi islaha nail olmaqdır. Papağını qabağına qoyub, yaxşı fikirləşsə, azadlığa aparan islah yolunu özü tapa bilər. Allah qapısını açsın!
Məhəmmədəli QƏRİBLİ