Çinlilər sərçələri, AYNA taksiləri "təmizləyir"... -

12-07-2024, 19:09           
Çinlilər sərçələri, AYNA taksiləri "təmizləyir"... -
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksilərdən istifadə edən vətəndaşlara müraciət edib və bildirib ki, hansı taksi sürücüsü xidmət zamanı kondisionerdən istifadə etməsə, 141 Çağrı mərkəzinə bu haqda məlumat verilsin. İçində kondisioneri, pərdəsi, sağlam oturacağı, hətta təmizliyi belə olmayan, amma gedişhaqqı 50 qəpik olan şəhərdaxili avtobuslardan istifadə edən vətəndaşlar AYNA-nın bu çağırışına birmənalı yanaşmayıblar.

Rasim Hüseynov yazır: "Kondisioneri işləməyən taksilərin sürücülərini xəbərləməyimizi istəyirlər, amma özlərinin yollarda "leş"ə çevrilmiş kondisionersiz, işlək vəziyyətdə olmayan tullantılarından (avtobusları nəzərdə tutur - red) xəbərləri yoxdur. Onları yollardan təmizləmək əvəzinə, taksi sürücülərini işsiz qoyublar".

Bəli, həqiqətən də nəqliyyatla bağlı son zamanlar verilən qərarlardakı məntiqsizlik və uyğunsuzluq cəmiyyətdə olduqca gülməli halların yaranmasına, xüsusilə də ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarda qəzəb və aqressiyaya səbəb olur.

"91,92,170,569" və onlarla marşrut xətləri var ki, onların heç birində nəinki kondisioner, təmiz və sağlam oturacaq belə yoxdur. Bu halda, AYNA nə üçün bütün bu nöqsanları kənara qoyub, taksilərə müharibə elan edib?

İndi yay mövsümü olduğuna görə insanların əksəriyyəti tətildədir və məktəblər də bağlıdır. Sentyabr ayından iş və təhsil sektoru aktivləşəcək və sıxlıq artacaq. Əvvəllər minimum qiyməti 2.50 qəpik olan taksilərdə qiymətlər indi 6 manatdan başlayır. Taksilərin ucuz olduğu bir vaxtda sıxlıq əlindən tərpənmək olmurdu, bəs bu il vəziyyət necə olacaq? AYNA-nın ictimai nəqliyyatla bağlı qəbul etdiyi məntiqsiz qərarlar, eynilə Mao Tszedun dövründəki kommunist Çin hakimiyyətinin qərarlarını xatırladır.

Bir zamanlar Çin Kommunist Partiyasının qəbul etdiyi xüsusi qərarla ölkədə milyonlarla sərçənin qətliamına start verilmişdi. Sərçələrin düyü tarlalarına zərər verdiyi düşünülərək, iki milyondan çox sərçə qətl edilmişdi. Hətta hökumət sərçə öldürüb gətirən vətəndaşlara mükafatlar verirdi. Beləliklə, ölkədə sərçələrin sayı yox deyiləcək qədər azaldı və tarlalarda həşəratların sayı çoxaldı. Tarlalarını sərçələrdən qorumağı planlayan hökumət bu dəfə kənd təsərrüfatı məhsullarını həşəratlardan qurtara bilmədi. Nəhayət anlaşıldı ki, sərçələr həşəratları yediklərinə görə, onların varlığı bilinmirdi. Amma sərçələr kütləvi şəkildə qətl edildiyi üçün ölkədə ekosistem fəlakətə uğramışdı. Bu hadisədən sonra Çini uzun bir aclıq və yoxsulluq dövrü bürüdü. Minlərlə insan aclıqdan dünyasını dəyişdi.

İndi AYNA eyni düşüncənin fərqli üsulunu Azərbaycan nəqliyyatında tətbiq etməyə çalışaraq, taksiləri sözün əsl mənasında yollardan "təmizləyir". Acı nəticənin gətirəcəyi vəziyyət isə çox uzaqda deyil.

Mətin Şükürlü, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.