Ortada sənəd yoxdursa: Paşinyana inanmaq olarmı?
23-04-2024, 17:38
“Ermənistan “Dağlıq Qarabağ” uğrunda müharibə aparmaq fikrində deyil”.
Baş nazir Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində belə deyib.
“Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar heç bir ambisiyası yoxdur və biz ümid edirik ki, demarkasiya prosesi vasitəsilə Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq.
Qeyd etmişik ki, Ermənistan hökuməti hazırda insanların yaşamadığı 4 Azərbaycan kəndində - Qızıhacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs Ayrımda insanların yaşaması üçün şərait yaratmağa hazırdır.
Eyni proses nəticəsində Ermənistanın Bağanıs (Bağanis), Əskipara (Voskepar), Çaykənd (Kirants), Bibiş (Berkaber) kəndlərində insanların öz evlərində sakit həyat şəraiti yaradılmalıdır”.
“Biz təhlükəsizlik risqlərinin azaldılması baxımından son dərəcə vacib olan sərhədin delimitasiyası prosesinin praktiki mərhələsinə qədəm qoyduq”, - deyə Nikol Paşinyan əlavə edib.
Onun fikrincə, Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkilməməlidir. Lakin SSRİ-nin dağıldığı dövrdə mövcud olan və de-yure hüquqi əsası olan sərhədlər bərpa olunmalıdır.
Qeyd edək ki, Nikol Paşinyan bununla Ermənistanın Azərbaycana qarşı, o cümlədən Qarabağa olan ərazi iddiasından imtina etdiyini bildirir. Eyni zamanda, Paşinyan Qarabağ məsələsinin Ermənistanın dövlət siyasəti üçün prioritet təşkil etməyəcəyini açıqlayır. Baş nazirin bu fikirləri Ermənistanla Azərbaycan arasında 36 ildən artıq davam edən münaqişədən sonra ikitərəfli münasibətlərdə tamamilə yeni mərhələnin başlanması hesab oluna bilər. Nikol Paşinyanın mesajı Ermənistan tərəfinin münaqişədən imtina etdiyini, Azərbaycanla yaxın qonşuluq və mehriban dostluq prinsipi ilə dinc yanaşı yaşamağa üstünlük verdiyinə dair qənaət formalaşdırır. Ermənistanın Qazax rayonunun işğal altındakı yeddi kəndindən dördünü danışıqlar yolu Azərbaycana qaytarmasından dərhal sonra Baş nazir Paşinyan qeyd edilən fikirləri rəsmi İrəvanın bundan sonra sülh müqaviləsi üçün konsensusa hazır olduğunu deməyə əsas verir. Bu kontekstdə Paşinyanın açıqlaması siyasi baxımdan, müsbət və ümidverici qiymətləndirilə bilər. Lakin vəziyyətin hüquqi müstəvidə təhlili tamamilə fərqli mənzərəni nümayiş etdirir. Yəni Ermənistan hökumətinin başçısı Qarabağ da daxil olmaqla Azərbaycana ərazi iddiasının olmadığını və bu məqsədlə heç zaman müharibə aparmayacağını bəyan etsə də, öz mövqeyini hüquqi cəhətdən rəsmiləşdirməyib. Belə ki, Ermənistanın konstitusiyası və digər hüquqi-normativ aktları hələ də Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutur. Ermənistan Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə dair Ermənistan SSR Ali Sovetinin 1989-cu il 1 dekabr tarixli qərarına istinad edilir. Paşinyan hakimiyyəti ölkədə konstitusiya referendumu keçirəcəyini və həmin hissəni ölkənin ali qanunundan çıxaracağını vəd etsə də, bunlar söz olaraq qalır. Eləcə də, Ermənistan Milli Təhlükəsizlik Strategiyasının 3-cü hissəsi “Dağlıq Qarabağ Respublikası” adlanır.
Ermənistanın Hərbi Doktrinasında da Qarabağa ərazi iddiaları öz əksini tapıb. Hər iki sənəddə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti “legitim və zəruri fəaliyyət kimi” hüquqi cəhətdən təsbit edilib, Ermənistan Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı kimi göstərilib. Ona görə də Ermənistan Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan qanunvericilik bazasına xitam verməyənə qədər Paşinyanın və digər rəsmilərin dedikləri söz olaraq qalacaq. Çünki Ermənistanda başqa bir siyasi qüvvə, xüsusilə də revanşistlər hakimiyyətə gələrsə, mövcud konstitusiyanı və və hüquqi-normativ aktları əsas götürərək Azərbaycana qarşı ərazi iddiası irəli sürə bilər. Paşinyan bildiriri ki, Vyana Konvensiyasının 27-ci maddəsi Ermənistanın daxili qanunvericiliyini əsas gətirərək sülh müqaviləsi üzrə öhdəliklərdən yayınmasına imkan vermir. Yəni Ermənistan hüquqi dəyişikliklər etməsə də Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina edə bilər. Ancaq Ermənistan 30 ildən artıq müddətdə beynəlxalq hüquqa məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ona görə də Paşinyanın dedikləri ilk növbədə hüquqi müstəvidə təsbit olunmalıdır. Yalnız bundan sonra Ermənistana inanmaq olar.
“Cebhe.info”