Azərbaycan sərhədində Rusiya-NATO qarşıdurması? - NƏ BAŞ VERİR?

13-07-2024, 00:08           
Azərbaycan sərhədində Rusiya-NATO qarşıdurması? - NƏ BAŞ VERİR?
Rusiya Ermənistanın NATO sammitində iştirak etməsinə etiraz edib.

Belə ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin ölkəsinin Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə son dərəcə təəssüfləndiyini deyib. O, Ermənistan hələ də KTMT-nin üzvlüyün davam etdiyi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısı olduğunu bildirib:

“Təəssüf ki, rəsmi İrəvan isə narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, başqa yol seçdi. Ermənistan alyans üzvləri ilə, xüsusən NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından qarşılıqlı əlaqəni artırmağa üstünlük verir. Bütün bunlar isə həddindən artıq təəssüfdən başqa heç nəyə səbəb ola bilməz”.

Qaluzinin fikrincə, məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla belə bir tempdə əməkdaşlığı dərinləşdirməklə, İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq və öz təhlükəsizliyinə zərər vurmaq riskini daşıyır.

Beləliklə, Rusiya-NATO müharibəsi Ukraynadan sonra Ermənistana keçir? Rəsmi İrəvan nə etməyə çalışır?

Milli Məclisin VI çağırış deputatı Vüqar İskəndərov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistanın tarix boyu müstəqil olmaması onun xarici siyasətinə də böyük təsir göstərir:

“Ermənistan həmişə “ağa”larının diktəsi ilə hərəkət edib. Ona görə də bu gün rəsmi İrəvanın müstəqil addım atmaq görüntüsünün yaradılması Ermənistana rəhbərlik edən dövlətlərin narahatlığına səbəb olur. Təbii olaraq Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ermənistanın NATO sammitində iştirak etməsi ilə bağlı fikirləri başadüşüləndir. Onun dediyi kimi, Ermənistan bu gün NATO-nun əksi olan digər hərbi blokun KTMT-nin üzvüdür. Yəni bu qurumun üzvü olan Ermənistanın düşmən sayılan NATO-nun tədbirində iştirak etməsi absurddur. Bu, həm də siyasətdə qeyri-peşəkarlıqdır”.

Həmsöhbətimiz qeyd edib ki, Ermənistan həmişə olduğu kimi hər hansısa vəziyyətlərdən yararlanmağa çalışır:

“Rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının ləngidilməsində də maraqlı görünür. Çünki Ermənistanın bu yöndəki bəyanatları və addımları bir-birindən fərqlənir. Düşünürəm ki, Ermənistan hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin sonunu gözləməyə çalışır. Hətta deyərdim ki, Paşinyan hakimiyyəti də hiyləgərcəsinə manevr etmək istəyir.

Yəni müharibənin sonu necə bitəcəksə, Ermənistan xarici siyasət vektorunu da ona uyğun müəyyənləşdirməyə çalışacaq. Əgər Ukrayna qalib gəlsə, tamamilə Qərb tərəfə yönələcək. Amma Rusiya qalib gəlsə, əlaqələrinin tamamilə kəsilməsinin qarşısını almağa çalışacaq. Ona görə də bir diplomatı Rusiyanın əleyhinə danışsa, başqa biri onun xeyrinə danışır”.

Vüqar İskəndərov diqqətə çatdırıb ki, Rusiya siyasətçiləri də bunu çox gözəl bilirlər:

“Onlar Nikol Paşinyanın bu gedişlərini yaxşı anlayırlar.

Ermənistanın bu tədbirdə iştirakı təəssüf doğurması fikri doğrudur. Çünki Ermənistanın KTMT-nin üzvü kimi ora dəvət ala bilməz. Dəvət alsa belə iştirak etməməli idi. Amma son zamanlarda Ermənistan tamamilə Rusiyadan qopmaq və Qərbə yaxınlaşma görüntüsü yaratmaqla oyun oynamağa çalışır. Bu isə indiki vəziyyətdə Kremlin xoşuna gələ bilməz. Bütün bunlara baxmayaraq, Rusiya Ermənistanın üzərinə çox getmir. Kreml qarşısında Ukrayna kimi bir bataqlıq olduğu üçün yeni cəbhənin açılmasını istəmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.