AQTİ bir ay əvvəl yaranmış şirkətlə tender sövdələşməsi edib - Milyonluq birka əməliyyatı
Bu gün, 11:06

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) daha bir tenderə imza atıb. Tribunainfo.az xəbər verir ki, dünən qurum heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınmasına dair müsabiqəyə yekun vurub.
Bildirək ki, tenderin qalibi “PLASTPROF” MMC olub. Həmin şirkətlə 466 min 690 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, bu pullar 400 min cüt xırdabuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka və 3000 ədəd atlar və dəvələr üçün xüsusi tanınma nömrələrin (mikroçip) alınmasına xərclənəcək.
Qısa araşdırma zamanı məlum olub ki, AQTİ 12.07.2024-cü ilə tarixdə də eyni tender keçirib. Həmin vaxt da elə eyni şirkətlə satınalma müqaviləsi bağlayıb. Belə ki, xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması məqsədi ilə “PLASTPROF” MMC ilə 460 min 200 manata anlaşıb.
Həmçinin o da məlum olub ki, Qida Təhlükəsizliyi İnstitutu sözügedən şirkətlə bir satınalma müqaviləsi də 23.01.2024-cü ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə “Plastprof” MMC 589.964,6 manata iribuynuzlu heyvanlar üçün nömrələnmiş 500 min cüt vizual birka, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan 3 min ədəd radiotezlikli nişanlanma vasitələri ilə təmin etməli olub.
Bəs, “Plastprof” MMC kimə məxsusdur? Şirkət 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nazim Hikmət, ev 26/76, m. 30-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Hüseynov Mirhəbib Etibar oğlu olub.
Maraqlı məqamlardan biri də budur ki, “Plastprof” MMC Qida Təhlükəsizliyi İnstitutunun verdiyi müsabiqə elanından cəmi bir ay əvvəl – 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi isə 7 noyabr 2023-cü il tarixində elan olunub. Bu tələskənlik nə ilıə bağlıdır? AQTİ yenə hansı gizli işlərlə məşğul olur, bəlli deyil. Çünki bundan əvvəl də AQTİ-nin konkret olaraq eyni şirkətlərə onlarla tender verdiyi üzə çıxmışdı.