Azərbaycan COP29-la bağlı maliyyə öhdəlikləri ilə yanaşı əlavə təşkilati xərcləri də üzərinə götürür

Bu gün, 12:34           
Azərbaycan COP29-la bağlı maliyyə öhdəlikləri ilə yanaşı əlavə təşkilati xərcləri də üzərinə götürür
Azərbaycan hökuməti Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) maliyyə öhdəlikləri ilə yanaşı, birbaşa və ya dolayısı ilə əlaqədar olan digər əlavə təşkilati xərcləri öz üzərinə götürür.

Bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Yerli media sənədə istinadən bildirir ki, müvəqqəti olaraq müəyyən edilən 5 milyon 811 min 800 ABŞ dolları miqdarında belə xərclərə katibliyin və konfransı planlaşdırmaq, xidmət göstərmək və ya iştirak etmək üçün təyin edilmiş Birləşmiş Millətlər Təşkilatının digər rəsmi şəxslərinin səyahət və işçi hüquqları ilə bağlı faktiki əlavə xərclər, o cümlədən bu Sazişin bağlanmasından əvvəl həyata keçirilənlər də daxil olmaqla, Konfransı planlaşdırmaq üçün tələb olunan hazırlıq texniki missiyalar üzrə xərclər və informasiya və kibertəhlükəsizlik və veb yayımı xidmətlərinin xərcləri aiddir, lakin bunlarla məhdudlaşmır.

Hökumət bu təxmin edilən məbləği vəsaitlərin köçürülməsi üçün Tərəflər arasında məktub mübadiləsi yolu ilə bağlanacaq ayrıca sazişə uyğun olaraq katibliyə köçürəcək.

Azərbaycan hökuməti COP29-un ümumi büdcəsini hələ açmayıb. İqtisadçı Natiq Cəfərli bir qədər əvvəl Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti COP29-un ümumi büdcəsi barədə hələ rəsmi məlumat yaymayıb.

“Təəssüf ki, bundan öncəki iki tədbirin büdcəsi ilə bağlı açıq mənbələrdə məlumat yoxdur. Amma daha öncəki tədbirlərə baxanda, ən ucuz tədbir keçirilən zaman ən azı 300 milyon dollara yaxın vəsaitin xərcləndiyi ilə bağlı açıq mənbələrdə məlumatlar var. Amma son tədbirlə bağlı belə məlumatlar yoxdur. Çünki tədbirin keçirildiyi ölkə daha açıq məlumat verməkdə o qədər də maraqlı deyildi. Ona görə də Azərbaycanla bağlı da hələ büdcənin ümumi məbləği məlum deyil. Amma bundan öncəki tədbirləri, Azərbaycanda keçirilən böyük və beynəlxalq əhəmiyyətli tədbirləri nəzərə alsaq, ölkənin və Bakı şəhərinin infrastrukturunu nəzərə alsaq, Azərbaycanın qəbul edən ölkə kimi böyük məbləğ xərcləməyə məcburiyyəti yaranacaq. Ən azı təqribən 800 milyondan 1 milyard dollara yaxın vəsaitdən söhbət gedir. Amma bu vəsaitin dəqiq məbləğini təbii ki, hökumət orqanları bilir”, o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.