Bu sitemdə həmişə göydən 3 alma düşəndə hər üçü də sahibkarın başına daş kimi düşür...

24-04-2024, 09:17           
Bu sitemdə həmişə göydən 3 alma düşəndə hər üçü də sahibkarın başına daş kimi düşür...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “çox gözəl” təşəbbüslə çıxış edib, bu addımı ilə özləri öz işlərinə, fəaliyyətlərinə tam doğru qiymət veriblər. Görürlər ki, zatən işləri-gücləri nağıldı, əfsanədi, bunu rəsmiləşdirmək istəyiblər, rəsmi xəbər: “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl (komiks, manqa) müsabiqəsi”-nə start verilir.
Məktəbli olmasam da, istəyirəm mən də bir nağıl göndərim:
Biri var idi, biri yox idi, neftlə zəngin məmləkətdə Əhməd dayı adlı 2 Universitet bitirmiş, əvvəllər elmi işlə məşğul olmuş bir insan yaşayırdı, dayı təqaüdə çıxandan sonra özünə kiçik dükan açmışdı, gündəlik alver ilə özünü və ailəsini dolandırmağa çalışırdı. Dayının kiçik dükanına müxtəlif “yırtıcılar” dadanmışdılar, gündə 16-17 saat işləsə də, çalışsa da gəlirlərini artıra bilmirdi. Hər gün qoltuğunda qovluq olan biri gəlir, hansısa sənəd göstərir, daydayı ya cərimələyir, ya da 5-10 manatını alıb gedirdi. Yəni, Əhməd dayı öz ailəsindən başqa məhəlləsinin “uçastkovısından” tutmuş “pAjArnısına”, icara nümayəndəsindən tutmuş vergi işçilərinə qədər hər kəsi dolandırmağa məcbur qalmışdı.
Sonra Əhmət dayının məhəlləsində böyük bir “supermarket” açdılar, kişinin günü qaraldı, amma bir müddətdən sonra köhnə müştəriləri geri döndü – çünki, marketin nisyə dəftəri yox idi, Əhməd dayı isə illərdir nisyə mal verib qonşulara yardımçı olurdu.
Günlərin bir günündə dükana növbəti qalstuklu-qovluqlu müəllim gəldi, cibindən kitabça çıxartdı, yoxlama aparacağını dedi, Vergilərdən gəldiyini söylədi. Ora-bura baxandan sonra Əhməd dayının nimdaş borc dəftərini gördü, gözləri parıldadı, amiranə səslə, “siz qanun pozmusuz, kassa çeki olmadan mal satmısız, nisyə mal verməklə vergidən, dövriyyədən yayınmısız, cinayət etmisiz, Dövlətin vergisini verməmisiz”, deyərək kişinin üstünə gurladı.
Əhməd kişi duruxdu, amma qəhərini boğub, “ay oğul, vergi borcum yoxdur axı, nə var ödəyirəm, amma dövlətə ödədiyim verginin mənə xidmət etməsini görmürəm axı! Məhəllənin yolları pis gündə, təqaüdüm az, xəstə nəvəmə dərman pulsuz olmalıdı, amma vermirlər, özüm üçün əvvəl 2 manat aldığım dərmanı indi 12 manat alıram, yaxşı vergi borcdur bunu bildik, borcumuzu verəcəyik, amma vergi yığanın tək səlahiyyəti yox, həm də məsuliyyəti olmalıdır axı, sizin o məsuliyyətiniz hanı bəs?!”.
Vergidən gələn əvvəl çaşdı, sonra isə, “a kişi, nə nağıl danışırsan e”, deyərək bozardı. Əhməd kişi özünü itirmədi, gülümsəyərək, “bəs özünüz nağıl yarışı elan etməmisiz, danışıram da, sizə nağıl danışmaq olar, bizə yox”, dedi.
Qalstuklu müəllim çaşdı, gözlərini döyə-döyə, “yaxşı, o zaman bunları yazın, bizə göndərin, biz də baxaq”, deyib cəriməni yazıb getdi.
Bu sitemdə həmişə göydən 3 alma düşəndə hər üçü də sahibkarın başına daş kimi düşür...
Natig Cəfərli
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.