Pensiya ilə bağlı mühüm xəbər: Qaydalar dəyişdi - Artıq staja görə...
13-07-2024, 11:28
"Əmək pensiyaları haqqında" qanuna edilən son dəyişikliyə görə, hərbi qulluqçuların pensiyaya çıxması üçün tələb olunan qulluq stajı 20 ildən 25 ilə qaldırıldı. Əgər indiyə kimi hərbi qulluqçu 20 ili xidmət etdikdən sonra pensiyaya çıxmaq hüququ əldə edirdisə, onun pensiyası işlədiyi dövrdə təminat xərclərinin 50 faizi məbləğində hesablanırdı.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, xidmət müddəti 25 ilə qaldırıldıqda isə bu 50 faiz deyil, 65 faiz hesablanacaq:
“Beləliklə, onların pensiyasının məbləği də artacaq. Eyni zamanda bu qanun qüvvəyə minənə qədər 17 il qulluq stajı əldə etmiş hərbçilər də 20 il xidmət ili tamamlandıqdan sonra 25 ili gözləmədən pensiyaya çıxa biləcəklər”.
Komitə sədrinə görə, əgər bu il hansısa hərbi qulluqçunun xidmətdə 20 ili tamam olubsa, o, elə bu il pensiyaya çıxa bilər:
“Həmçinin bu il hansısa hərbi qulluqçunun 19 ili tamam olursa, o da gələn ili gözləyib pensiyaya çıxa biləcək”.
Qeyd edək ki, baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişikliyi təsdiq edib. Həmin qərara əsasən, Qaydada aşağıdakı dəyişikliklər edilib:
- 5.10-cu bənddə “20 ildən” sözləri “25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)” sözləri ilə əvəz edilsin;
- aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:
“5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:
5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;
5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.