Öyrənmək, heç olmasa olduğundan daha yaxşı görünmək üçün öyrənmək bu qədərmi çətindir? - Mehriban Vezir yazır

Bu gün, 00:09           
Öyrənmək, heç olmasa olduğundan daha yaxşı görünmək üçün öyrənmək bu qədərmi çətindir? -
Sərçə bazarı nə deməkdi, bilirsiniz, dünyanın hər yerində var. Yəni uzağı 2-3 saat çəkəcək. Erkən başlayıb günortaya bitəcək. Kəndli öz məhsulunu gətirib ucuza satacaq...
Ki... Bakıda market mafiyası bu qədim ənənəni bitirdi.
Lakin regionlarda qalır. Bu yay Xudatda yalnız bazar günləri olan Sərçə Bazarına getməli olurdum.
Bazarı dolaşmağı sevirəm. Dünyanın mühüm bazarlarından olan Qapalı Çarşı, Mısır Çarşısı, Təbriz, Tehran bazarları, Zənganın mis bazarı, Səmərqənd, Buxara, Almatı, Qahirə bazarlarını dolaşmışam... bazar möcüzədir, canlı tarixdir. Bu bazarlarda - bilinməyəni bilmirik - bilinən yaşı 500 olan dükanlar var... sanki dil açıb danışır.
Qayıdaq Xudatın hər bazar günü sübh başlayıb günortaya kimi bitən Sərçə Bazarına...
Öncə onu deyim ki, əgər bir vilayətdə idarəetməni bir baxışda görmək istəyirsənsə bazara get. Təkcə idarəetməni deyil, sosial vəziyyəti, ictimai münasibətləri də bazarda aydın şəkildə görmək olur. Məsələn, satıcıların məzlum görkəmi, ucdantutma dişsiz ağızlar, yer pulu verə biməyən qadınlar, onların üstünə şığıyan yekəqarın kişilər... lal hekayələrdir...
Hər dəfə bu bazara gedəndə düşünürdüm, görəsən bu qəsəbənin başçısı bu bazarın halını, bu tozu, bu pintiliyi, bu natəmizliyi... bu ayıbı görübmü?
Görübsə, dözübsə, dözürsə... çox pis. Demək, adam bu rəzalətlə razılaşır, çirkabla barış içindədir, bunu norma sayır.
Görməyibsə daha pis. Demək, adam tutduğu vəzifənin, idarə etdiyi torpağın dəyərini bilmir, insanını saymır. Dövlət vəzifəsinin bir fürsət olduğunu, bu fürsəti necə dəyərləndirməyin bütün gələcək nəslin, oğul-uşağın üzərində hansı təsirləri buraxacağından xəbəri yoxdur. `Gün bu gündür` nəfsini `gün bu gün deyil, bu günün sabahı var` fəlsəfəsinə çevirə bilməyib. Demək, adamın `Xalqın cəzalandıra bilmədiyini Xaliq cəzalandırır` dünyasından xəbəri yoxdur.
Nə isə...
Xudatın Sərçə Bazarını yaraşıqlı, təmiz, sahmanlı, muzey kimi bir bazar etmək üçün hər çür potensial var, məkan var, insan var, bazardan gələn gəlir var.
Daha nə lazımdır? Bir idarəetmənin daha nəyə ehtiyacı var ki, qəsəbənin bazarını abadlaşdırsın, yerə asfalt döşətdirsin, dəzgahlar düzdürsün, satıcılara önlük aldırsın?
Məncə, təməl ehtiyac mədəniyyətdir, görmüşlükdür, mədəni səviyyədir. Elə o üzdən də hər vilayətin idarəetmədəki mədəni səviyyəsini görmək üçün bazara gedin. Bir anda hər şey aydın olacaq.
Xudat bazarında qolçomaq kimi dolaşan şişman adamlar gördüm. İki qadını `yer pulu ver` deyə qısnamışdılar. Deyəsən, o qadınlar iki vedrə zoğalı ayaqüstü satıb qaçmaq istəyir, azacıq qazanca görə pul vermək istəmirdirdilər.
Ayaq saxlayıb bu deyişməyə tamaşa edirdim... əzablı idi. Qadınlar məzlum bir təbəssümlə içlərinə qısılmışdı, adam kükrəyirdi...
Demək, bu bazarda hər həftə yer pulu yığılır, təbii olaraq. Bəs bu pulları kim udur? Bu pul niyə bu bazarın abadlaşdırılmasına xərclənmir?
Xudatın Sərçə Bazarına hər bazar günü yerli, xarici Nabran istirahətçiləri, xüsusən yay aylarında minlərlə insan gəlir, bu bazarda hızlı bir alış-veriş var. Minlərlə insan toz-tozanağın içində, yarım-yamalaq dəzgahlarda, antisanitar bir şəraitdə... satır, alır...
Bu bazardan gələn gəliri yeyənlər isə bu mənzərənin rəzil mahiyyətini anlamırlar və bu rəzalətdən utanmırlar. Bu ayıbın ortada olmasından qəsəbə adına utanmırlar.
Görünür, idarəedən bu insanların bazar kültürü haqqında, `şəhərin qiymətini bazar` verər haqqında heç bir anlayışları yoxdur. Eləcə də, tutduqları vəzifə məsuliyyətləri, idarəetdikləri qəsəbə, o qəsəbənin əhalisi, gələni, gedəni... onların doymayan iştahları qarşısında xırda məsələdir.
Yoxsa, bu mənzərəyə necə dözmək olar?
Yolum Xudatın ənənəvi bazarına da düşdü bir dəfə. Bazarın ortası palçıq bataqlığı, kanalizasiya daşmış, üfunət bürümüşdü aləmi. Çamurun yaşıllaşmasından görünürdü ki, bu virus qaynağı dünənki məsələ deyil.
Bu idarəetmə sahiblərinin, bu dövlət məsuliyyəti olmayanların evlərinə, keçimlərinə, villalarına, arabalarına... tamaşa edin... düzdür, görmədim, amma hər halda təsəvvür etmək çətin deyil.
Bu ayrı-seçkilik nədir?
Dövlətə öz evi kimi baxmayan, vətəndaşı öz ailəsi kimi görməyən, başında durduğu qəsəbənin çirkabından utanmayan insanları haradan tapıb vəzifə verirlər... anlamaq olmur.
s.a. İstanbulda hər məhəllədə - Xudat qədər olan yüzlərlə məhəllədə həftənin bəlli bir günü bazar qurulur. Sərçə Bazarı kimi. Səliqə, nizam, təmizlik mükəmməl!
Niyə öyrənə bilmirsiniz?
Öyrənmək, heç olmasa olduğundan daha yaxşı görünmək üçün öyrənmək bu qədərmi çətindir?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.